Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində səyyar qəbul və görüş keçirmişdir

05 mart 2015 | 16:00

Kakalos kəndi Astara rayonunun qədim yaşayış məntəqələrindən biridir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə Kakalos kəndindən əlavə Bala Şahağac, Kolatan və Qamışlı yaşayış məntəqələri daxildir. Nümayəndəliyin ərazisində 3 tam orta məktəb, 2 məscid,  mədəniyyət evi və klub, həkim və tibb məntəqələri, 83 kommersiya obyekti fəaliyyət göstərir.
Kakalos kəndinin mərkəzində əsaslı təmir edilmiş 1 saylı tam orta məktəbdə martın 5-də rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə görüşü keçirilmişdir.
İcra Hakimiyyətinin başçısı Q.Ağayev əvvəlcə tədbir iştirakçılarını salamlamış, bu günkü  görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədovun və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirak etdiklərini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi  üzrə nümayəndəsi Cəfər Əhmədov kənd sakinləri ilə görüşə gəldiklərinə  görə qonaqlara  minnətdarlığını bildirmiş, əvvəlki görüşdən sonra ərazidə görülən işlər barədə məlumat vermişdir.
Kənd sakinlərindən Xəlil Əhmədov, İqbal Rzayev, Allahverən Eynullayev, İzzət Şahverdiyev, Paşa Əkbərov və başqaları çıxış edərək son illərdə Respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən ətraflı söhbət açmış, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Görüş iştirakçıları razılıqla qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Astara rayonunda uğurla həyata keçirilir.  Son illərdə Astara şəhəri, qəsəbə və kəndlər öz simasını tamamilə dəyişmiş, yeni-yeni sosial obyektlər, səhiyyə, mədəni-maarif müəssisələri tikilib istifadəyə verilmiş, yolların təmirinə diqqət artırılmışdır. Xüsusən, kənd sakinlərinin xahişi nəzərə alınaraq Kolatan-Kakalos yolu asfaltlaşdırılmışdır.
Rayonda görülən geniş abadlıq və quruculuq işlərinə görə cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirən kənd sakinləri Kakalos kənd 2 saylı və Bala Şahağac kənd tam orta məktəbləri üçün yeni binaların tikilməsi, elektrik xətlərinin təmiri, bankomat qoyulması, aptekin fəaliyyət göstərməsi, həkim məntəqəsinin təmir edilməsi, Qamışlı sakinlərinin içməli suya olan ehtiyacının ödənilməsi və digər məsələlərin həlli ilə əlaqədar təkliflər vermişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov səyyar qəbula gələn kənd sakinlərini salamlayaraq gündən-günə gözəlləşən Astara rayonu haqqında xoş təəssüratlarını  diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının hər bir yerində olduğu kimi, Astara rayonunda da geniş abadlıq və quruculuq işləri əhalidə hədsiz sevinc və ruh yüksəkliyi yaratmışdır.  Son illərdə ölkəmizdə minlərlə yeni məktəb binası, yüzlərlə səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilmiş, infrastruktur layihələr həyata keçirilmişdir. Ölkə rəhbəri çalışır ki, hər bir vətəndaşımız inkişaf etmiş ölkələrin  vətəndaşları kimi xoş, firavan yaşasın. 10-15 il bundan əvvəl ölkədə elektrik enerjisi və təbii qazla təminatda olan ciddi problemlər əhalini narahat edirdi. Bu gün isə əhali inkişafdan yaranan problemlər haqqında təkliflər verir. Respublikamızın ən gözəl guşələrindən biri olan Astara rayonunda son illərdə aparılan genişmiqyaslı tikinti və quruculuq işləri bura gələnləri heyran edir. Rayonun demək olar ki, bütün qəsəbə və kəndlərinə gedən yollar asfaltlaşdırılmışdır. Xüsusən ucqar dağlıq ərazilərə yeni və rahat avtomobil yollarının çəkilməsi əhalinin böyük sevincinə səbəb olmuşdur. Astara şəhərində yeni salınan dənizkənarı park-bulvarla tanış olanlar heyranlıqlarını gizlədə bilmirlər. Bakı şəhərindəki bulvardan heç də fərqlənməyən bu ərazidə sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur. Əvvəllər kol-kos basmış bataqlıq ərazinin abadlaşdırılaraq belə bir yaraşıqlı park-bulvarın salınması astaralılara ən gözəl hədiyyədir.
