Astara rayonunda 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə tarixə parlaq səhifə yazdılar.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 20 yanvar qırğınından 25 il keçməsinə baxmayaraq qədirbilən xalqımız hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
20 yanvar 2015-ci il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 25 il keçir. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.
Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilmiş, ruhuna dua oxunmuşdur.
Tədbir iştirakçıların ziyarəti ilə davam etmişdir.
Saat 12:00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.