Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pensər kəndində səyyar qəbul və görüş keçirmişdir
Rayonumuzun ən iri yaşayış məntəqələrindən sayılan Pensər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 5500 nəfərə yaxın əhali, 1600-dən çox təsərrüfat vardır. Ərazidə 3 tam orta məktəb, xəstəxana, mədəniyyət evi və klublar, uşaq bağçaları, digər sosial obyektlər fəaliyyət göstərir.
Kənd sakinləri ilə görüşə gələn rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev tədbir iştirakçılarını salamlamış, onlarla görüşdən məmnunluğunu bildirmişdir.
Rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Axundov icra başçısı ilə ötən görüşdən keçən müddət ərzində ərazidə görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, Pensər çayında sahilbərkitmə işləri davam etdirilmiş, bununla əlaqədar ziyan çəkən kənd sakinlərinin problemləri aradan qaldırılmışdır. Ərazimizdə mühüm strateji əhəmiyyət kəsb edən çay emalı fabrikinin tikintisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astara rayonuna tarixi səfəri zamanı həmin müəssisədə işlərin gedişi ilə maraqlanması, ictimaiyyət nümayəndələri ilə səmimi görüşü bütün vətəndaşlarımızın hədsiz sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Əvvəlki görüşdə verilən təkliflərlə əlaqədar Çayoba kəndinə təbii qaz xətti çəkilmiş, yeni məktəb binası inşa edilmiş, kəndin mərkəzinə qədər avtomobil yolu asfaltlaşdırılmış, Pensər kənd 1 saylı tam orta məktəbə gedən yol təmir edilmişdir.
Çayoba kənd ağsaqqalı Qasım Həsənov çıxış edərək hələ Sovet dövründə qaz xətti çəkilməyən kəndə müstəqillik illərində əhalinin təbii qazla təmin edilməsini, müasir tipli yeni məktəb binasının və çay emalı fabrikinin tikilməsini yüksək qiymətləndirmiş, bütün bunlara görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə ictimaiyyət adından dərin təşəkkür və minnətdarlığını bildirmişdir. Səyyar qəbulda iştirak edən kənd sakinlərindən Şair Cahangirov, Bəsti Camalova, Şirvan İsayev, Mirzəməmməd Ağayev, Sərraf Axundov, Ceyran İbrahimova, Asif Əsədullayev və başqaları çıxış edərək vaxt tapıb kənd sakinləri ilə görüşə gəldiyinə, ötən qəbuldan sonra qaldırılan problemlərin həllinə görə icra başçısına təşəkkürlərini bildirmişlər. Kənd sakinləri Çayoba kənd uşaq bağçasının, Pensər kənd mədəniyyət evi və xəstəxananın, 1 saylı tam orta məktəbin, piyada körpüsünün əsaslı təmiri, 2 saylı məktəbin istilik sisteminin qaydaya salınması barədə təkliflər vermişlər.
İcra başçısı rayon Qaz İstismarı Sahəsinin rəisi Füzuli Məmmədova, rayon mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyevə, 52 saylı yol istismar sahəsinin rəisi Qurban Əliyevə 2 saylı tam orta məktəbin qazlaşdırılması, kənd xəstəxanasının və körpünün təmiri ilə əlaqədar tapşırıqlar vermişdir.
İcra başçısı Q.Ağayev çıxış edərək ötən müddət ərzində Pensər və Çayoba kəndlərində son dövrdə aparılan geniş abadlıq və quruculuq işləri, ümumilikdə rayonda sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar barədə geniş məlumat vermiş, bütün bunlara görə ulu öndər Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını diqqətə çatdırmışdır. Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən məlumatlı olduğunu qeyd edərək, onların həlli istiqamətində aidiyyəti təşkilatlar tərəfindən imkan daxilində əməli işlərin həyata keçiriləcəyini bildirmişdir.
İcra başçısı müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin ilbəil artdığını, ölkəmizin dünya miqyasında özünəməxsus layiqli mövqe qazandığını bildirərək, bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik fəaliyyətinin parlaq nəticəsi olduğunu qeyd etmişdir. Möhtərəm Prezidentimizin bu il aprelin 11-də Astara rayonuna səfəri, aprelin 13-də “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalaması onun Astara və astaralılara göstərdiyi diqqət və qayğının əyani sübutudur. Ucqar dağlıq ərazidə yerləşən Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edən möhtərəm Prezident rayonda aparılan geniş abadlıq və quruculuq işlərindən razılığını bildirmiş, illərdən bəri öz həllini tapmayan Taxtanakəran-Miki və Taxtanakəran-Toradi avtomobil yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncam imzalamışdır.
Ölkə rəhbərinin bu hədsiz diqqət və qayğısına əməli işimizlə cavab verməli olduğumuzu qeyd edən İcra başçısı, möhtərəm Prezidentimizin ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün tədbirlərdə həmişə olduğu kimi bundan sonra da yaxından iştirak etməyi hər birimizin əsas vəzifəmiz olduğunu diqqətə çatdıraraq bu işdə hamıya uğurlar arzulamışdır.