Astara rayonunda 2015-ci ilin birinci yarısının nəticələri müzakirə olunmuşdur
Avqustun 5-də Astara rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Qeyri-neft sektorunda daha yüksək nailiyyət əldə edilərək 9,2 faiz artıma nail olunmuşdur. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır.
Azərbaycanda əhalinin pul gəlirləri inflyasiyanı üstələyərək 6,2 faiz artmış, inflyasiya 3,5 faiz olmuşdur. Kənd təsərrüfatı da yüksək artım tempi ilə inkişaf edərək 7.3 faizdən çox artmışdır.
Ölkəyə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Son illərdə daxili investisiyalar üstünlük təşkil etdiyi halda bu ilin 6 ayında xarici investisiyalar üstünlük təşkil etmişdir. Bu onu göstərir ki, Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.
2015-ci ilin birinci yarımillində 48 mini daimi iş yeri olmaqla 60 minə yaxın yeni iş yeri açılmışdır. Ümumilikdə, son 12 il ərzində ölkədə 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur.
Neftin qiymətinin aşağı düşməsi ilə ölkənin pul gəlirlərinin azalmasına baxmayaraq sosial sahədə bütün proqramlar vaxtında icra edilir.
Sosial infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam edir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir.
Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki ölkənin inkişaf proqramı reallıq üzərində qurulubdur. Regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı və digər sahələrlə bağlı konkret fəaliyyət planı var.
2015-ci ilin ölkədə kənd təsərrüfatı ili élan edilməsi ilə ölkə rəhbəri tərəfindən kənd təsərrüfatının inkişafı üçün önəmli addımlar atılmış, fərmanlar imzalanmışdır. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir.
Q.Ağayev qeyd etmişdir ki, ordu quruculuğu sahəsində işlər davam etdirilərək Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri olan hərbi dəniz qüvvələri bazası istifadəyə verilibdir.
Bu ilin ən yaddaqalan hadisələrində biri əlli Avropa ölkəsinin minlərlə idmançısının iştirak etdiyi, dünyada ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə təşkili olmuşdur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qədim Atəşgah məbədindən Birinci Avropa Oyunları üçün götürdüyü alov məşəlinin 1 may tarixində rayonumuza gətirilməsi, minlərlə astaralının müşayiəti ilə Bayraq Meydanından park-bulvara çatdırılaraq çırağın yandırılması sakinlərimizə unudulmaz anlar yaşatdı.
Bu böyük idman bayramını yüksək səviyyədə keçirməklə ölkəmiz bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazdı. Dünya idman tarixində ilk dəfə təşkil olunan Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsi idi.
17 gün davam edən böyük idman yarışında Azərbaycan idmançıları uğurla çıxış edərək 56 medal qazanmaqla 50 iştirakçı ölkə arasında ikinci nəticə göstərdilər. Sevindirici haldır ki, bu mötəbər idman yarışında həmyerlimiz Cəbrayıl Həsənov da iştirak edərək bürünc medala layiq görülmüşdür.
Bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Şəhər, qəsəbə və kəndlərimiz yeni-yeni layihələrlə inkişaf edərək gündən-günə gözəlləşir. Bunun bariz nümunəsi olaraq bu il möhtərəm Prezidentimizin sərəncamı ilə ayrılmış vəsait hesabına rayonumuzun ucqar dağlıq ərazilərini əhatə edən Deqədi-Pəlikəş avtomobil yolu inşa edilərək istifadəyə verilmiş, dəniz sahilində park-bulvarın tikintisi başa çatdırılmışdır. Ölkə rəhbərinin rayonumuza səfərindən sonra Taxtanakəran–Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisi və şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayon ictimaiyyətini hədsiz sevindirmiş, möhtərəm Prezidentin ünvanına minnətdarlıq teleqramları ünvanlanmışdır.
2015-ci ilin birinci yarısında Astara rayonunda da xeyli işlərin görüldüyünü, uğurlu nəticələrin qazanıldığını bildirən icra başçısı ümumi məhsul və xidmətlərin 62 faizi məhsul istehsalı sahələrində, o cümlədən 9.2 faizi sənayedə, 10.1 faizi tikinti kompleksində, 42.7 faizi kənd təsərrüfatında yaradıldığını, orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcminin 591.2 manat təşkil etdiyini iştirakçıların diqqətinə çatdırmışdır.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər – Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilmiş, Kijəbə qəsəbəsində 1200 kv.metr və Ərçivan qəsəbəsində 1800 kv.m asfalt beton qarışığından təmir işləri yerinə yetirilmişdir. Astara şəhərinin küçələrində 11.000 kv.m əsaslı təmir işləri aparılmışdır. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində yeni körpünün tikintisinə başlanılmışdır.
