Gündən-günə gözəlləşən ASTARA
Astara rayonunda şəhər, qəsəbə və kənd inzibati dairəsi üzrə nümayəndəliklərdə 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları yüksək mütəşəkkillik və siyasi fəallıq şəraitində keçirilir. Yığıncaqlarda ötən ildə görülmüş işlərə yekun vurulur, 2015-ci il üçün yeni vəzifələr müəyyənləşdirilir.
Yanvarın 28-də Astara rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, ölkə prezidenti İlham Əliyevin imzaladığı regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramları əsasında aparılan iqtisadi islahatlar Astara rayonunun, o cümlədən Astara şəhərinin dinamik inkişafında çox mühüm və əhəmiyyətli rol oynamışdır. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasını dəyişdirmiş, iqtisadi potensialını artırmışdır.
Məruzəçi bildirmişdir ki, Astara şəhərinin, ümumilikdə 1765 ha ərazisi vardır. Şəhərdə 4465 təsərrüfat, 23 küçə vardır, şəhərin əhalisi 17170 nəfərdir.
2014-cü ildə Astara şəhərində görülən işlərdən şəhərin Xəzər dənizi sahilində 8 ha sahədə salınan park-bulvarın tikintisi xüsusilə qeyd olunmalıdır. İllərlə bataqlıq və epidemiya mənbəyi olan bu əraziyə 250 min kub metr torpaq daşınaraq həmin sahə qurudulmuş, qısa müddət ərzində sahil boyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Bulvarda 14 min kv metr travertin materialı düzülmüş, işıqlandırma sistemi quraşdırılmış, iki ədəd su fontanı tikilmişdir. Bulvar ərazisində əyləncə mərkəzinin, çay evi və kafenin attraksionların quraşdırılması, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulmuşdur. Yaxın günlərdə inşası başa çatacaq dənizkənarı park-bulvar şəhər sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur.
Rayon Mənzil Kommunal Təmir Tikinti idarəsi şəhərdə təmizlik, abadlıq işlərinin aparılmasında, yaşıllıqların salınmasında, ictimai yaşayış binalarının təmirində xüsusi fəallıq göstərmişdir. İctimai yaşayış binaların və fərdi yaşayış evlərinin, küçə və səkilərin, idarə, müəssisə və təşkilatların ətraflarının sanitar təmizliyinin müntəzəm olaraq nəzarətdə saxlanılması üçün 2 ədəd zibildaşıyan maşından istifadə edilir. Su kanal idarəsinin kollektivi şəhər əhalisinin içməli su ilə təminatında, kanalizasiya xətlərinin və şamboların təmizlənməsində öhdəsinə düşən vəzifələri yerinə yetirməyə səy göstərmişdir. Heydər Əliyev prospektindən “Relaks” istirahət mərkəzinə 450 metr uzunluğunda su xətti çəkilmiş, Aydın Məmmədov küçəsində 4 mərtəbəli 50 ailəli binanın zirzəmi hissəsində su xətti yenidən qurulmuşdur.
Astara şəhərində dənizkənarı park-bulvarın ərazisində 1 km uzunluğunda yeraltı elektrik xətti çəkilmişdir. Rayon qaz istismarı sahəsinin Astara şəhəri üzrə 3912 abonenti vardır. Ötən il 1065 fərdi tənzimləyici quraşdırılmış, 59 ev qazlaşdırılmış, 1065 ədəd qaz sayğacı həyətlərdə çölə çıxarılmışdır.
Əvvəlki hesabat yığıncağında irəli sürülən təkliflərin icrası ilə əlaqədar bir sıra işlər görülmüşdür. Şəhərin Qum və Nizami küçələrində tikinti abadlıq işləri aparılmış, işıqlandırma sistemi yenidən qurulmuşdur. Şəhər ərazisindəki iki və çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadları yeni dizaynda təmir edilmişdir.
