Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2014-cü ilin nəticələri müzakirə olunmuşdur

05 fevral 2015 | 16:00

Fevralın 5-də rayon İcra hakimiyyətində 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısı yanında Şuranın  yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilmiş, önünə tər güllər qoyulmuşdur.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və  2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Natiq məruzəsində qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin 2014-cü ildə dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunmuşdur.
Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, xüsusən də turizm sektorunun inkişaf etdirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların sürətli inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülüb. Həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində əhalinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasını əyani şəkildə görməkdəyik. 
Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması və regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi ölkənin hər yerində, rayonlarda, şəhər, qəsəbə və kəndlərdə tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Ardıcıl olaraq həyata keçirilən möhtəşəm layihələr şəhər, qəsəbə və kəndlərimizi gözəlləşdirir.
2015-ci ildə Birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, xarici qonaqlar Azərbaycanla daha yaxından tanış olacaq və Azərbaycanın uğurlu inkişaf modelinin bir daha şahidi olacaqlar.
Azərbaycan Respublikasının hər yerində olduğu kimi, rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin, əlamətdar hadisələrin   zəngin olduğu vurğulanmış, 2014-cü ildə rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli işlərin görüldüyü qeyd edilmişdir. Ötən ilin ən unudulmaz və tarixi hadisələrindən biri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynayan Deqədi-Pəlikəş avtomobil yolunun qısa müddətdə yüksək keyfiyyətlə tikintisi və asfaltlaşdırılması, bu yolda 2 yeni körpünün tikintisi olmuşdur. Keçilməz dağlıq əraziləri əhatə edən ucqar kəndlərə yeni asfalt yolunun həmin yaşayış məntəqələrinin inkişafına, əhalinin rahatlığının təmin olunmasına, maddi-rifah halının yaxşılaşmasına  hər cür şərait yaratmaqla yanaşı, turizmin inkişafı üçün geniş imkanlar açmışdır. Belə möhtəşəm bir layihənin ərsəyə gəlməsinə, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə  bütün Astaralılar adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü  və hədsiz minnətdarlığımızı bildiririk.  
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də xeyli iş görülmüşdür. Şəhərin Gənclər küçəsində 1,5 km, Suparibağ-Seləkəran kəndi ərazisində 1,5 km,  Kakalos kəndi ərazisində  1 km yol asfaltlaşdırılmış, Pensər – Qamışovka, Pensər-Şahağacı, Astara-Suparibağ-İstisu yolları asfalt-betonla təmir edilmişdir. Siyaku-Şağlazüzə, Siyaku - Marzəsəy avtomobil  yollarında 4 körpü tikilmişdir. Astara şəhərində Maliyyə İdarəsi üçün yeni  inzibati bina tikilib istifadəyə verilmişdir.
Rayon əhalisinin asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edən  şəhərin dəniz sahili boyu 8 hektar  sahədə park-bulvarın tikintisinə başlanmışdır. Burada bulvarın salınması üçün 300 min kub metrə yaxın torpaq daşınmış, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmış, müxtəlif növ ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır. Bulvarda 14 min kv metr travertin materialı düzülmüş, işıqlandırılma sistemi quraşdırılmış, 2 şəlalə və su fontanının tikintisi aparılır. Hazırda Bulvar  ərazisində Uşaq İdman Akademiyasının, mini futbol və voleybol meydançalarının, əyləncə mərkəzinin, çay evi və kafenin, uşaqların əylənməsi üçün attraksionların quraşdırılması, bulvarın yaxınlığında yaşayış massivinin və müasir tipli hotelin tikintisi davam etdirilir.