Şəhərin mərkəzi küçələrində küveytlər təmizlənmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, ictimai yaşayış binalarının fasad hissəsi və dam örtüyündə təmir işləri aparılmışdır.
Su Kanal İdarəsi tərəfindən şəhərin Nizami və S.Vurğun küçələrində yerləşən ictimai yaşayış evlərini içməli su ilə təmin edən su motoru və nasosu təmir olunmuş, binanın zirzəmisindən izafi yeraltı sular vaxtaşırı kənarlaşdırılmışdır.
Şəhərin Xəzər dənizi sahili boyu 6 hektar sahədə park-bulvarın tikintisi başa çatdırılmış, 2 hektar ərazidə çimərliyin tikintisi davam etdirilir. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi tikilib istifadəyə verilmiş, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmış, həmçinin mini futbol və voleybol meydançaları da tikilmişdir.
Bulvar ərazisində yaradılmış bütün infrastrukturlar yüksək zövqlə, müasir dizaynda qurulmuş, uşaqdan böyüyə qədər ictimaiyyətin bütün təbəqələrinin asudə vaxtlarını keçirməsi və istirahəti üçün ideal şərait yaradılmışdır. Rayonumuzun turizm obyektləri sırasına daha birinin əlavə olunması olduqca təqdirəlayiqdir.
Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq rayonun Telman kəndinin adının Çayoba adı ilə əvəz edilməsi barədə Respublikanın əlaqədar təşkilatları qarşısında vəsatət qaldırılmış, bu iş müsbət həllini tapmışdır. Ölkə rəhbərinin müvafiq Sərəncamı ilə Telman adı Çayoba adı ilə əvəz edilmişdir. Hazırda bu kənddə tikilib istifadəyə verilmiş yeni çay emalı fabriki, bu mövsüm ilk dəfə çay məhsulunu emal üçün qəbul etmişdir. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıqlar quraşdırılmışdır. İstismara verildikdən sonra fabrikdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaqdır.
İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə rayonumuzda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradacaq. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilmişdir.
2015-ci ilin birinci yarısında rayonda 394 iş yeri açılmışdır ki, ondan da 81 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda, 193 iş yeri fiziki şəxslərdə, 120 iş yeri isə digər sahələrdə olmuşdur.
01 oktyabr 2003-cü ildən 01 iyul 2015-ci ilə qədər rayonda 6892 iş yeri açılmışdır ki, onun da 6356-sı daimi iş yeri, 536-sı isə mövsümi iş yeri olmuşdur.
2015-ci ilin birinci yarısında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda xeyli iş görülmüşdür. Ötən müddətdə 483 evin qazlaşdırılması həyata keçirilmiş, əhali abunəçiləri üçün 483 ədəd qaz sayğacı quraşdırılaraq rayon üzrə qaz sayğaclarının ümumi sayı 15100-ə çatdırılmışdır.
Çayoba kəndində paylayıcı qaz xətləri çəkilmiş, yeni yaşayış massivlərinin qazlaşdırılması başa çatdırılmışdır. Şahağacı kəndində 97 evdən ibarət Lokator adlanan yeni yaşayış massivinin və 8 mənzilli 4 yaşayış binasının qaz xətləri çəkilmiş, sayğaclar quraşdırılmışdır. Hazırda rayonun Tüləküvan kəndində yeni layihə əsasında qaz xətlərinin çəkilməsinə başlanmışdır. Hesabat dövründə 17 milyon 821 min kub metr həcmində, 1 milyon 782 min manat məbləğində təbii qaz satılmış, 1 milyon 670 min manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 99 %-ni təşkil edir.
2015-ci ilin birinci yarımilliyində rayon üzrə 16 ədəd müxtəlif güclü transformator əsaslı təmir olunmuş, 9 ədəd müxtəlif güclü ayırıcı yenisi ilə əvəz edilmişdir. 1700 m uzunluqda 10 kv-luq hava xətti çəkilmiş, 791 abonentin xətlərinin SİP kabellə əvəz eolməsi həyata keçirilmiş, rayon ərazisində 254 ədəd 10 kv-luq, 155 ədəd 0.4 kv-luq dəmir dayaqlar basdırılmışdır. Hazırda rayon ərazisində SİP-ləşdirmə işləri davam etdirilir.
