2014-cü il Kijəbə qəsəbəsi üçün uğurlu olmuşdur
29 yanvar 2015-ci il tarixdə rayon İcra hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişdir.
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rəfael Babayev hesabat məruzəsində 2014-cü ilin Respublikamızın, rayonumuzun və qəsəbənin tarixində ən uğurlu illərdən biri kimi yadda qalacağını qeyd etmişdir. Rayonda həyata keçirilən sosial layihələrin qəsəbədən də yan keçmədiyini qeyd edən ərazi nümayəndəsi Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi və qəsəbə sahə xəstəxanasının əsaslı təmirinin xüsusilə təqdirəlayiq olduğunu vurğulamış, bunların əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Hesabat yığıncağında çıxış edən Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, Kijəbə bələdiyyəsinin sədri Cahan Rəfiyeva, ağsaqqal Nəsrəddin Teymurov, Qəcimardə kənd sakini Vahid Ağahüseynov, qəsəbə sakini Oqtay Abdullayev, bələdiyyə üzvü Şahin Əmənullayev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bildirdilər. Əvvəlki hesabat yığıncağında qaldırılan məsələlərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin görüldüyü diqqətə çatdıraraq, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi barədə möhtərəm Prezidentin Sərəncamına görə müdrik ölkə başçısına təşəkkür və minnətdarlıqlarını ifadə etdilər. Çıxış edənlər Kijəbə qəsəbə tam orta məktəbin istilik sisteminin yaxşılaşdırılması, qəsəbənin bütün məhəllələrinə suvarma suyunun çəkilməsi, kənd ara yollarının təmiri barədə təkliflərini verdilər.
Hesabat yığıncağında Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin 2014-cü ildə dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir.
Dünyanın əksər ölkələrində iqtisadi, maliyyə böhranı davam etməsinə, neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu 144 ölkə arasında Azərbaycanı 38-ci yerə layiq görmüşdür.
Ardıcıl olaraq həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafını sürətləndirməklə xalqımızın rifah halının daha da yaxşılaşmasına şərait yaratmışdır. Azərbaycanın milli valyutası olan manatın məzənnəsi sabit qalmaqla, ötən il qeyri-neft sektoru təxminən 7 faiz artmış, ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuş, valyuta ehtiyatlarımız 50 milyard dolları ötmüşdür.
Ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə siyasi, iqtisadi sabitlik təmin edilmişdir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və ildən-ilə xalqımızın rifah halı yaxşılaşır. Ən ağır vəziyyətdə olan məcburi köçkünlərin problemləri də uğurla həll edilir. Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür.
2014-cü ildə Astara rayonunda da xeyli iş görülmüşdür. Ardıcıl olaraq şəhər, qəsəbə və kəndlərimizi möhtəşəm layihələr gözəlləşdirir. Bunun bariz nümunəsi olaraq 2014-cü ilin ən unudulmaz və tarixi hadisələrindən biri 21 yaşayış məntəqəsini əhatə edən 12 min nəfər əhalinin yaşadığı dağ kəndlərinə asfalt yolun çəkilməsidir. Ucqar dağ kəndlərinə rahat asfalt yolun çəkilişi həmin ərazilərin inkişafına, əhalinin maddi-rifah halının yüksəlməsinə şərait yaratmışdır.
Şəhərin Xəzər dənizi sahili boyu bataqlıqların qurudularaq 8 hektardan çox ərazidə müasir memarlıq üslubunda park-bulvarın tikintisi də ilin əlamətdar hadisələrindən biridir. Hazırda bulvar ərazisində tikinti-quraşdırma işləri davam etdirilir.
2014-cü il, “Sənaye ili”ndə rayonumuzun Telman kəndində yeni çay emalı fabrikinin və Züngüləş kəndi ərazisində “Astara-1” su elektrik stansiyasının tikintisi müvəffəqiyyətlə davam etmişdir. Möhtərəm Prezidentin kənd təsərrüfatı ili elan etdiyi 2015-ci ildə aqrar sahənin inkişaf etdirilməsi əsas məsələ kimi qarşıda durur. Rayon ərazisində olan əkinə yararlı torpaqlardan düzgün, təyinatı üzrə istifadə olunmalıdır. Bu istiqamətdə dövlətin öz yardımları, tədbirləri vardır. Hər əkilən sahəyə görə təsərrüfat rəhbərlərinə, əkin-biçinlə məşğul olan hər bir şəxsə çəkdiyi xərclərin müəyyən hissəsi subsidiya kimi ödənilir. Bununla əlaqədar tərəfimizdən də hər cür köməklik göstəriləcəkdir.
Burada qaldırılan məsələlərlə əlaqədar qeyd etməliyəm ki, Kijəbə qəsəbə tam orta məktəbinin istilik problemi tam həllini tapacaqdır. Burzubənd-Tüləgüvan-Qəcimardə-Təngərüd yolunun əsaslı təmiri Regionların Sosial-İqtisadi inkişafı Dövlət Proqramına salınmışdır. Bundan əlavə Kijəbə-Maşxan yolunun asfaltlaşdırılması, Burzubənd kənd tam orta məktəbin tikintisi, qazlaşdırmanın davam etdirilməsi, elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.
2015-ci ildə qarşıda duran bütün məsələlərin həllinə birlikdə göstərəcəyimiz əməli fəaliyyət nəticəsində nail olacağıq.