Astara rayonun Şiyəkəran kəndində səyyar qəbul və görüş
Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi rayonun ən böyük yaşayış məntəqələrindən sayılır. 5700 nəfərdən çox əhalisi olan bu kənddə 1850 təsərrüfat vardır. Ərazidə 2 tam orta məktəb, 1 körpələr evi – uşaq bağçası və digər sosial obyektlər, 6 fermer təsərrüfatı, 600 hektar əkin sahəsi mövcuddur.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev mayın 21-də Şiyəkəran kəndində səyyar qəbul və görüş keçirmişdir. Tədbirdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. İcra başçısı kənd sakinlərini salamlamış, burada keçirilən növbəti səyyar qəbul və görüşdən məmnunluğunu bildirmişdir.
Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Əliyev çıxış edərək ərazidə son aylarda aparılan geniş quruculuq və abadlıq işləri, Şiyəkəran kəndində əhalinin sıx yerləşdiyi məhəllədə yerləşən 1 saylı tam orta məktəbə gedən yolun asfaltlaşdırılması, 2 saylı tam orta məktəbdə təmir işlərinin aparılması, kənddə telefon xətti çəkilişinin davam etdirilməsi barədə ətraflı məlumat vermişdir.
Şiyəkəran kənd ağsaqqalı Hacı Əsgər Zeynalov çıxış edərək son aylarda rayonumuzun şəhər, qəsəbə və kəndlərində geniş abadlıq və quruculuq işlərindən, ucqar dağlıq ərazidə yerləşən kəndlərə asfalt yol çəkilişindən, xüsusən Astaranın bəzəyinə çevrilmiş dənizkənarı park-bulvarın tikintisindən ətraflı söhbət açmış, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə görülən bütün işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
Şiyəkəran kənd 2 saylı tam orta məktəbin müəllimi Həbib Həbibov, məktəbin direktoru Xalidə Babayeva və başqaları çıxışlarında ərazidə aparılmış sahilbərkitmə, yol abadlıq işlərindən razılıqlarını qeyd etmiş, təhsildə, xüsusən hərbi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılan uğurlardan danışmışlar. Çıxış edənlər Şiyəkəran kənd 1 saylı tam orta məktəbin, ərazidəki körpülərin əsaslı təmiri, Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin qazlaşdırılması barədə təkliflər vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirin sonunda çıxış edərək son aylarda respublikada, rayonda və eləcə də Şiyəkəran kəndində aparılan geniş quruculuq və abadlıq işləri barədə məlumat vermiş, bütün görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətinin parlaq nəticəsi olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə əlaqədar həyata keçirildiyini xüsusi vurğulamışdır.
Rayonumuzun hər yerində olduğu kimi, Şiyəkəran kəndində də mövcud problemlərin əksəriyyəti öz həllini tapmışdır. Bütün bunlarla birlikdə az da olsa həllini gözləyən problemlər vardır. Şiyəkəran kənd 1 saylı tam orta məktəbin əsaslı təmiri Dövlət Proqramına salınmış, körpülərin təmiri, yaxud yenidən tikilməsi ilə əlaqədar aidiyyəti üzrə təşkilatlara müraciət edilmişdir. 2 saylı tam orta məktəbin qazlaşdırılması ilə əlaqədar rayon Qaz İstismar Sahəsinin rəisi Füzuli Məmmədova tapşırıq verilmişdir.
İcra başçısı Qəzənfər Ağayev son illər ölkəmizdə və doğma Astaramızda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan ətraflı söhbət açmış, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi məsələsinin vacibliyini diqqətə çatdırmış, səyyar qəbul zamanı qaldırılan bütün məsələlərin vaxtında və operativ şəkildə həll olunması üçün konkret tədbirlərin görüləcəyini bildirmişdir.