Hesabat yığıncağında şəhər 6 saylı tam orta məktəbin direktoru Aygül Məmmədova, şəhər 3 saylı körpələr evi – uşaq bağçasının müdiri Təranə Qurbanova, rayon Veteranlar şurasının sədri Rafiq Əliyev, Astara bələdiyyəsinin üzvü Məmməd Məmmədov, ağsaqqal Heybət Hüseynov, şəhər sakinləri Mircəfər Babazadə, Maarif Muradov yola saldığımız ildə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rayon mərkəzində geniş quruculuq və tikinti işlərinin aparıldığını, vətəndaşların qaldırdıqları təkliflərə həssaslıqla yanaşıldığını, əvvəlki hesabat yığıncağında qaldırılan məsələlərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlər görüldüyünü diqqətə çatdırmış, göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Hesabat yığıncağında çıxış edənlər 2014-cü ildə şəhər icra nümayəndəliyinin ərazisində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını diqqətə çatdırmış, şəhər 2 saylı tam orta məktəbin, 3, 4 saylı körpələr evi – uşaq bağçalarının əsaslı təmirə ehtiyacı olması, kitab evinin tikilməsi, ara yolların təmiri, icarəyə verilmiş torpaqlardan səmərəli istifadə edilməsinə kömək göstərilməsi, prospekt və küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıcı yol nişanlarının qoyulması və digər vacib məsələlər barədə təkliflər irəli sürmüşlər.
Hesabat yığıncağında Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının həyatında tarixi və əlamətdar hadisələrlə zəngin olan 2014-cü il hər birimizin yaddaşında əbədi iz qoymuşdur. Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə hazırkı maliyyə böhranı dövründə ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Yanvarın 27-də “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev demişdir ki, son illərdə 1 milyon 360 min yeni iş yeri açılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Azərbaycan Milli Ordusunun büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən 2 dəfə çoxdur.
İcra başçısı qeyd etmişdir ki, yola saldığımız il rayonumuzun bütün sakinlərinin, eləcə də şəhər əhalisinin həyatında əlamətdar hadisələrlə, yeniliklər və nailiyyətlərlə zəngin olmuşdur. Rayonumuzda son 5 ildə 60 km yeni asfalt yollar çəkilmişdir. Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Rayonumuzun yaşayış məntəqələrinin 70 faizi təbii qazla təmin olunmuşdur.
Məruzədə və çıxışlarda şəhər ərazisində aparılan geniş quruculuq işlərindən ətraflı söhbət açıldı. Dənizkənarı park-bulvarda aparılan geniş miqyaslı tikinti işləri qısa müddətdə başa çatdırılacaqdır. Burada salınan yaşıllıqlar ətrafa xüsusi gözəllik verir. Park-bulvar ərazisində uşaq idman akademiyasının yaradılması nəzərdə tutulmuşdur. Burada uşaqlarımızın idmanla məşğul olması üçün əlverişli şərait yaradılacaqdır. Astara həmişə öz güclü idmançıları ilə fərqlənmişdir. Yeni yaradılan akademiya uşaqlarımızın idmana marağını daha da artıracaqdır. Bu gün Astaraya gələn qonaqlar bu gözəl və yaraşıqlı diyara heyran qaldıqlarını etiraf edirlər. Astara şəhərinin daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf etməliyik. Təəssüf ki, min bir zəhmətlə yaradılan bu gözəlliyə, ictimai yaşayış binalarında aparılan yenidənqurma və əsaslı təmir işlərinə biganə qalan bəzi vətəndaşlarımız onların qorunması üçün səy göstərmirlər. Xüsusən mal-qarası olan vətəndaşlar yaşıllıqların mühafizə olunması üçün məsuliyyətlərini artırmalıdırlar. Ağsaqqallar və ziyalılar şəhərimizin abadlığının qorunması, yollarda təhlükəsizliyin təmin olunması məqsədi ilə geniş izahat və maarifləndirmə işləri aparmalıdırlar.
2015-ci ildə qarşıda bizi daha mühüm, daha şərəfli vəzifələr gözləyir. Bugünkü yığıncaqda qaldırılan təkliflərin bir çoxunun icrası ilə əlaqədar aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görüləcəkdir. İnanırıq ki, Astara şəhərinin daha da gözəlləşməsi üçün bütün vətəndaşlarımız birgə səy göstərəcəklər.