Artupa kənd sakinləri ilə görüş
Artupa kəndi əhalisinin sayına və ərazisinə görə Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan 5 kəndin ən böyüyüdür. Kənddə 549 təsərrüfatda 2152 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çəltikçilik, heyvandarlıq və sitrusçuluqdur.
09 iyun 2015-ci il tarixdə Artupa kənd tam orta məktəbi üçün inşa edilən yeni məktəb binasının həyətində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə görüş və səyyar qəbul keçirmişdir. Görüşdə Artupa kənd sakini, ağsaqqal Qarakişi Əsədullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Respublikamızın son illərdə inkişafın yüksək mərhələsinə çatdığını, bu inkişafın regionlarda da hər addımda müşahidə edildiyini qeyd etmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlığını bildirərək, müstəqil dövlətimizin inkişafı naminə gördüyü işlərdə ən yaxın köməkçi olacaqlarını vurğulamışdır. Kənd sakinlərindən Fəxrəddin Məhərrəmov, Hökumə Əliyeva, Elnaz Paşayeva və başqaları da çıxışlarında Artupa kəndində və ümumilikdə nümayəndəliyin ərazisində aparılan tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti və rayon rəhbərliyinə minnətdarlıq etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüşə görə kənd sakinlərinə minnətdarlıq edərək qeyd etdi ki, ötən müddət ərzində nümayəndəliyin kəndlərində vaxtaşırı əhali ilə keçirdiyi səyyar qəbul və görüşlərdə sakinlərin arzu və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar vermiş və buna nail olunmuşdur. Bunun nəticəsidir ki, ərazidə həllini gözləyən qlobal problemlər qalmamışdır. Bütün kəndlərə qaz və fasiləsiz elektrik enerjisi verilməsi təmin olunmuş, əsas yollar asfaltlaşdırılmış, yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda Artupa kəndində 360 şagird yerlik yeni məktəb binası və Səncərədi kəndində uşaq bağçası üçün yeni binanın tikintisi, İstisu ərazisində “Astara-1” kiçik su elektrik stansiyasının inşası müvəffəqiyyətlə davam edir.
Ölkəmizdə, o cümlədən, rayonumuzda həyata keçirilən tədbirlər yalnız bununla məhdudlaşmır. Yollar asfaltlaşdırılır, xəstəxana binaları, idman kompleksləri, mədəniyyət sarayları və başqa obyektlər inşa edilərək əhalinin istifadəsinə verilir. Bu gün təkcə şəhər və qəsəbələr deyil, ən ucqar kəndlər də sürətlə inkişaf edir. Bunu rayonumuzun timsalında aydın görə bilərik. Rayonumuzun ən ucqar dağlıq ərazisi olan Pəlikəş kəndinə asfalt yol çəkilmiş, bu istiqamətdə yerləşən 21 kəndin əhalisinin uzun illər çəkdikləri əziyyətə son qoyulmuşdur. Daha ucqar dağ kəndləri olan, mürəkkəb relyef şəraitinə malik Taxtanakəran-Miki, Taxtanakəran-Toradi kəndlərinə asfalt yolların çəkilişinə başlanmışdır ki, bu yoldan 38 kəndin 12 min nəfərdən çox əhalisi istifadə edəcəkdir. Böyük maliyyə və zəhmət tələb edən bu işlərin reallaşmasını əhali möcüzə adlandırır və bu cür, uzun müddət həllini gözləyən sosial layihələrin reallaşmasına görə ölkə Prezidentinə böyük hörmət və ehtiramlarını bildirirlər.
Bütün bunlar azad, müstəqil ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsi, rifah halının yaxşılaşdırılması, firavan yaşaması üçündür. Bu inkişafın, bu tərəqqinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir.
Ölkəmizin iqtisadi gücü artdıqca vətəndaşlarımızın firavan yaşaması üçün daha yeni layihələrin həyata keçiriləcəyini qeyd edən İcra başçısı Qəzənfər Ağayev böyük inkişaf və tərəqqi yolunda olan ölkəmizin daha da çiçəklənməsinə birliyimizlə, mətin iradəmizlə, dövlətə və dövlətçiliyimizə, Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla həyata keçirən ölkə rəhbərimizə olan sədaqətimizlə nail olacağımızı diqqətə çatdırmış, bu yolda sakinlərin hər birinə uğurlar arzulamışdır.
Sonda İcra başçısı məktəbin tikintisini həyata keçirən inşaatçılarla görüşərək tövsiyə və tapşırıqlarını vermişdir.