Astara Suvarma Sistemləri İdarəsi əkin sahələrinin, yaşayış məntəqələrinin sel-sularından mühafizəsi üçün bir sıra tədbirlər görmüşdür. Alaşa, Artupa, Ərçivan, Kakalos, Balaca Şahağacı, Şiyəkəran, Təngərüd və Pensər kəndlərində təsərrüfatların və yaşayış məntəqələrinin sel-sularından mühafizəsini təmin etmək məqsədilə ümumilikdə 59 min 270 p.m kanal palçıq və lildən təmizlənmişdir. Astaraçayda 3 min 500 p.m, Pensərçayda 2 min 800 p.m məsafədə təmizlənmə işləri görülmüşdür. Bu sahədə görülən işlər qənaətbəxş olsa da mövcud çatışmazlıqlar hələ də tam aradan qaldırılmamışdır.
Dəfələrlə irad tutulmasına baxmayaraq fərdi təsərrüfatlarda suvarma kanallarının, yüksək gərginlikli elektrik xətləri, qaz kəmərləri, telekommunikasiya xətlərinin mühafizə zolaqlarının vətəndaşlar tərəfindən zəbt edilməsi, burada tikintilərin aparılması hallarına hələ də rast gəlinir. Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələr qanunsuz tikintilərin qarşısının alınması, torpaqlardan təyinatı üzrə səmərəli istifadə olunması, torpaq qanunvericiliyinə əməl edilməsinin vacibliyi barədə tərəfimizdən göndərilmiş məktublardakı göstərişlərə ciddi əməl etməli, belə neqativ halların qarşısını qətiyyətlə almaq üçün təsirli tədbirlər həyata keçirməlidirlər.
Natiq daha sonra qeyd etmişdir ki, hesabat ilində rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə 112 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılmış, sahibkarlara və fermerlərə 12 layihə üzrə 165 min manat dəyərində güzəştli kreditlər verilmiş, 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına çoxillik əkmələrin becərilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 2015-ci il üçün 104 min 821 manat yardım (subsidiya) verilməsi nəzərdə tutulmuşdur.
Rayonun Şuvi və Ojakəran kəndi ərazisində çayçılıq təsərrüfatı yaradılmış, 1 milyondan çox çay şitilləri yetişdirilərək Şuvi kəndi ərazisində 65 hektar yeni çay plantasiyaların yaradılmasına sərf olunmuşdur. Beləliklə ümumi çay plantasiyalarının sahəsi 372 ha olmuşdur ki, bunun da 212 hektarını məhsuldar, 177 hektarını isə cavan çay plantasiyaları təşkil edir. Çay sahələrinə mineral və üzvü gübrələr verilmiş, mövsümü yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su arxları və sahə içi xəndəklər təmizlənmişdir.
Rayonda 88 hektar sahədə buğda, 517 hektar sahədə paxlalı bitkilər, 234 hektar sahədə qarğıdalı, 1351 hektar sahədə kartof, 2727 hektar sahədə faraş tərəvəz, 682 hektar sahədə dənli bitkilər, 539 hektar sahədə bostan bitkiləri, 88 hektar sahədə yonca əkilmişdir.
Rayonda iri buynuzlu mal qaranın sayı 45824 başa, xırdabuynuzlu mal-qara isə 29102 başa çatdırılmışdır. Ət istehsalı (diri çəkidə) 1750 ton, süd istehsalı 15049 ton, yumurta 2963 ədəd, yun istehsalı 20.5 ton olmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi proqnoz planı 2 milyon 75.7 min manata qarşı 2 milyon 76.9 min manat və ya 100,1% icra etmişdir. Pensiya və müavinətlər 11 milyon 803 min manat olmaqla, tam ödənilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7 min 582 ailə üzvünü özündə birləşdirən 1476 ailəyə ÜDSY ödənilmişdir. 2015-ci ilin birinci yarımillində hərəkətdə olan sosial müavinət alanların sayı 4380 nəfər olmuşdur. Hər bir ailəyə düşən orta aylıq məbləğ 169 manat, hər bir ailə üzvünə düşən orta aylıq məbləğ 30 manat 14 qəpik olmuşdur. Müəssisədə aparılan kadr dəyişikliklərindən sonra edilən müraciətlərə daha həssaslıqla yanaşılmış, şəffaflığın təmin olunması istiqamətində müvafiq işlər aparılır.
Rayon Dövlət Sığorta Filialının 6 aylıq planı 57 min 500 manat təşkil etmişdir. Toplanmış tədiyyənin məbləği 38 min 570 manat olmuşdur. Yığılmış tədiyyə və baş idarədən daxil olan vəsait hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 13 min 750 manat sığorta yardımı verilmişdir.
2015-ci ilin birinci yarımillində rayon Məşğulluq Mərkəzində 191 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. İş üçün müraciət edənlərin 138 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuşlar.
Astara Poçtamtı tərəfindən 143 min manat tarif gəliri proqnozu faktiki olaraq 152 min manat, və ya 106% icra edilmişdir. Bu da təyin edilmiş proqnozdan 9 min manat, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26 min manat və ya 20% çoxdur.
