Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış və hərbi məktəblərə daxil olmuş tələbələrlə görüş
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 20 avqust tarixində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2014-2015-ci tədris ilinin təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırmışdır.
İcra başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. O, təhsili millətin gələcəyi adlandırmış, gənclərin yüksək təhsil alması üçün mühüm tədbirlər həyata keçirmişdir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Ölkə rəhbəri tərəfindən ardıcıl olaraq təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Son illər rayonumuzda 35-dən çox məktəb binası yeni tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Son tamamlama işlərinin aparıldığı rayonun Artupa və Sım kənd tam orta məktəbləri üçün tikilən yeni bina bu dərs ilində istifadəyə veriləcəkdir.
Bu diqqətin nəticəsidir ki, rayonumuzun təhsilində uğurlu nəticələr qazanılır. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 181 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 7 nəfər 600-dən yuxarı, 19 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. 14 nəfər məzunumuzun orta ixtisas və ali hərbi məktəblərə daxil olması isə rayonda gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin düzgün təşkil edilməsinin nəticəsi kimi dəyərləndirilməlidir. Mən yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.
Müstəqil dövlətimiz bu gün yüksək inkişafı, tərəqqisi ilə dünyada tanınır. Siz belə bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz. Buna isə yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə nail ola bilərsiniz.
Mən tələbə adını qazandığınıza görə bir daha sizi ürəkdən təbrik edir, təhsil yollarında hamınıza uğurlar arzulayıram.
Tədbirdə Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, valideynlərdən Şamil Şahverdiyev çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər. 685 bal toplayaraq Ali Neft Məktəbinə daxil olan Kijəbə qəsəbə tam orta məktəbin məzunu İlham Mərufov, 675 balla eyni təhsil ocağının tələbəsi adını qazanmış Tüləgüvan kənd tam orta məktəbin məzunu Azad Osmanov, 642 balla Qafqaz Universitetinə qəbul olmuş Məhəmməd Şükürzadə, 636 balla Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasına daxil olan Ərçivan qəsəbə tam orta məktəbin məzunu Zülfiyə Mövsümova çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər.
Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilmiş, xatirə şəkli çəkilmişdir.