Astara rayonunda 9 may Qələbə günü təntənə ilə qeyd olundu
1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri, M.Cəbiyev və İ.Kaverinin məzarları önünə, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş astaralı şəhidlərin xatirə lövhələrinin qarşısına əklil və gül dəstələri qoymuşlar.
Ziyarət başa çatdıqdan sonra müharibə veteranları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri və xidmət təşkilatlarının nümayəndələri ilə söhbət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.
Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev çıxış edərək müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonda İcra başçısı Q.Ağayev müharibə iştirakçılarına “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalını təqdim etmiş və qələbə münasibəti ilə onları bir daha təbrik etmişdir.