Astarada Novruz bayramı təntənəsi.
Bahar yurdumuza xoş qədəmlə gəlir. Hər yanda Novruz bayramının sevinci yaşanır. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə martın 14-də Astara rayonunda da Novruz bayramı şənliyi geniş şəkildə qeyd olundu.
Astara şəhəri Heydər Əliyev adına parkda şənliyə toplaşanların çöhrəsində sevinc aydın duyulurdu. Rayon mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblı, müğənnilər şən mahnılar, “Coşqun” rəqs qrupunun üzvləri milli rəqslər ifa etdilər. El pəhləvanı və idmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı. Milli bayramımızın əsas siması olan Bahar qızı faytonla izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil oldu. “Dədə Qorqud”un təbriki və “tonqalları yandırın” çağırışından sonra rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Novruz tonqalını yandırdı.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.