Astara Telekommunikasiya Qovşağı tərəfindən əhaliyə, müəssisə və təşkilatlara 440 min manat məbləğində rabitə xidməti göstərilmişdir. Qovşaq üzrə dövlət büdcəsinə 140 min manat vəsait köçürülmüşdür. Taxtanakəran-Toradi avtomobil yolunun çəkilməsi ilə əlaqədar yolboyu çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz edilmiş, xətlər yenilənmişdir.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2015-ci ilin birinci yarımillində 30 ha sahədə meşə bərpa tədbirləri görülmüş, o cümlədən 10 hektar əkin və 20 hektar səpin yolu ilə meşə əkinləri aparılmışdır. Əkinlər müəssisədə yetişdirilmiş yerli şəraitə uyğun ağac növləri ilə, səpin isə şabalıdyarpaq palıd toxumları ilə aparılmışdır.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil müəssisələrində cari təmir işlərinə başlanmış, Sım kənd tam orta məktəbi üçün inşa edilən 180 şagird yerlik, Artupa kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik tam orta məktəb binaları yeni dərs ilində istifadəyə veriləcəkdir.
Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinə 107 min, kənd sahə xəstəxanalarına 2056 müraciət olmuşdur. Ölkə rəhbərinin göstərişinə əsasən hər il əhalinin kütləvi tibbi müayinəsi keçirilir. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin Mərkəzi Xəstəxana ilə birgə hazırladığı qrafik əsasında mütəxəssis həkimlərdən ibarət yaradılmış komissiya və 4 həkim briqadası tərəfindən bu ilin 1 fevral tarixindən 30 aprel tarixinə kimi rayon Mərkəzi Xəstəxanasında və yerlərdəki tibb müəssisələrində əhalinin tibbi müayinəsi keçirilmişdir. Bu aksiyadan 75 min nəfərdən çox insan yararlanmış, müayinə zamanı aşkar edilmiş xəstələr müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilmişlər.
Hesabat dövründə rayon Mədəniyyət və turizm şöbəsi rayonda keçirilən bütün ictimai-siyasi və bir sıra respublika tədbirlərində fəal iştirak etmişlər. 1-3 yanvar tarixlərində şəhərin mərkəzi meydanında keçirilən Yeni il şənliyi, 2 fevral tarixində Gənclər günü münasibətilə “N” saylı sərhəd zastavasında, Novruz bayramı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ümumrayon tədbirləri yaddaqalan olmuşdur.
Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan gənclərin vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirilmişdir. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür. Bu da əvvəlki dövrlə müqayisədə edilən müraciətlərin sayının azalmasına səbəb olmuşdur.
Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 23 səyyar qəbul keçirilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən müsbət həlli üçün qanunamüvafiq tədbirlər görülmüşdür.
Rayon İcra hakimiyyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəyi, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılmasına ciddi səy göstərəcəyi, rayonumuzun abadlaşdırılması naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrini sərf edəcəyi vurğulanmışdır.
Məruzə ətrafında rayon Maliyyə İdarəsinin rəisi Cavid Abbasov, rayon ƏSMM-nin direktoru Anar Baxşıyev, telekommunikasiya qovşağının rəisi Ələkbər Həmzəyev, rayon İcra hakimiyyəti başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlahəddin Əliyev çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2015-ci ilin birinci yarısında rayonda xeyli iş görülmüşdür. Bütün sahələrdə inkişaf göz qabağındadır. Şəhər, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yeni asfalt yollar çəkilir, körpülər salınır, məktəb binaları, uşaq bağçaları tikilir, əsaslı təmir olunur, yaşayış məntəqələri qazlaşdırılır, elektrik təsərrüfatında əsaslı təmir işləri aparılır.
Görülən işlər əlbəttə ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin bizim birgə səylərimizlə həyata keçirilir.
Bütün bunların gələcəkdə də rayonumuzda nəhəng layihələrin həyata keçirilməsi ümidini bir daha gerçəkləşdirdiyini qeyd edən İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev qeyd etmişdir ki, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri, park-bulvarın ərazisinin genişləndirilməsi, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, qazlaşdırmanın 80 %-ə çatdırılması, təbii qaz almayan yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi, Kijəbə qəsəbə xəstəxanasının əsaslı təmirinin və Səncərədi kənd uşaq bağçası üçün inşa edilən binanın tikintisinin başa çatdırılması, Sım və Artupa kənd tam orta məktəblərinin yeni tədris binalarının qarşıdakı dərs ilində istifadəyə verilməsi və digər bu kimi məsələlər qarşıda duran əsas vəzifələrdir.