Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kənd Təsərrüfatı naziri Heydər Əsədov “Astaraçay” MMC-nin çay fabrikində

25 iyun 2015 | 15:00

Cənub bölgəsinə səfər edən Kənd Təsərrüfatı naziri Heydər Əsədov iyunun 25-də “Astaraçay” MMC-nin yeni istifadəyə verilmiş çay fabrikində olub. Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev   fabrikdə emal prosesinin işə salınma mərasimində  iştirak ediblər.

Rəmzi düymə basıldıqdan sonra fabrikdə yaşıl çay yarpağının emalı prosesinə  başlanılıb. Mərasim iştirakçıları çay emalı fabrikinin ərazisi və istehsal prosesi ilə tanış olublar.

Məlumat üçün qonaqlara bildirilib ki, fabrik Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilib. Qonaqlara fabrikin istehsal texnologiyaları, çay emalının soluxma, qurutma, burma, fermentləmə, sortlaşdırma prosesləri haqqında məlumat verilib.

5 hektar əraziyə malik olan müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq nəzərdə tutulur.

Müasir standartlar səviyyəsində qurulan çəkici-bükücü sexdə 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Ümumən təsərrüfatda mindən artıq işçi çalışacaq.

Mərasim iştirakçıları çay muzeyi, dequstasiya zalı və çay evi ilə tanış olublar.

 Kənd Təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırıq, göstəriş, eyni zamanda qayğısı nəticəsində çayçılığın inkişafına diqqət artırılıb. Bunun nəticəsidir ki, Azərbaycanda çayçılığın inkişafı yeni mərhələyə qədəm qoyub. Biz də bunun məntiqi nəticəsi olaraq "Astaraçay" emal fabrikinin açılışında iştirak edirik. Qürurverici hadisədir ki, ən son texnologiyalar tətbiq olunub. Bu texnologiya ilə, eləcə də çay plantasiyaları ilə tanışlıq bizdə əminlik yaradır ki, cənab Prezidentin qayğısı, son zamanlar verilən fərmanların hüquqi bazası əsasında çay plantasiyalarının genişlənməsində, çay istehsalı potensialının artırılmasında böyük nailiyyətlər qazanılacaq. Gəlişimizdə də məqsəd bu inkişafı gözümüzlə görüb, insanların rəyini öyrənmək, bu sahələrin inkişafı üçün tədbirlər görmək, lazım gəlsə hökumət səviyyəsində təkliflər verməkdir.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fabrikdə aparılan quraşdırma işləri ilə tanışlıq zamanı Azərbaycanda ən müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək ilk belə müəssisəsinin yaradılmasını yüksək qiymətləndirmişdir.

2010-cu ildə yaradılan "Astaraçay" kənd təsərrüfatı müəssisəsinin ümumi əkin sahəsi 640 hektardır. Bunun da 400 hektarını yaşıl çay plantasiyaları təşkil edir. Müasir suvarma sistemləri ilə təmin edilən çay sahələrində Gürcüstandan gətirilən "Kolxida" sortunun rayonlaşdırılmış növü əkilib.

Keçidlər