H.Əzənmədov qeyd  etmişdir ki, bu gün keçirilən səyyar qəbulda çıxış  edən kənd sakinlərinin hər biri ölkə rəhbərinin xalqımızın rifah halının yaxşılaşdırılması üçün gördüyü işləri yüksək qiymətləndirərək möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər. Bu bir daha onu göstərir ki, astaralılar ölkə rəhbəri ətrafında sıx birləşməklə dövlətə və dövlətçiliyə daim sədaqətlidirlər. Əlbəttə burada qaldırılan problemlərin hər birini nəzarətə götürməklə icrası ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılacaqdır. Belə səyyar qəbul və görüşlər xalqla iqtidar arasında körpü rolunu oynayır. Biz bundan sonra da çalışacağıq ki, əhalinin tələb, təklif, tənqidi qeyd və iradlarına daha həssaslıqla yanaşaq, qaldırılan məsələlərin operativ həllinə nail olaq.
Astara rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək qeyd etdi ki, sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərə, ümumilikdə, bütün ölkədə geniş vüsətlə aparılan nəhəng tikinti işlərinə, mühüm infrastruktur layihələrinə, o cümlədən,  rayonumuzda aparılan geniş quruculuq və abadlıq işlərinə görə hamımız ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Görüş iştirakçıları tərəfindən qaldırılan bütün məsələlərə həssaslıqla yanaşacaq, onların həlli ilə əlaqədar aidiyyəti təşkilatlara tapşırıqlar veriləcəkdir.
Bala Şahağac və Kakalos kənd 2 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi barədə müvafiq sənədlər hazırlanmışdır. Kakalos kəndinə qonşu olan Pensər və Şiyəkəran kəndlərində  bankomat fəaliyyət göstərir ki, onun xidmətlərindən siz də istifadə edirsiniz. Gələcəkdə bu kənddə də bankomat yerləşdirilməsi məsələsinə baxılacaqdır. Əhalinin içməli suya olan ehtiyacının ödənilməsi məqsədilə konkret tədbirlər görülməsinə, Xanbulandan rayon mərkəzinə qədər su xətti çəkilişinə başlanılmışdır. Bu su xəttindən ətrafdakı kəndlərin əhalisi də istifadə edəcəkdir.
Rayonun yaşayış məntəqələrinə keçən əsrin altmışıncı illərində çəkilmiş elektrik xətlərinin istismar müddətinin qurtarmasına baxmayaraq görülən tədbirlər nəticəsində əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edildiyini qeyd edən icra başçısı, elektrik xətt  təsərrüfatının yeniləşməsi ilə əlaqədar dövlət tərəfindən xüsusi tədbirlərinin görüləcəyini nəzərə çatdırmışdır. İstifadə edilən enerji pullarının vaxtında verilməsi isə hər bir vətəndaşın borcudur.  
2015-ci il kənd təsərrüfatı ilidir. Bərəkətli torpaqlarımızdan səmərəli istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Fermerlərə, sahibkarlara, ümumiyyətlə, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara dövlət tərəfindən hər cür qayğı vardır. Bununla yanaşı müraciət edən sakinlərə tərəfimizdən də lazım olan köməkliklər göstəriləcəkdir.
Görülən hər bir iş, həyata keçirilən hər bir layihə əhalinin sosial-rifah halının yaxşılaşmasına, firavan yaşamasına xidmət etdiyindən bunların mühafizə edilməsinə hamılıqla səy göstərməliyik. 
İcra başçısı Q.Ağayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi H.Əzənmədov Telman kəndində inşa edilən çay emalı fabrikində tikinti-quraşdırma işləri ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişlər.

Keçidlər