Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbə sahə xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib

13 avqust 2015 | 15:00

13 avqust 2015-ci il tarixdə 12650 nəfər əhaliyə xidmət göstərən Astara rayonun Kijəbə qəsəbə sahə xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilmişdir. Qəsəbə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəfael Babayev açaraq son illərdə rayonda və qəsəbədə aparılan quruculuq-abadlıq işləri barədə geniş məlumat vermişdir.
Ağsaqqal Nəsrəddin Teymurov, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin  başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək qeyd etdi ki, hazırda əksər Avropa ölkələrində böhran yaşandığı halda Azərbaycanda böyük sosial layihələr həyata keçirilir. Bütün Respublikada aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir. Son illərdə təkcə qəsəbədə görülən işlər yetərincədir. Burada Bayraq Meydanı salınmış, yollar asfaltlaşdırılmış, yeni məktəb binaları tikilmiş, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində işlər davam edir. Hazırda Tüləgüvan kəndinə yeni qaz xəttinin çəkilişi mütəşəkkilliklə həyata keçirilir. Bu görülən işlər əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, azad, firavan yaşamasına xidmət edir. Qəsəbədə müxtəlif sahələrdə qazanılan nailiyyətlər də təqdirəlayiqdir.
Bu il təkcə Kijəbə qəsəbə kənd tam orta məktəbinin iyirmidən çox məzununun yüksək balla ali məktəb tələbəsi adını qazanması ürəkaçandır. Mən bu münasibətlə həmin məzunlarımızı, onların valideynlərini təbrik edirəm. Onlara yüksək bilik verən müəllimlərə təşəkkürümü bildirirəm. İnanıram ki, bu ənənə bundan sonra da davam edəcəkdir.
Sonra icra başçısı əsaslı təmirdən sonra istifadəyə verilmiş xəstəxanada həkim, tibb işçiləri və xəstələr üçün yaradılmış yüksək şəraitlə tanış olaraq tövsiyə və tapşırıqlarını vermişdir.

Şəmətük kəndində səyyar qəbul və görüş

Xəstəxananın açılışından sonra rayon icra hakimiyyətinin başçısı Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ən ucqar dağlıq ərazidə yerləşən Şəmətük kəndində əhali ilə görüş və səyyar qəbul keçirmişdir.
Görüşdə kənd sakinlərindən Şəfi Qasımov, Firudin Abbasov, Əfrasiyab Məmmədov, Gülbala Hidayətov və başqaları  çıxış edərək son illər Respublikamızda, o cümlədən rayonumuzda geniş quruculuq və abadlıq işləri barədə fikirlərini bildirmiş, yaradılan rahatlığa görə ölkə Prezidentinə minnətdarlığını bildirmişlər.
Şəmətük kəndində çay üzərində salınan körpünün ətrafda yerləşən kəndlərin əhalisinin həyatında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən sakinlər bu çətin relyef şəraitində görülən işlərin inanılmaz olduğunu vurğulamışlar. Dağ çayı üzərində körpünün olmamasından böyük əziyyət çəkən,  yağışlı günlərdə kəndlərarası qısa məsafəni uzun yol qət etməklə getməyə məcbur olan sakinlərin sevinci hədsiz idi.
İcra başçısı Qəzənfər Ağayev səmimi görüşdən məmnun olduğunu bildirərək qeyd etmişdir ki, yerlərdə görülən işlərin bir qismi səyyar qəbullar zamanı əhalini narahat edən problemlər və söylənilən təkliflər əsasında həyata keçirilir. Qonşu Xıçaso kəndində əhali ilə keçirilən görüş zamanı bu körpünün salınması ilə əlaqədar sakinlər tərəfindən müraciət olundu. Bu təklif əsasında körpünün salınması vacib hesab edilərək tikintisi üçün yollar axtarıldı və gördüyünüz kimi hazırda körpüdə son tamamlanma işləri aparılır. 
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edən müstəqil dövlətimizin iqtisadi potensialı artdıqca bu cür sosial layihələrin icrası daha da artacaqdır. Ən ucqar dağ kəndlərinə yüksək keyfiyyətli asfalt yolların çəkilməsi, mədəni-maarif müəssisələrin, səhiyyə obyektlərinin tikintisi durmadan davam edir. Bunu rayonumuzun timsalında aydın görə bilərik. Deqədi-Pəlikəş avtomobil yolunun istifadəyə verilməsi, daha mürəkkəb relyefə malik olan, ucqar dağlıq əraziləri əhatə edən Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisinin aparılması dediklərimizə sübutdur.
Sonra İcra başçısı son tamamlanma işləri aparılan körpüdə tikinti işləri ilə yaxından tanış olaraq tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər