Əhalinin tibbi müayinəsi mütəşəkkilliklə davam edir.
Son illərdə respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə konkret və əməli tədbirlər həyata keçirilir. Artıq ikinci ildir ki, bütün səhiyyə müəssisələrində qrafik əsasında vətəndaşların tibbi müayinəsinin aparılması kimi xeyirxah iş uğurla davam etdirilir.
Astara Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Əhalinin dövrü tibbi müayinəsi aparılması” məqsədilə 4 həkim briqadası yaradılmışdır. Hesabat dövrü ərzində rayonun bütün yaşayış məntəqələrinin ərazisində yerləşən müəssisələrdə, ümumtəhsil məktəblərində 55 min nəfərin müayinədən keçirilməsi təmin edilmişdir. Həkim briqadaları rayonun ucqar dağ kəndlərində olur, vətəndaşların dövrü tibbi müayinəsinin aparılması üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Rayon mərkəzi xəstəxanasının şöbə müdiri Gülnar Muxtarova söhbət zamanı bildirdi ki, həkim və tibb işçilərimiz əhalinin ümumi dispanserizasiyasının əhəmiyyətini aydın dərk edirlər. Ona görə də yerlərdə geniş izahat və maarifləndirmə işləri aparır, profilaktiki yoxlamalar keçirir, xəstəliklərin erkən aşkar edilməsinə nail olurlar. Həkimlərdən Rüfət Səmədov, Barat Sadıxov, Sevil Əliyeva, Fuad Səmədov, Tofiq İmamverdiyev və başqaları əhalinin yüksək səviyyədə tibbi müayinədən keçirilməsi üçün var qüvvələrini sərf edirlər.