Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir

09 may 2015 | 15:00

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 9-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda minlərlə astaralı toplaşmışdır.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül dəstələri qoymuşlar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmış, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. 
Tədbiri giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların  yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi ehtiramla yad edilir.
Rayonumuzda hazırlanan geniş tədbirlər planına uyğun olaraq bütün idarə, müəssisə və təşkilatlarda, mədəni-maarif müəssisələrində ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibəti ilə geniş tədbirlərin keçirilməsi ümumxalq məhəbbətinin təzahürüdür. 
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Xatırlatmaq istəyirəm ki, ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.
1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.
1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.
Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin xalq arasında böyük nüfuzundan xoflanan qüvvələr onu müxtəlif bəhanələrlə sovet idarəçiliyindən uzaqlaşdırmağa nail oldular. Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu. Qanlı 20 yanvar faciəsi törədilən zaman  Moskvada yaşayan Heydər Əliyev özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın burada fəaliyyət göstərən daimi nümayəndəliyinə gəldi və dünyanı silkələyən siyasi bəyanatla çıxış etdi.   
Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçilməklə həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respubilikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümüd və həyat vermişdir. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli  bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı.  Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər,  yəni 2003-cü ilədək memarı olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Təcrübəli dövlət xadimi, bütün zamanların görkəmli siyasətçisi, dünya şöhrətli ümumbəşəri insan olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik.
Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Bu gün Müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycan sabit sülh siyasəti yeridən mütərəqqi dövlətlərin etibarlı tərəfdaşına çevrilmişdir. Müxtəlif sahələr üzrə keçirilən beynəlxalq tədbirlərin və tarixdə ilk dəfə təşkil olunan Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi də məhz, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsi, həyata keçirilən məqsədyönlü siyasətin böyük təntənəsidir
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ad günü  hamımız üçün böyük sevinc və böyük bayramdır. Bu münasibətlə mən hamınızı ürəkdən təbrik edirəm.
Ulu Öndərin həyat və fəaliyyəti haqqında Suparibağ kənd tam orta məktəbin müəllimi Kəmalə Nəsirovanın məruzəsi dinlənilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Aliyə Cavadova,  Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova,  Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Anar Baxşıyev, Rayon Mərkəzi Kitabxananın direktoru, YAP Astara rayon Gənclər Birliyinin sədri Tural Eyvazov, rayon Gənclər və İdman idarəsinin məsləhətçisi Fikrət Qafarov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləmişlər.
Sonda İcra hakimiyyətinin başçısı Q.Ağayev  Yeni Azərbaycan Partiyasının  sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük biletlərini təqdim etmişdir.

Keçidlər