“Sənaye ili” çərçivəsində Züngüləş kəndi ərazisində   0.3 meqavat gücü olan “Astara-1” su elektrik stansiyasının və Telman kəndində yeni çay emalı fabrikinin tikintisi davam etdirilir. Çayçılıq sahəsində çox böyük imkanları olan yeni çay fabrikinin tikilməsi mühüm hadisədir. Bu əlavə iş yerlərinin açılmasına imkanlar yaradacaqdır. Son dövrdə rayonda 6498  iş yeri açılmış, bunun da 6082-si daimi iş yeridir. İl ərzində rayonda 625 yeni iş yeri açılmışdır.
2014-cü ildə əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda müəyyən işlər görülmüşdür. Züngüləş kəndinə yeni qaz xətti çəkilmiş  124 abonentə təbii qaz verilmişdir. Ötən müddətdə   514 evin qazlaşdırılması həyata keçirilmişdir.    
Telman kəndində paylayıcı qaz xətləri çəkilmiş, yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində hazırlıq işləri görülmüşdür. Təngərüd kəndində 80, Pensər kəndində 84, Kakalos kəndində 65, Balaca Şahağac kəndində 129 evin qazlaşdırılması həyata keçirilmişdir. 
Şəhərin Əhəd Muxtar, Nizami küçələrində, Heydər Əliyev prospektində və rayonun Maşxan, Şahağac, Şəvqo kəndlərində, Lovayın, Vaqo yaşayış məntəqəsində cəmi 9 müxtəlif gücdə yeni transformator quraşdırılmışdır.  Dənizkənarı bulvarın ərazisində 1 km məsafədə hava xətti yeraltı kabel xətti ilə əvəz edilmişdir. Ümumilikdə rayonun şəhər, qəsəbə və kəndlərində tamam yararsız olan elektrik xətlərində təmir bərpa işləri aparılmışdır.  
Əhalinin keyfiyyətli elektrik enerjisi ilə təminatı sahəsində müəyyən işlər görülsə də bu sahədə çatışmazlıqlar və nöqsanlar hələ də tam aradan qaldırılmamışdır. Elektrik  transformatorlarına texniki xidmət, qəza vəziyyətində olan  xətt təsərrüfatında vaxtında təmir bərpa işləri görülmədiyindən enerjinin verilməsində tez-tez fasilələr yaranır. Xüsusilə, ötən ilin oktyabr, noyabr, dekabr aylarında  rayonun əksər yaşayış məntəqələrində günlərlə elektrik enerjisinin  verilməsində fasilələr yaranmışdır. Elektrik şəbəkəsinin rəhbərliyi mövcud nöqsanların qısa müddətdə aradan qaldırılmasına nail olmazsa, edilən xəbərdarlıqdan ciddi nəticə çıxarmazsa onun barəsində daha təsirli tədbirlər görüləcəkdir. Rəhbərlik tabeliyində olan işçilərə qarşı  tələbkarlığı artırmalı, əhalinin enerji təminatının yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. 
2014-cü ildə əhaliyə göstərilən rabitə xidmətinin həcmi 681 min manat təşkil etmiş, bu da ötən illə müqayisədə 113 min 726 manat çox olmuşdur. Asxanakəran, Şiyəkəran, Şahağacı, Ojakəran, Şağlazüzə kəndlərinə yeni kabel xətti çəkilmişdir. Ötən il internet istifadəçilərinin sayı 2400 nəfərə çatmışdır.
İcra başçısı il  ərzində rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 7 sahibkara 86,7 min manat məbləğində güzəştli şərtlərlə kreditin verildiyini qeyd etmiş, nəticədə yeni iş yerlərinin artdığını vurğulamışdır.
Fermer təsərrüfatlarına və fiziki  şəxslərə 128 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılmışdır. 836 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına isə 94 min  manat dəyərində subsidiya  verilmişdir.
      Rayonun Şüvi və Ojakəran ərazisində çayçılıq təsərrüfatları yaradılmış, həmin təsərrüfatlarda 1 milyondan çox dibçəklərdə çay şitilləri yetişdirilmişdir. Yetişdirilmiş çay şitilləri  30 hektar yeni çay plantasiyaların yaradılmasına sərf olunacaqdır. Çay plantasiyalarından 308 ton yaşıl çay yarpağı yığılıb emal müəssisələrinə təhvil verilmişdir. Ümumilikdə 200 yeni iş yeri açılmışdır.
