Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayonun daha bir kəndinə təbii qaz verildi.

30 dekabr 2014 | 16:00

 

2014-cü il xalqımızın yaddaşında ən uğurlu illərdən biri kimi qalacaqdır. Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövləti ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə yüksək inkişaf tempini qoruyub saxlamış, uğurlu inkişafını davam etmişdir. Ardıcıl olaraq həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafını sürətləndirməklə xalqımızın rifah halının daha da yaxşılaşmasına şərait yaratmışdır.

 2014-cü ildə Astara rayonunda sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ürəkaçandır. Geniş quruculuq və abadlıq işləri aparılmaqla yeni-yeni məktəb binaları, idman obyektləri inşa olunmuş, rahat yollar çəkilmiş, körpülər salınmışdır. Həyata keçirilən tədbirlər sırasında şəhər, qəsəbə və kəndlərin təbii qazla təmin edilməsi də vardır.   

Uzun illər idi ki, Züngüləş və Bəndəsər kəndlərinin sakinləri təbii qaz həsrəti ilə yaşayırdılar. Rayon İcra hakimiyyətinin başçısı kənd sakinləri ilə keçirdiyi səyyar qəbul və görüşlərdə vətəndaşlar əraziyə təbii qaz çəkilişi barədə müraciətlər edirdilər. 30 dekabr tarixində rayonumuzun dağlıq ərazilərindən olan Züngüləş kəndinə təbii qazın verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində bu kəndin sakinlərinə əvəzsiz bayram hədiyyəsi kimi unudulmaz anlar yaşatmışdır. Təbii qazın açılış tədbirinə yığışan sakinlərin çöhrəsində sonsuz bir sevinc var idi.

126 təsərrüfatı, 1000 nəfərə yaxın əhalisi olan Züngüləş kəndinə sovet dönəmində belə qaz xətti çəkilməmiş, sakinlər heç vaxt təbii qazdan istifadə etməmişlər. Son 10 ildə rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirdi. Nəhayət Züngüləş kəndi təbii qazdan istifadə edən rayonun 32-ci kəndi oldu.

Züngüləş kəndində təbii qazın açılış mərasiminə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə yanaşı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri, rayonun qaz təsərrüfatının əməkdaşları toplaşmışdı. 124 evə təbii qazın verildiyi bu gün kənd sakinləri üçün əsil bayram idi. 

Züngüləş kəndində keçirilən tədbiri Səncərədi inzibati dairəsi üzrə nümayəndəsi Zaur Həsənov açmış, kənd sakinlərindən Müzəffər İmaməliyev, Ağaxan Novruzov, Adilə Əliyeva və başqaları çıxış edərək  gözəl bayramlar  ərəfəsində insanlara belə bir xoşbəxtliyi bəxş etdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər son aylarda rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində geniş abadlıq işlərinin  görülməsini yüksək qiymətləndirmiş və bütün bunlara görə Ulu Öndər  Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm cənab prezident İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları, eyni zamanda əlamətdar hadisə-kəndə təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Rayon əhalisinin artıq 75 %-nin təbii qazdan istifadə etdiyini qeyd edən natiq bildirmişdir ki,  ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur, ayrı-ayrı yaşayış  məntəqələrində təkcə qazın verilməsi  deyil, digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.

Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin müstəqil Azərbaycanın çiçəklənməsi üçün  mümkün olan bütün tədbirləri həyata keçirdiyini qeyd edən icra başçısı, ölkə rəhbərinin rayonumuzun ucqar dağ kəndlərini əhatə edən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün vəsait ayırmasını möhtərəm Prezidentin astaralılara böyük diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulamış, rayonun bütün sakinləri adından bu diqqət və qayğıya görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, ölkəmizin inkişafı naminə gördüyü möhtəşəm işlərdə uğurlar arzulamışdır. Hazırda Züngüləş kəndi ərazisində “Astara-1” su elektrik stansiyasının tikintisinin davam etdiyini, Artupa kəndində yeni məktəb binasının tikintisinə başlanıldığını qeyd edən icra başçısı bütün bu işlərin əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən mühüm dövlət tədbirlərinin tərkib hissəsi olduğunu, gələcəkdə də bu kimi sosial layihələrin davam edəcəyini diqqətə çatdırmışdır.

Sonda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kəndə təbii qaz verilməsini nümayiş edən məşəli yandırmış, kənd sakini Səfər Səfərovun evində mavi yanacaqdan istifadə ilə bağlı xeyir-dua vermişdir.  

Keçidlər