Astara rayonunda Mədəniyyət və Turizm Nazirliyinin zona müşavirəsi keçirilmişdir
22 fevral 2012-ci il tarixdə Astara rayonunda Respublika Mədəniyyət və Turizm Nazirliyinin iş planına əsasən nazirin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə Lənkəran, Şirvan şəhər, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı, Sabirabad və Cəbrayıl rayon mədəniyyət işçilərinin iştirakı ilə 2011-ci il ərzində şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.
Nazirin birinci müavini Vaqif Əliyev, Astara rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov və müşavirə iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Rayon mərkəzi mədəniyyət evində təşkil olunmuş müşavirədə respublikanın 13 rayonunun mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ətraflı müzakirə olunmuş, problemlər və təkliflər dinlənilmiş, cari il üçün fəaliyyət proqramı müəyyən edilmiş, tapşırıq və tövsiyələr verilərək qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.
Müşavirədə Astara rayon icra hakimiyyətinin başçısı cənab T.Qaraşov çıxış etmiş, qonaqları salamlayaraq respublika rəhbərliyinin mədəniyyət və turizm sahəsinə diqqət və qayğısından, rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər və görülməsi nəzərdə tutulan işlərdən danışmışdır.