Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli Astarada

01 may 2015 | 15:00

Aprelin 26-da Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab  İlham Əliyevin Bakıda, qədim Atəşgah məbədindən Birinci Avropa Oyunları üçün götürdüyü alov Naxçıvan şəhəri, Lənkəran və Lerik rayonlarından sonra mayın 1-də Astara rayonuna gətirilmişdir.
Dünya tarixində ilk dəfə təşkil olunan Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsidir.
Müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı üçün də geniş imkanlar yaradılmışdır. Qısa müddətdə regionlarda 40-dan çox Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir.
Azərbaycanın idman şöhrətinin artırılmasına astaralı idmançılar da həmişə layiqli töhfələr vermişlər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, indi onların davamçıları olan ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci London Olimpiadasına iştirakçısı Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmışlar.
Ötən  dövr  ərzində Astara idmançıları  respublika  turnirləri, birincilikləri, çempionatları  və  beynəlxalq  yarışlarda   böyük uğurlar qazanmışlar. 
2014-cü ildə ümumilikdə Astara idmançıları 237 medal qazanmışlar. Bu medalların 95-i qızıl, 95-i gümüş, qalanları bürünc medallardır. Qazanılan medalların 13-ü beynəlxalq yarışların payına düşür. 
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin açılışında iştirak etdiyi Astara Olimpiya idman Kompleksi 2012-ci ildə, Astara Boks Mərkəzi 2013-cü ildə inşa edilərək istifadəyə verilmişdir. Bundan başqa rayonda   1 Uşaq Gənclər İdman Məktəbi, 1 Şahmat  məktəbi, 44  idman  zalı,   3 trenajor  zalı, ümumilikdə, 153  idman  qurğusu  və  mərkəzi  fəaliyyət  göstərir. Bu  obyektlərdə  8800 nəfəri qadın olmaqla 19355  nəfər  bədən  tərbiyəsi  və  idmanla  məşğul  olur. 3012  nəfər isə idmanın müxtəlif  növləri ilə  məşğul    olurlar. Bu idmançılarla  203 ixtisaslı idman mütəxəssisi məşğul olur. Onlardan  112  nəfəri  ali,  91  nəfəri  isə  orta  ixtisas  təhsillidir. Bu  kadrlardan  21   nəfəri  qadındır.
Son illər Astaranın idman həyatı bir sıra idman tədbirləri ilə zəngin olub. Təkcə 2014-cü  ildə  sərbəst  güləş, boks, həndbol, voleybol, atletika  idman  növləri  üzrə  respublika,  zona  birincilikləri və  çempionatları Olimpiya  İdman  Kompleksində və Boks  Mərkəzində yüksək  səviyyədə  təşkil  edilərək  keçirilmişdir.
Mayın 1-də Məşəl Dövlət Bayrağı Meydanından start götürmüşdür. Arif Qeybiyev, Bəsirə Əliyeva, Ülvin Qəmbərov, Anar Qulamov, Aytac Tağızadə, Qəhrəman Əhmədov, Mərziyə Məmmədova, İlham Sadıqzadə, Məhərrəm Ağayev və Fikrət Qafarov ümumilikdə, 3,3 kilometr məsafəni qət edərək ictimaiyyətin müşayiəti ilə Heydər Əliyev prospektindən keçməklə dəniz sahilində salınmış park-bulvarın ərazisinə daxil olmuş, Məşəli Fontan meydanına çatdırmışlar.
Fontan meydanında minlərlə insanın alqışları altında İlk Avropa Oyunlarının Məşəli kross qaçışı üzrə Azərbaycan rekordçusu, 16 dəfə Azərbaycan çempionu, 3 dünya, 3 Avropa çempionatının iştirakçısı və mükafatçısı Fikrət Qafarov  tərəfindən yandırılmışdır.
Olduqca xoş və qürurverici olan bu anlar uzun müddət astaralıların yaddaşından silinməyəcək.

Keçidlər