Astara rayonunda dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib
12 avqust 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və din xadimləri ilə görüşü keçirilmişdir.
Q.Ağayev tədbirdə çıxış edərək müstəqil Azərbaycan Respublikasında tolerantlıq və mədəniyyətlərarası dialoqların aparılması istiqamətində görülən işlər barədə ətraflı söhbət açmışdır. Ulu öndər Heydər Əliyevin dini-mənəvi dəyərlərimizin qorunması, məscidlərin, tarixi-memarlıq və dini abidələrin əsaslı təmiri, yenidən qurulması və tikintisi məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumat verən icra başçısı Ulu Öndərin siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə məscidlər, ziyarətgahlar və dini abidələrin bərpası, tikintisi və təmirinin daim diqqət mərkəzində saxlanıldığını konkret faktlar göstərməklə tədbir iştirakçılarına çatdırmışdır.
Qeyd etmişdir ki, Bakıda nadir memarlıq üslubunda yeni tikilən, Qafqazda ən böyük məscid olan Heydər məscidinin açılışı, Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin və digər məscidlərin yenidən qurulduqdan sonra açılış mərasimlərində ölkə Prezidenti şəxsən iştirak etmişdir.
Ölkədə İslam mədəniyyət abidələri ilə yanaşı, ən qədim alban-xristian məbədləri, o cümlədən rus-pravoslav kilsələri və yəhudi sinaqoqları əsaslı surətdə bərpa və təmir edilmiş, Bakı şəhərində yeni Roma-katolik kilsəsi və regionun ən böyük sinaqoqu inşa edilərək dindarların istifadəsinə verilmişdir.
Bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi, dini və milli-mənəvi dəyərlərin, tolerantlığın və multikulturalizmin təbliği və inkişafı sahəsində yüksək nailiyyətlər əldə edib. Bütün dünyada tolerantlığın əsl nümunəsi kimi Azərbaycanda dini sahədə əldə edilən uğurlar tam şəkildə qəbul edilir. Bunu son illərdə mədəniyyətlərarası dialoq forumlarının ardıcıl olaraq Azərbaycanda keçirilməsi açıq aşkar sübut edir.
Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev, Ərçivan qəsəbə məscidinin Axundu Orucəli Feyziyev, Vaqo kənd məscidinin imamı Zaur Abbasov və başqaları çıxış edərək dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı dini icmalarda görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, rayonda dini mərasim və ayinlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Radikal dini cərəyanlara qarşı ictimaiyyətin fəal köməyi ilə ciddi mübarizə aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılması dini icmaların fəaliyyətini xeyli canlandırıb. Rayonumuzun Şüvi, Pensər, Sığaloni və Şahağac kəndlərində fəaliyyət göstərən dini icmaların təqdim etdikləri layihələr əsasında müvafiq miqdarda vəsait ayrılmışdır. Bu dini icmalarının təşkilatçılığı ilə keçirilən dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı müxtəlif mövzularda layihələr çərçivəsində keçirilən tədbirlər ictimaiyyət nümayəndələrinin böyük marağına səbəb olmuşdur. Rayonda fəaliyyət göstərən digər dini icmalar tərəfindən layihələr təqdim edildikdən sonra onlara da vəsait ayrılacaqdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev dini icma nümayəndələri ilə görüşə həsr olunan tədbiri yekunlaşdıraraq qeyd edib ki, burada müzakirə olunan məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün din xadimləri fəallıq göstərməli, yas məclislərinin keçirilməsi zamanı israfçılığın qarşısı alınmalı, bununla əlaqədar maarifləndirməyə geniş yer verilməli, xütbələrdə əsasən vətənpərvərlik və şəhidlərimizin qəhrəmanlıqları barədə söhbətlər aparılmalıdır. Vəhhabilik və digər yabançı təriqətlərə qarşı hamılıqla mübarizə aparılmalı, dini missionerlərin qarşısı alınmalı, dini radikalizmə qarşı mübarizə daha da gücləndirilməli, bu işdə ağsaqqalların və ziyalıların gücündən səmərəli istifadə edilməlidir.