Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Bəndəsər yaşayış məntəqəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə görüşü

20 iyun 2015 | 15:00

         Müalicəvi suları ilə məşhur olan İstisu yaxınlığında yerləşən Səncərədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəndəsər yaşayış məntəqəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin səyyar qəbulu və görüşü keçirilmişdir.

         İcra nümayəndəsi Zaur Həsənov çıxış edərək 35 təsərrüfatı və 200 nəfərə yaxın əhalisi olan Bəndəsər yaşayış məntəqəsində son aylarda görülən işlər barədə məlumat vermişdir. Ucqar ərazidə yerləşməsinə baxmayaraq bu yaşayış məntəqəsinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Ərazidə Su Elektrik  Stansiyasının tikintisinin aparılması xeyli kənd sakininin işlə təmin olunmasına şərait yaratmışdır.

         Bəndəsər sakinlərindən Barat İmaməliyev, Xanış Bayramov, Elman Əliyev, Heybət Şiriyev, Solmaz Məcidova, Şahüseyn Əhədov, Hədiqə Əliyeva, Nuridə Eyvazova, Aynur Eyvazova və başqaları çıxış edərək ucqar ərazidə yerləşən yaşayış məntəqəsinin sakinləri ilə görüşə gəldiyinə görə icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə nəinki paytaxt və iri şəhərlərdə, hətta ən ucqar əyalətlərdə belə geniş abadlıq və quruculuq işləri aparılır. Nümayəndəliyin ərazisində - Artupa kəndində yeni məktəb binası, Səncərədi kəndində uşaq bağçası, Züngüləş kəndində Su Elektrik Stansiyası tikilir. Bəndəsər əhalisi əvvəllər təsəvvürünə belə gətirməzdi ki, bu əraziyə təbii qaz xətti çəkilə bilər. Əvvəlki səyyar qəbulda qaldırılan bu təklif qısa müddətdə rayon rəhbərliyi tərəfindən icra edildi. İndi kənd əhalisi təbii qazdan istifadə edir. Çıxış edənlər bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə bütün sakinlər adından minnətdarlıqlarını və hədsiz məhəbbətlərini diqqətə çatdırmışlar.

      Səyyar qəbulda çıxış edənlər ərazidə əhalinin istifadə etdiyi körpünün və yolun təmiri, pay torpaqlarının yerinin dəqiqləşdirilməsi, Bəndəsər yaşayış məntəqəsinə qədər avtobus marşrutunun açılması, sosial yardım və digər məsələlərin həllinə kömək göstərilməsi barədə təkliflər irəli sürmüşlər.

         Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bu görüşdən məmnun qaldığını bildirmiş, təbiətin gözəl guşəsində yerləşən bu yaşayış məntəqəsində heyvandarlığın, sitrusçuluq və arıçılığın inkişafı sahəsində kənd sakinlərinin qazandığı uğurlardan razılığını ifadə etmişdir. Ötən səyyar qəbuldan sonra Bəndəsər əhalisinin təbii qazla təmin olunması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırdığını və icrası üçün konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Körpünün təmiri və avtobus marşrutunun açılması, digər mövcud problemlərin həlli istiqamətində konkret tədbirlər görüləcəyini bildirmişdir. İcra başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın sürətli inkişafından, bütün dünyada Azərbaycanı tanıdan və nüfuzunu daha da artıran “Bakı-2015” Birinci Avropa Oyunlarında idmançılarımızın qazandıqları yüksək nailiyyətlərdən  söhbət açmışdır.

         İcra başçısı Qəzənfər Ağayev səyyar qəbul görüşdən sonra İstisu ərazisində tikilən Su Elektrik Stansiyasının tikintisi ilə tanış olmuşdur. 

Keçidlər