Astara rayonunda ağacəkmə kompaniyası davam edir
Elimizə, obamıza bahar gəlir. Torpaq qış yuxusundan oyanır, çöllər yaşıllaşır. Xalqımızın gözəl adət-ənənələri var. Onlardan biri də Novruz bayramı ərəfəsində təmizlik, abadlıq, yaşıllaşdırma işləri ilə məşğul olmaq, bağ-bağata qulluq etməkdir. Əhali torpağa üz tutur, bağları, bağçaları belləyir, əkin-səpin aparır.
Bu Novruz günlərində yurdumuzun hər yerində olduğu kimi, Astara rayonunda da ötən ilin sentyabr ayından başlayan ağacəkmə kompaniyası yenidən daha sürətlə davam etdirilir. Artıq bir neçə gündür ki, rayonun şəhər, qəsəbə və kəndlərində əhali hamılıqla əkin-səpin işlərinə başlamış, bütün yaşayış məntəqələrində kütləvi ağacəkmə kompaniyasına qoşulmuşdur.
Martın 12-də Astara rayonunun bütün idarə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri öz ərazilərində abadlıq, səliqə-sahman yaratmış, torpaqları yumşaldaraq əkinə hazırlamış, yüzlərlə yerli, ekzotik və bəzək ağacları əkmişlər.
Astara şəhərində, Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Siyaku, Şiyəkəran, Şuvi, Şahağac kəndlərində yerləşən park və xiyabanlarda səliqə-sahman yaradılmış, ağaclar əkilmiş, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilmişdir. Ağacəkmə kompaniyasında Meşə Mühafizəsi və Bərpası, Suvarma Sistemləri İdarəsinin, 52 saylı yol istismar sahəsinin və digər idarələrin, ümumtəhsil məktəblərinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin kollektivləri daha çox fəallıq göstərmişlər.
Novruz bayramına qədər rayonun bütün yaşayış məntəqələrində iməcilik yolu ilə ağacəkmə kompaniyası davam etdiriləcəkdir.