Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2015-ci ilin birinci rübünün nəticələri müzakirə olunmuşdur.

15 aprel 2015 | 15:00

Aprelin 15-də Astara rayon İcra hakimiyyətində 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, qeyri hökumət təşkilatların və ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.  

Tədbiri giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprelin 10-da Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, ölkədə ümumi daxili məhsul 5 %-dən çox artmış, qeyri neft sektorumuz 7 %, sənaye istehsalı 4 %, kənd təsərrüfatı isə 3 %-dən çox artmışdır. Əhalinin pul gəlirləri 5.3 % olmuşdur.  Birinci rübdə 30 minə yaxın iş yeri açılmışdır ki, bunun da 25 mini daimi iş yeri olmuşdur. Sosial öhdəliklər vaxtında yerinə yetirilmiş, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılaraq məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikintisi davam etmişdir. 

Artıq dünya birliyinin etibarlı üzvünə çevrilmiş ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Əsas problemimiz olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər davam etdirilir.

Enerji sektorunda 2 önəmli hadisənin xüsusilə qeyd edilməsinin vacibliyini diqqətə çatdırmışdır. Fevralın 12-də “Cənub” qaz dəhlizinin, mart ayında isə Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməli qoyulmuşdur.

“Cənub” qaz dəhlizi Azərbaycanın Avropada enerji sahəsində rolunu daha da artırır. İndi Azərbaycan Avropa komissiyasının önəmli tərəfdaşı kimi göstərilir. “Şahdəniz-2” layihəsinə də start verilmişdir. Eyni zamanda Azərbaycanı Gürcüstanla birləşdirən cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bu mühüm layihələr ölkəmizin sosial-iqtisadi və enerji siyasətində real gücünü göstərir.

İcra başçısı bildirmişdir ki, 2015-ci ilin birinci rübü Astara rayonu üçün də çox əlamətdar olmuşdur. Qazanılmış müvəffəqiyyətlərin 11 aprel 2015-ci il tarixdə rayonumuza səfər edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün olduqca sevindiricidir. Deqədi-Pəlikəş avtomobil yolunun, “Astaraçay”MMC – çay emalı fabrikinin, 1 km ərazini əhatə edən dənizkənarı Park-bulvar kompleksinin açılışında ölkə rəhbərinin iştirakı, rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşü və söhbətləri unudulmaz tarixi hadisəyə çevrilmişdir.  

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev rayonda aparılan tikinti-quruculuq abadlıq işlərinin sürətli inkişafından razı qaldığını  bildirərək bu işlərin davam etdirilməsi üçün “Astara şəhərində 860 şagird yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakaran-Miki, Taxtanakaran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə rayonunun sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayan yeni tarixi sərəncam imzalamışdır.

Bütün rayon ictimaiyyəti göstərilən bu qayğı və diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz razılıqlarını, dərin minnətdarlıqlarını bildirirlər. Rayon ictimaiyyəti göstərilən bu qayğı və diqqətdən fərəhlənir, böyük ruh yüksəkliyi ilə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər edir, göstərilən hörmət və ehtirama öz layiqli və əməli fəaliyyətləri ilə cavab verəcəkləri barədə müraciətlər edirlər.

Rayonda abadlıq-quruculuq işləri şəhər mərkəzi ilə yanaşı qəsəbə və kəndləri də əhatə etmişdir. Rayonun magistral yol boyu bütün ərazilərdə, qəsəbə və kənd ara yollarında təmir işləri aparılmış, hasarlar rənglənmişdir.

Rüb ərzində 298 evin qazlaşdırılması həyata keçirilmiş, 4575 pm müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılmışdır. Əhali abunəçiləri üçün 298 ədəd qaz sayğacı quraşdırılaraq sayğacların ümumi sayı 14 min 914-ə olmuşdur. Telman kəndində 250 evin qazlaşdırılması başa çatdırılmış, 22 mart 2015-ci il tarixdə kəndə qaz verilişinin açılışı olmuşdur. Qazlaşma işi davam etdirilir.

Rayonun şəhər, qəsəbə və kəndlərində 5 ədəd müxtəlif gücdə yeni transformator quraşdırılmış, 5 ədəd transformator isə təmir olunmuş, 11 min metr naqil və 8500 metr SİP kabel dəyişdirilmişdir. Ayrı-ayrı ərazilərdə 350 ədəd yeni elektrik dayaqları basdırılmışdır.

2015-ci ilin birinci rübündə suvarmaya hazırlıq məqsədi ilə Lovayın nasos stansiyasında cari təmir işləri aparılmış, Kijəbə, Şuvi, Ojakəran, Pensər, Şiyəkəran və Şahağacı təsərrüfatlarında müxtəlif diametrli su boruları təmir edilmiş, su ötürücü kanallar, kallektor-drenaj şəbəkəsi təmizlənərək işlək vəziyyətə gətirilmiş, sel sularının normal axıdılması təmin edilmişdir. Ümumilikdə rüb ərzində rayon üzrə 21 min 320 pm kanal lil və palçıqdan təmizlənmişdir.  

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilmişdir. Bu sərəncam regionlarda kənd təsərrüfatı məhsulları istehsalı üçün yeni stimul yaradır. Çayçılığın inkişaf etdirilməsi məqsədilə Telman kəndi ərazisində çay plantasiyaları salınmış, müasir suvarma şəbəkəsi quraşdırılmış, mini texnika ilə işin təşkili üçün şərait yaradılmışdır. Burada Koreya Respublikası şirkətinin layihəsi əsasında çay emalı fabriki inşa edilmişdir. Müəssisənin emal gücü gün ərzində 12 ton təşkil edir. Bu da çayçılığın daha da rentabelli sahəyə çevrilməsinə səbəb olacaq, Astarada çayçılığın əvvəlki şöhrətinin qaytarılmasına geniş imkanlar açacaqdır.

Rüb ərzində rayonda 2339 ha yaz əkini keçirilmişdir. Rüb ərzində mal-qara arasında qrafikə uyğun vaksinasiya aparılmış, heyvanlar arasında iti yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaq məqsədilə vaxtında profilaktik tədbirlər həyata keçirilmişdir.

Rayonun Sım kənd tam orta məktəbi üçün 180 şagird yerlik, Artupa kənd tam orta məktəbi üçün 360 şagird yerlik məktəb binalarının tikintisinə başlanmışdır. Hər iki məktəb binalarının tikintisi davam etdirilir.

Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Əhalinin dövrü tibbi müayinəsi aparılması” məqsədilə 4 həkim briqadası yaradılmışdır. Hesabat dövrü ərzində rayonun bütün yaşayış məntəqələrinin ərazisində yerləşən müəssisələrdə, ümumtəhsil məktəblərində 53 min 153 nəfərin müayinədən keçirilməsi təmin edilmişdir.

Rayonun mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin il dönümü, Xocalı soyqırımı, Azərbaycanlıların soyqırımı günü ilə bağlı rəsm və sərgilər, “Tariximizin qan yaddaşı” mövzusunda elmi-praktik konfranslar, məruzə və mühazirələr təşkil olunmuşdur. Mart ayının 19-da Bakı şəhərində ölkə Prezidentinin iştirak etdiyi Novruz bayramı şənliklərində rayonumuzun mədəniyyət işçiləri müvəffəqiyyətlə çıxış etmişlər. 

Rayonda  gənclərlə iş və idman sahəsində  39 tədbir keçirilmiş, bu tədbirlərdə 4450 nəfər gənclərin və idmançıların iştirakı təmin edilmişdir. İdmançılarımız respublika səviyyəli və beynəlxalq yarışlarda 34 medal qazanmışlar. Onlardan 16 qızıl, 10 gümüş və 8 bürünc medallardır.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini vermişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanmışdır.

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov, Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, 52 saylı yol istismar sahəsinin rəisi Qurban Əliyev çıxış etmişlər.

Rayon Ağsaqqallar şurasının sədri Hamlet Əliyev, şəhər 2 saylı tam orta məktəbin direktoru Maya Həsənova, Kijəbə qəsəbə sakini Əminə Həsənova, Hamoşam kənd sakini Asəf Abdullayev, Siyaku kənd sakini Fərrux Muradov  və başqaları çıxış edərək Möhtərəm cənab Prezidentin rayonumuza növbəti tarixi səfərini unudulmaz bir xatirə kimi yaddaşlarda qalacağını bildirərək, ölkə rəhbərinin Astaraya və astaralılara göstərdiyi bu yüksək diqqət və qayğıya görə sonsuz minnətdarlıqlarını vurğulamış, ölkə rəhbərinin hər bir çağırışına hər an hazır olduqlarını qeyd etmişlər. Astaralılar həmişə olduğu kimi bundan sonra da cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini birmənalı olaraq bildirdilər.