      1115 ha sitrus və subtropik meyvə bağlarından 32 min tondan artıq məhsul yığılmışdır.     
Ötən il 163 hektar  buğda, 147 hektar çəltik, 512 hektar paxlalı bitkilər, 233 hektar sahədə qarğıdalı əkilmişdir.
Hesabat ilində torpaqların təyinatı üzrə istifadə olunması, əkilib becərilməsi  sahəsində müəyyən işlər görülsə də, torpaqlardan səmərəli istifadə edilməsi qənaətbəxş olmamışdır. Bəzi yerlərdə torpaq qanunvericiliyi kobud surətdə pozulmuş, həmin torpaqlarda qanunsuz tikililər aparılmışdır. Tapşırılan işin öhdəsindən gəlmədiyinə, kollektivə rəhbərliyi təmin edə bilmədiyinə görə Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri tutduğu vəzifəsindən azad edilmişdir. Təyin olunmuş yeni rəhbərlik yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əməli tədbirlər görməlidir.
Suvarma Sistemləri İdarəsi əkin sahələrinin, yaşayış məntəqələrinin sel-sularından mühafizəsi üçün bir sıra tədbirlər görmüşdür. Alaşa, Artupa, Ərçivan, Kakalos, Bala Şahağacı, Şiyəkəran, Təngərüd və Pensər kəndlərində təsərrüfatların və yaşayış məntəqələrinin sel-sularından mühafizəsini təmin etmək məqsədilə ümumilikdə 95 min metr kanal palçıq və lildən təmizlənmişdir. 
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 380 ha sahədə  meşə bərpa tədbirləri görülmüş, o cümlədən 60 hektar sahədə əkin və  səpin yolu ilə meşə əkinləri aparılmışdır. Müəssisənin rəhbərliyi meşələrin qorunub mühafizə olunması, qanunsuz meşə qırıntılarının qarşısının alınmasına qarşı mübarizənin daha da gücləndirməsinə nail olmalıdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 8 min 712 ailə üzvünü özündə birləşdirən 1637 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Hər bir ailəyə düşən orta aylıq məbləğ 140 manatdır. Ünvanlı sosial yardım yalnız zəruri ehtiyacı olan aztəminatlı ailələr üçün nəzərdə tutulmuşdur. Təəssüflə qeyd etmək lazımdır ki, mərkəzdə vətəndaşlardan sənədlərin qəbulu zamanı bir sıra xoşagəlməz hallara rast gəlinir. Bəzən onların haqlı tələbləri vaxtında həll olunmur, süründürməçiliyə yol verilir. Yerlərdə araşdırmalar dəqiq aparılmır, ədalətlilik prinsipi pozulur. Nəticədə, rayon İcra hakimiyyətinə və digər yuxarı orqanlara mərkəzinin rəhbərliyi və əməkdaşlarının qanunsuz hərəkətləri barədə ərizə və şikayətlər daxil olur. Narahatçılıq doğuran əsas səbəblərdən biri də ünvanlı sosial yardımla bağlı müraciətlərə rayon icra hakimiyyəti işə qarışdıqdan sonra vətəndaşların haqlı tələbləri təmin edilir. Bu da onu göstərir ki, mərkəzdə vətəndaşların qanuni tələblərinin vaxtında təmin edilməsinə biganə yanaşılır, cavabdeh şəxslər barədə təsirli tədbirlər görülmür. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi göstərilən nöqsanları aradan qaldırmazsa, barəsində ən qısa müddətdə ciddi tədbir görüləcəkdir.
Ötən il rayonun təhsil işçiləri üçün də uğurlu olmuşdur. 164 məzunumuz respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayonun ümumtəhsil məktəblərində çalışan 1 müəllim “Tərəqqi” medalına, 3 müəllim “İlin ən yaxşı müəllimi” fəxri adına layiq görülmüşdür.
Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi kimi 10 min manat pulla mükafatlandırılmışdır. Bütün bu uğurlar təhsilimizə göstərilən dövlət qayğısının ən gözəl nümunəsidir.   
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” şüarı altında rayonun IX-XI sinif şagirdləri Gəncə şəhərinə səfəri təşkil olunmuşdur. Burada onlar Gəncənin qədim tarixi,  zəngin mədəniyyəti, sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olmuşlar.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Yerli büdcə hesabına Sipiyəpard kənd tam orta məktəbi təmir edilmiş, Suparibağ kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Əzərud və Anboba kənd ibtidai məktəbləri üçün  80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Sım və Artupa kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanmışdır.
Görülən işlərlə yanaşı ümumtəhsil məktəblərində təlim-tərbiyə və tədris işinin təşkili sahəsində bir sıra nöqsanlar da olmuşdur.  Ümumtəhsil məktəblərinin əsasən yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş deyildir. Dərs saatlarının ixtisaslar üzrə bölgüsündə, müəllim kadrlarının seçilib yerləşdirilməsində qeyri-obyektivliyə yol verilmişdir. Bu da həmin məktəblərdə təlim-tərbiyənin və tədrisin keyfiyyətinə mənfi təsir göstərmişdir. 
Rayon təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində təlim-tərbiyə və  tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məktəb direktorlarına qarşı tələbkarlığı artırmalı, bu sahədə yol verilmiş nöqsanları aradan qaldırması üçün lazımi tədbirlər həyata keçirməlidir.
Hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin edilmişdir. Kijəbə qəsəbə sahə xəstəxanası, Artupa həkim məntəqəsində təmir işləri davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ötən il fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi təmin edilmişdir. Bu müddət ərzində 56 min nəfər müayinəyə cəlb olunmuş, xəstəlik aşkar olunanlar respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.  Bu da əhalinin böyük rəğbətinin qazanılmasına səbəb olmuşdur. Bu il də artıq fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlanmış, müayinələr may ayının 1-nə kimi davam edəcəkdir. Bu işdə hamının fəal iştirak etməsi vacibdir.  
Ötən il səhiyyə xidmətinin təşkilində və  idarəetmədə nöqsanlara yol verildiyinə, tapşırılan işin öhdəsindən gəlmədiyinə görə Mərkəzi Xəstəxananın baş həkimi tutduğu vəzifəsindən azad edilmişdir. Ümid edirik ki, yeni rəhbərlik müalicə, müayinə və profilaktik tədbirlərin keyfiyyətini  yaxşılaşdırmaqla, əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə nail olacaqdır.   
Rayon mədəni-maarif müəssisələrinin kollektivləri yaşayış və sərhəd məntəqələrində, Bakı şəhərində və bir sıra rayonlarda keçirilən müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər.  Kakalos kənd Mədəniyyət evinin  “Əvəsor” xalq kollektivi Bakı şəhərində Novruz şənliyində, incəsənət festivalında, Masallı şəhərində Beynəlxalq Folklor festivalında iştirak etmiş, diploma layiq görülmüşdür. 
Bununla yanaşı rayonun bir sıra mədəni-maarif müəssisələrində əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi qənaətbəxş olmamışdır. Klub, kitabxana, mədəniyyət evlərində əmək intizamı və iş ahəngi günün tələblərinə cavab verməmişdir. Bəzi hallarda keçirilən kütləvi tədbirlər formal xarakter daşımışdır. Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi əhaliyə göstərilən mədəni xidmətin təşkilində dönüş yaratmalıdır.
Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilmişdir. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır. 
