Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ərçivan qəsəbəsində səyyar qəbul və görüş keçirilmişdir

23 aprel 2015 | 15:00

Astarada ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Rayonunun ən iri yaşayış məntəqələrindən olan Ərçivan qəsəbəsinin ərazisi 2243 hektar olmaqla on min nəfərə yaxın əhalisi vardır. Qəsəbədə 4 tam orta məktəbdə 1282 şagirdin təlim-tərbiyəsi ilə 208 müəllim məşğul olur. Ötən tədris ilində 18 məzun ali məktəblərə qəbul olunub. Qəsəbədə həkim məntəqəsi, körpələr evi-uşaq bağçası, iki mədəniyyət evi əhaliyə xidmət göstərir. Əhali əsasən heyvandarlıq, tərəvəzçilik və sitrusçuluqla məşğul olur. Nümayəndəlikdə 120-dən artıq sahibkar fəaliyyət göstərir.
Aprelin 23-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ərçivan qəsəbəsindəki mədəniyyət evində səyyar qəbul və görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan icra başçısı Q.Ağayev qəsəbə sakinlərini salamlamış, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırmışdır.
Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Cəbrayıl Salmanov əvvəlki səyyar qəbuldan sonra vətəndaşların müraciətləri əsasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Ərçivan qəsəbəsində magistral yol boyu küçə işıqları çəkilmiş, ərazidəki məktəblərə, mədəniyyət evlərinə və körpələr evi-uşaq bağçasına gedən yollar asfaltlaşdırılmış, 330 kv metr müasir tələblərə uyğun səki salınmışdır. Ərazidən keçən çayda və kəndarası kanallarda 17000 pm-dan çox  təmizlənmə işləri aparılmışdır. Hazırda bu işlər davam etdirilir. Qəsəbənin  qaz xətləri yenilənmiş, 1738 abonent mavi yanacaqdan və 1800 abonent elektrik enerjisindən istifadə edir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” QSM tərəfindən elektrik dirəkləri və transformatorlar quraşdırılır.
Qəsəbə sakinlərindən Əhməd Həsənov, Novruzəli Axundov, Səadət Məmmədov, Əli Əsədullayev və başqaları çıxış edərək son dövrdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində aparılan geniş abadlıq və quruculuq işlərindən, xüsusən Ərçivan qəsəbəsində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin yerinə yetirilməsindən razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Astara rayonuna səfəri, şəhərimizə gözəllik qatan dənizkənarı park-bulvar kompleksinin, Deqədi-Pəlikəş avtomobil yolunun və çay emalı fabrikinin açılışında iştirak etməsi rayonumuzun bütün əhalisi kimi, qəsəbə sakinlərinin də hədsiz sevincinə səbəb olmuşdur. Möhtərəm Prezidentin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə vəsait ayrılması astaralılara göstərilən diqqət və qayğının əyani sübutudur.  Bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə qəsəbə sakinləri adından minnətdarlıq ifadə edilmişdir. Çıxış edənlər qəsəbədə görülən işlərlə yanaşı, onları narahat edən problemlər - Ərçivan qəsəbə xəstəxanasının, 1 saylı tam orta məktəbin, körpələr evi və uşaq bağçasının təmiri, heyvandarlığın  inkişafı üçün örüş yerlərinin genişləndirilməsi, qəsəbə ərazisindəki kanalların təmizlənməsi və digər məsələlər barədə təkliflər vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərin ürəkaçan olduğunu, ölkəmizin gündən-günə artan uğurları ilə regionun aparıcı dövlətinə çevrildiyini diqqətə çatdırmışdır.
İcra başçısı Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlərin həyata keçirildiyini konkret faktlarla diqqətə çatdırmışdır. Ərçivan qəsəbəsində Astara Boks Mərkəzinin tikilməsi, Ərçivan-Şüvi-Qapçıməhəllə avtomobil yolunun  asfaltlaşdırılması və ərazidən keçən magistral yolun işıqlandırılması görülən işlərin bir hissəsini əks etdirir. Qəsəbə sakinlərinin müraciəti əsasında 4 saylı tam orta məktəbin istilik sistemi qaydaya salınmış, ara yollar asfaltlaşdırılmışdır. Ərçivan qəsəbəsi öz idmançıları ilə məşhurdur. Heç də təsadüfi deyil ki, beynəlxalq standartlara cavab verən Boks Mərkəzi məhz burada inşa edilmişdir. Hazırda həmin mərkəzdə müxtəlif yarışlar keçirilməklə gənclərin asudə vaxtlarının səmərəli təşkili həyata keçirilir. Boks Mərkəzində məşğul olan gənclərimizin idmanın ayrı-ayrı növləri üzrə respublika və beynəlxalq yarışlarda uğurla çıxış etmələri, Azərbaycan bayrağını yüksəklərə qaldırmaları bizi çox sevindirir. 
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsindən ötrü, aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını vermişdir.

Keçidlər