Sonda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2015-ci ilin birinci rübündə rayonda xeyli iş görülmüşdür. Hazırda qlobal layihələr həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişaf və geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yerlərdə keçirdiyimiz səyyar qəbullarda qaldırılan məsələlərin operativ şəkildə həll olunması, mövcud problemlərin ətraflı araşdırılıb aidiyyəti üzrə istiqamətləndirilməsi öz müsbət nəticələrini göstərir.  

Üç il bundan əvvəl bu zalda ilk dəfə ağsaqqallar, ziyalılar, gənclərin  nümayəndələri ilə görüşəndə təklif və problemlərinizi dinlədim. Həlli yollarını birgə axtardıq. Sevindirici haldır ki, həmin problemlərin demək olar ki, hamısı bu gün həllini tapmışdır. Verilən təkliflər, sadalanan problemlərdən daha artıq işlərin görülməsinə nail olmuşuq. Görülən işlər əlbəttə ki, ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin bizim birgə səylərimizlə həllini tapmışdır.  Bu işlərin bir qismini sadalamaq istəyirəm.

Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sosial məsələlərin həlli məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin 12 sərəncamı, son üç ildə isə 8 sərəncamı olmuşdur.

Ayrılan vəsaitlər hesabına Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkı genişləndirilərək yeni fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, 16 çoxmərtəbəli ictimai yaşayış binasının fasadı təmir edilmiş və dam örtükləri dəyişdirilmişdir. Şəhər 1 saylı tam orta məktəbin qarşısında tikinti və abadlıq işləri aparılmış, yeni bağ salınmışdır.

Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işləri başa çatdırılmış, yeni inventar və avadanlıqlarla təchiz edilmişdir.

Otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 13.5 km olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və uzunluğu 4 km olan Siyaku-Rinə avtomobil yollarının tikintisi və asfaltlaşdırılması başa çatdırılmış, Kijəbə qəsəbəsində Heydər Əliyev parkı salınmışdır.

 Astara Boks Mərkəzi, şəhərin mərkəzində 9 mərtəbəli və sərhədçilər üçün 6 mərtəbəli yaşayış binaları inşa edilmiş, 50 km-dən artıq kəndlərarası yol asfaltlaşdırılmış, ayrı-ayrı yaşayış məntəqələrində 11 körpü qoyulmuşdur.

Rayon Maliyyə idarəsi və 10-dan çox məktəb üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Hazırda Artupa və Sım kənd tam orta məktəbləri və Səncərədi kənd uşaq bağçası üçün yeni binaların  tikintisi davam etdirilir.

On iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi  və asfaltlaşdırılması başa çatdırılmış, şəhərin  dəniz sahili boyu 8 hektar ərazidə Park-bulvar və çimərlik,  tikilərək istifadəyə verilmiş, "Astaraçay” MMC üçün çay emalı fabriki inşa edilmişdir.

Rayon mərkəzi də daxil olmaqla 35 yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik təsərrüfatında təmir işləri aparılmış, yeni transformatorlar qoyulmuş, əhali dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur.

Bütün bunların gələcəkdə də rayonumuzda nəhəng layihələrin həyata keçirilməsi ümidini bir daha gerçəkləşdirdiyini qeyd edən İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırmışdır.

Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri, park-bulvarın ərazisinin genişləndirilməsi, yeni yaşayış kompleksinin salınması idman qurğularının quraşdırılması, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, Burzubənd, Ojakəran, Tüləküvan, Marzəsəy kəndlərinə qaz xəttinin çəkilməsi ilə qazlaşdırmanın 80 %-ə çatdırılması, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsinin təşkili, kooperasiyaların yaradılması qarşıda duran əsas vəzifələrdir.

Yaxın günlərdə ölkəmizdə mühüm beynəlxalq tədbirlərin keçirilməsi gözlənir. Bunlardan biri də iyun ayında Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunlarıdır. Bununla əlaqədar respublikamıza və rayonumuza çoxsaylı qonaqlar gələcəklər. Sevindirici haldır ki, Birinci Avropa Oyunlarının Məşəlinin alovlandırılması bizim rayonumuza da etibar edilib. May ayının 1-də rayonumuzda başlanacaq Məşəl Proqramı tədbirini yüksək səviyyədə keçirmək üçün hər birimiz öhdəmizə düşən vəzifələri layiqli şəkildə həyata  keçirməliyik.

Rayonumuzun daha da abadlaşması, əhalinin rifah halının yaxşılaşdırılması naminə nəzərdə tutulan layihələrin həyata keçirilməsinə birgə səy göstərməli, qurub-yaradılanları isə göz bəbəyi kimi qorumaq, hər birimizin vətəndaşlıq borcu və əsas vəzifəsi olmalıdır.

Keçidlər