İcra başçısı daha sonra qeyd etmişdir ki, rayonda ideoloji işin təşkili, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin tövsiyə və  tapşırıqlarından irəli gələn vəzifələrin əhaliyə çatdırılması məqsədilə yaradılmış təbliğat qrupları yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində, idarə, müəssisə və təşkilatlarda ardıcıl olaraq tədbirlər keçirmişlər. Bura əhalinin bütün təbəqələrini cəlb etməklə yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli adət-ənənələrimizə hörmət ruhunda formalaşması istiqamətində tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik tam təmin edilmişdir.
  2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri uğurlu olmuşdur. Seçkilər demokratik prinsiplərə tam uyğun keçirilmiş bələdiyyə üzvlərinin keyfiyyət tərkibi gənclər hesabına xeyli yaxşılaşmışdır.  Fürsətdən istifadə edib yeni seçilmiş bələdiyyə üzvlərini təbrik edir, işlərində yeni uğurlar arzulayıram. 
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirilmişdir. Rayon İcra hakimiyyəti başçısının aparatı, şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 114 min 691 manat vəsaitin köçürülməsi təmin edilmişdir. 2014-cü il ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 532 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. 2014-cü ildə rayon ərazisində 191 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 86,6% təşkil etmişdir.
Ötən il fevral ayında bir qrup şəxslər rayonda sabitliyi, ictimai asayişi pozmaq məqsədi ilə şəhərin mərkəzi bazarında yanğın törədilmiş, sakinlərin əmlakına külli miqdarda ziyan dəymişdir. Təqsirkar şəxslərin bu günə kimi cəzasız qalması rayon ictimaiyyətini narahat edir. Rayon Polis şöbəsi qısa müddətdə təqsirkar şəxslərin müəyyənləşdirməsi istiqamətində lazımi tədbirlər həyata keçirməlidir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür. Bu da əvvəlki dövrlə müqayisədə edilən müraciətlərin sayının azalmasına səbəb olmuşdur.
2014-cü ildə rayon İcra hakimiyyətində 1122  ərizə və şikayət qeydə alınmış, o cümlədən onlardan 590-ı vətəndaşlardan, 532 ərizə isə yuxarı təşkilatlardan daxil  olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 316 ərizə və şikayət azalmışdır. Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 38 səyyar qəbul keçirilmiş, 186 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.
Rayon İcra hakimiyyəti “Dövlət qulluğu haqqında” və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. İlk növbədə işgüzar, bacarıqlı, təcrübəli, tapşırılan işin öhdəsindən layiqincə gələn, dövlətçiliyə sədaqətli gənc kadrların dövlət qulluğuna qəbul olunmasına xüsusi diqqət yetirilmişdir.
Ümumilikdə 2014-cü ilin uğurlu nəticələri, əlbəttə, qənaətbəxşdir. Lakin hələ görüləsi işlərimiz də çoxdur. Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. İlk növbədə rayon əhalisinin içməli su təminatı, Astara şəhərinin kanalizasiya sisteminin qurulması, Burzubənd-Tüləgüvan və Taxtanakəran-Miki-Toradi kəndlərarası yolların asfaltlaşdırılması, Düriyə-Şümrüd yolunun əsaslı təmiri, qazlaşdırılmamış yaşayış məntəqələrinə təbii qazın çəkilməsi, Astara və Pensər çaylarında sahilbərkitmə işlərinin aparılması, rayonun elektrik təsərrüfatının yenidən qurulması, ümumtəhsil məktəbləri, klub, kitabxana, mədəniyyət evlərinin, körpələr evi-uşaq bağçalarının tikintisi və əsaslı təmiri qarşıda duran ən vacib məsələlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı” ili elan etməsi kənd təsərrüfatının gələcək inkişafına böyük diqqət və qayğıdır. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaradır. Yaradılmış şəraitdən istifadə edib rayonda kənd təsərrüfatına yararlı torpaqların əkilib-becərilməsini təmin etmək məqsədilə bütün imkanlardan maksimum istifadə edilməlidir. Bu sahədə qarşıda duran mühüm vəzifələrdən biri rayonda müasir aqroparkın, iri fermer təsərrüfatlarının və kooperasiyaların yaradılmasıdır. Bununla əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail ola bilərik. İnanıram ki, rayon ictimaiyyətinin yaxından köməkliyi ilə qarşıya qoyulan bu mühüm vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
İcazə verin bütün astaralılar adından Möhtərəm cənab Prezident İlham Əliyevi bir daha  əmin edim ki,  xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə ona daim dəstək olacaq, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, həyat şəraitinin gündən-günə yaxşılaşdırılmasına nail olacaq, rayonumuzun abadlaşdırılması üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  bütün  qüvvələrimizi səfərbər edəcəyik.  
İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər. 
Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Rayon Polis şöbəsinin rəisi Adil Həsənov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, fermer təsərrüfatının rəhbəri Samir Mayılov, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev rayon Mərkəzi Xəstəxanasının həkimi Aytən Şiriyeva, Sım kənd tam orta məktəbinin müəllimi Nəbi Xalıqov tədbirdə çıxış etmiş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər. 
Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və Azərbaycan Respublikası Milli Məclisin deputatı Aslan Cəfərov çıxış edərək qeyd etmişlər ki,  keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük işlər görülmüş,    2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış, aparılan islahatlar daha da dərinləşmişdir. 
V.Bağırov qeyd etmişdir ki, ötən il ölkə iqtisadiyyatı üç faiz, qeyri neft sektorumuz yeddi faiz artmışdır. İnflyasiya çox aşağı səviyyədə  1.4 faiz  olmuş, əhalinin pul gəlirləri 4.7 faiz artmışdır. Son on bir ildə ölkə iqtisadiyyatına 180 milyard dollar,  2014-cü ildə isə 27 milyard dollar investisiya qoyulmuşdur. Valyuta ehtiyatlarımız da artaraq  50 milyard dollardan çox olmuşdur. Hazırda Azərbaycan dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkədir. Davos Dünya İqtisadi Forumu 144 dövlət arasında Azərbaycanı rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görmüşdür. Ötən il sosial obyektlərin inşası uğurla təmin edilmiş, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. 400 min insana ünvanlı sosial yardım verilir. 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. İşsizlik də 5 faizdən aşağıdır. 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi yaradılmış, 123 min iş yeri açılmışdır ki, bunlardan da   100 mini daimi iş yeridir. Ötən il Heydər Əliyev beynəlxalq aeroportu yenidən qurulmuş, Ələt beynəlxalq ticarət limanının  bərə terminalı, Şəmkirçay su anbarı, “Norm” sement zavodu istifadəyə verilmişdir. Ötən hesabat ilində ən uğurlu nəticələrdən biri də ikinci kosmik peykimizin orbitə buraxılması olmuşdur. Bu da onu göstərir ki, Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir.
  Ötən il 20 sentyabr tarixində Bakıda Avropanın ən böyük infrastruktur layihəsi olan “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı Azərbaycanın qarşıdakı onilliklərdə Avropa enerji təchizatında rolunun daha da artırılmasına, xalqımızın firavan yaşayışına əlavə imkanlar yaradacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan daim prinsipial mövqedə olmuşdur. Beynəlxalq hüquq normalarına əsaslanan mövqeyimiz işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən ibarətdir. 
Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Ardıcıl olaraq həyata keçirilən layihələr, şəhər, qəsəbə və kəndlərimizi gözəlləşdirir.
Son illər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhərində ilk dəfə olaraq  Birinci Avropa Oyunları keçiriləcəkdir. Bu tədbirdə iştirak edəcək İdmançılar, qonaqlar Azərbaycanla daha yaxından tanış olacaq və Azərbaycanın uğurlu inkişaf modelinin bir daha şahidi olacaqlar.
V.Bağırov  yola saldığımız 2014-cü ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.  
Sonda yığıncağın qətnaməsi qəbul edilmiş, iştirakçılar adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni oxunmuşdur.

Keçidlər