Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Rüdəkənar kəndində əhali ilə səyyar qəbul və görüşü
Astara rayonunda son illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər, tikinti-quruculuq, yol-abadlıq işlərinin sürətləndirilməsi, sakinlərin istirahətinin mənalı təşkili üçün görülən tədbirlər əhalinin hədsiz razılığına və ruh yüksəkliyinə səbəb olub. Rayonun ayrı-ayrı yaşayış məntəqələrinə gedən avtomobil yollarının asfaltlaşdırılması, Çayoba kəndində çay emalı fabrikinin tikintisi, Astara şəhərində dənizkənarı park-bulvarın istifadəyə verilməsi və digər abadlıq və quruculuq işləri səyyar qəbul və görüşlərdə verilən təkliflər və müraciətlər əsasında öz həllini tapıb. Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz faydasını verir, sakinlərin böyük razılığına səbəb olur.
Avqustun 24-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Rüdəkənar kəndində keçirdiyi səyyar qəbul və görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Suparibağ kəndi üzrə ərazi nümayəndəsi Yunus Məmmədov Rüdəkənar kənd sakinləri adından icra başçısı Qəzənfər Ağayevi salamlayaraq əvvəlki səyyar qəbul və görüşdən sonra görülən işlər barədə məlumat verdi.
Rüdəkənar kənd sakinlərindən Ələsgər Əliyev, Barat Sadıxov, Aydın Məcidov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda, o cümlədən Astara rayonunun qəsəbə və kəndlərində geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulayaraq əhalinin rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərə görə ölkə başçısına təşəkkür və minnətdarlıqlarını bildirdilər. Səyyar qəbul və görüşdə Rüdəkənar kəndində futbol stadionunun tikintisi, çəltik əkini üçün müvafiq texnikanın gətirilməsi, kənd qəbiristanlığı üçün ayrılan ərazinin abadlaşdırılması və digər məsələlər barədə təkliflər verilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında Rüdəkənar kənd sakinləri ilə əvvəllər bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin - kənddə yeni məktəb binasının tikintisi, məktəbə və məscidə gedən yolların asfaltlaşdırılması, əhalinin elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırdı. Kənd sakinlərinin respublikada və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıq etdiklərindən məmnun qaldığını bildirən icra başçısı qeyd etmişdir ki, bütün bu uğurlara görə ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq.
Avropanın əksər ölkələrində iqtisadi böhran yaşandığı halda Azərbaycanda sosial-iqtisadi sahədə hərtərəfli irəliləyiş və inkişaf göz qabağındadır. Sənaye, kənd təsərrüfatı və yol-abadlıq sahəsində dövlət proqramlarının icra edilməsi üçün dövlət tərəfindən kifayət qədər maliyyə dəstəyi göstərilir. Rayonumuzun timsalında bu inkişafın və tərəqqinin canlı şahidiyik. Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının asfaltlaşdırılması, Astara şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri məqsədilə maliyyə vəsaitinin ayrılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutudur. Hazırda rayonun Artupa və Sım kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Gələcəkdə rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, suvarma işinin daha keyfiyyətli təşkili istiqamətində tədbirlər görülür. Rayona çəltik əkini üçün kombaynların gətirilməsi, Deqədi su anbarının tikilməsi nəzərdə tutulub.
İcra başçısı ölkə rəhbərinin respublikada heyvandarlıq məhsulları ilə təminatın daha da yaxşılaşdırılması, yüksək məhsuldarlığı olan heyvanların sayının artırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya ayrılması barədə Sərəncam imzaladığını iştirakçıların nəzərinə çatdıraraq kənd sakinlərinin bundan lazımi səviyyədə istifadə etməsinin vacibliyini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev kənd sakinləri ilə görüşü yekunlaşdıraraq bundan sonra da müraciətlərinin vaxtında və operativ şəkildə yerinə yetirilməsi üçün konkret tədbirlər görüləcəyini bildirmişdir.