Novruz bayramı günlərində daha bir kəndə təbii qaz verildi.
Son illərdə ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da qazlaşdırma işləri yüksək sürətlə aparılır. Hazırda Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələri və əksər yaşayış məntəqələri tamamilə qazlaşdırılmışdır.
Novruz bayramı günlərində rayonumuzun daha bir yaşayış məntəqəsinə-Telman kəndinə təbii qaz verilməsi təmin olunmuşdur. Bu kənddə hətta Sovet dövründə belə təbii qaz xətti çəkilməmişdir. İllərdən bəri arzusunda olduqları mavi qazın alovlanması Telman kəndinin sakinləri üçün əsl Novruz hədiyyəsi olmuşdur.
Martın 22-də rayon mərkəzindən 30 km uzaqda yerləşən Telman kəndində əsl bayram əhval-ruhiyyəsi, bayram sevinci hiss olunurdu. Kəndin mərkəzində təbii qaz verilməsinə həsr olunmuş tədbirə toplaşan sakinlərin hər birinin çöhrəsində xoşbəxtlik duyğuları aydın görünürdü. Bu mərasimdə mötəbər qonaqların-Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin iştirak etməsi kənd sakinlərinin sevincini ikiqat artırmışdı.
Telman kəndinə təbii qazın verilməsinə həsr olunmuş tədbiri Astara Rayon İcra Hakimiyyəti başçısının Pensər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elşad Axundov açaraq son illərdə respublikamızda və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verdi. Telman kəndində 314 təsərrüfat və 1500-ə yaxın əhali vardır. Bu gün kəndə təbii qazın verilməsi əhalinin bayram sevinclərinə əlavə rəng qatmışdır. Kənd sakinləri onlara göstərilən bu qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Kənd ağsaqqalları adından çıxış edən Qasım Həsənov gələn qonaqları salamlayaraq Novruz bayramı günündə kənd sakinlərinə sevinc bəxş etdiklərinə görə onlara dərin təşəkkürünü çatdırdı.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsindən ətraflı söhbət açmışdır. Əhalinin təbii qazla təmin olunması sahəsində möhtərəm Prezidentimizin tapşırıqlarının yerinə yetirilməsi üçün ölkə miqyasında işlər sürətlə aparılır. Təkcə bu il Telman kəndindən başqa rayonun daha 3 kəndinə təbii qaz verilməsi təmin ediləcəkdir. Dağlıq ərazidə yerləşən rayon üçün bu yüksək göstəricidir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təbii qaz verilməsinə həsr olunmuş mərasimə gələn qonaqları salamlayaraq onlara minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu gün Telman kənd sakinləri üçün ikiqat bayramdır. Novruz bayramının ilk günlərində kənd sakinlərinin illərdən bəri həsrətində olduqları arzularına çatmaları böyük xoşbəxtlikdir. Təkcə son 2 il ərzində bu ərazidə müasir tələblərə cavab verən yeni məktəb binası tikilib istifadəyə verilmiş, asfalt yol çəkilmişdir. Hazırda Telman kəndində yeni Çay fabrikinin tikintisi başa çatdırılır. Çay fabrikin fəaliyyəti ilə əlaqədar yüzlərlə hektarda yeni çay plantasiyaları salınacaq, xeyli iş yeri yaradılacaqdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Astara və astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutudur. Bütün astaralılar adından möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Bu bayram günlərində hər bir evdə mavi qazın yanması ailələrə hədsiz sevinc bəxş edir. Bir daha əziz bayramınızı təbrik edir, hər bir ailəyə bol ruzi və bərəkət arzulayırıq.
Sonda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.