Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ağır atletika üzrə IX Dünya Kuboku yarışları əsl bayram təntənəsinə çevrildi

29 avqust 2015 | 15:00

Müstəqil respublikamız bütün sahələrdə olduğu kimi,  idman sahəsində də son illər böyük inkişafa nail olub. Bu ilin iyun ayında Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, respublikamızın idmançılarının 50-dən çox ölkə arasında ikinci yerə layiq görülməsi ölkəmizdə idmana göstərilən diqqət və qayğının parlaq təzahürüdür. Çox fərəhlidir ki, təkcə ölkə paytaxtında deyil, ucqar bölgələrdə də idmanın inkişafı diqqət mərkəzindədir. Respublikanın əksər bölgələrində müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksləri və digər idman obyektləri istifadəyə verilib. Təkcə Astara rayonunda Olimpiya İdman Kompleksi və Boks Mərkəzi kimi idman obyektlərinin fəaliyyət göstərməsi əhalinin sağlamlığının qorunması kimi mühüm bir işə layiqli töhfədir. Mühüm beynəlxalq yarışların da  ucqar əyalətlərdə keçirilməsi son vaxtlar ənənəyə  çevrilib.
Avqustun 29-30-da “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında ağır atletika üzrə IX Dünya Kubokunun Astara Olimpiya İdman Kompleksində yüksək səviyyədə təşkili və keçirilməsi rayonumuzda əsl idman bayramına çevrildi. Astara rayon icra hakimiyyətinin təşkilatı dəstəyi ilə baş tutan turnir kişilər və qadınlar arasında müvafiq yaş qrupları üzrə keçirilmişdir. Yarışda Azərbaycan da daxil olmaqla “Zirvə” klubunun dünyanın 12 ölkəsində - Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Polşa, İran, Gürcüstan, Moldova, Bolqarıstan, İsrail və Azərbaycanda fəaliyyət göstərən filiallarının 100-ə yaxın atleti iştirak etmişdir.
Avqustun 29-da Astara Olimpiya İdman Kompleksində ağır atletika üzrə IX Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimində Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək yarış iştirakçılarını təbrik etdi. Qeyd etdi ki, bu gün bizim üçün əlamətdar, sevincli bir gündür. Rayonumuzda əsil idman bayramıdır. Ağır atletika üzrə IX Dünya Kuboku yarışının  rayonumuzda keçirilməsi bizi hədsiz sevindirir. Bu beynəlxalq idman yarışına qatılan ölkələrin idmançılarını ürəkdən təbrik edir, uğurlar arzulayıram. 
Bu beynəlxalq idman tədbirinin rayonumuzda  keçirilməsinin təşəbbüskarı olan Azərbaycan Ağır Atletika Federasiyasına, “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbərliyinə, yarışın təşkilat komitəsinə minnətdarlığımı bildirirəm. Sizi dostluq, sülh, həmrəylik rəmzi olan bu idman bayramı münasibəti ilə bir daha təbrik edir, yarışlarda iştirak edən idmançılara uğurlar arzulayıram.
“Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov açılış mərasimindəki çıxışında Astara rayonunda belə bir beynəlxalq yarışın yüksək səviyyədə təşkilinə və keçirilməsinə göstərdiyi təşkilatı dəstəyə və yaxından köməyə görə icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın 20-dən çox şəhər və rayonunda 700-ə yaxın ağır atletin üzvü olduğu “Zirvə” Beynəlxalq İdman Klubu ölkəmizin aparıcı klublarındandır. Bu klubun dünyanın 12 ölkəsində filialları fəaliyyət göstərir.
Sonra Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə IX Dünya Kuboku yarışları açıq elan olunub.
Ağır atletikanın inkişafında xidmətlərinə görə Astara rayon icra  hakimiyyətinin başçısı Qəzənfər Ağayevə, rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyevə, Astara Olimpiya İdman Kompleksinin direktoru Famil Səlimova, “Zirvə” İdman Klubu Lənkəran filialının direktoru  Mirkamil Abbasova diplomlar təqdim olunub. Avqustun 29-da 14 yaşa qədər olan idmançı qızların yarışına yekun vurulub. I, II və III yerləri tutan Bolqarıstan, Ukrayna və Azərbaycan idmançılarına mükafatları Astara rayon icra  hakimiyyətinin başçısı Qəzənfər Ağayev, ağır atletika üzrə beynəlxalq yarışların qalibi, Türkiyə idmançısı Xəlil Mutlu,    “Zirvə” BİK-nin prezidenti Tofiq Heydərov təqdim ediblər. Astara rayon icra  hakimiyyətinin başçısı Qəzənfər Ağayev Avropa birinciliyində yüksək nəticələr qazandıqlarına görə atlet Səbinə Əzimovaya və məşqçisi Taleh Hüseynova AAAF Parkın mənzillərin sertifikatını verib.
Ağır atletika üzrə IX Dünya Kuboku yarışlarının  açılış mərasimi başa çatdıqdan sonra incəsənət ustalarının iştirakı ilə bədii hissə nümayiş etdirilib.
Avqustun 29-30-da Ağır atletika üzrə IX Dünya Kuboku yarışlarında kişilər 4 yaş qrupunda, qadınlar 3 yaş qrupunda mübarizə aparıblar. Öz qrupunda fəxri kürsüyə qalxan idmançılara və onların məşqçilərinə pul mükafatları, diplom, yarış üçün hazırlanmış medal və kuboklar, müxtəlif hədiyyələr və mənzil sertifikatları təqdim olunub.
Olimpiya, Dünya və Avropa çempionatlarının mükafatçıları Azərbaycanda və bölgələrdə gedən sürətli inkişafa valeh olduqlarını bildiriblər. İlk dəfədir ki, Astara şəhərinə Olimpiya, Dünya və Avropa çempionatlarının mükafatçılarının da iştirak etdiyi ağır atletika üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etmək səadəti nəsib olub. Avqustun                  29-30-da dünyanın idman sahəsində tanınan ölkələrinin yüzdən çox atleti iki gün ərzində öz qüvvələrini sınayıblar.
30 sentyabrda başa çatan yarışın bağlanış mərasimi dənizkənarı park bulvarda keçirilmişdir. Burada qalib komandanın üzvlərinə medal, kubok və qiymətli hədiyyələr təqdim olunmuş, tədbir atəşfəşanlıqla başa çatmışdır.
3 dəfə Olimpiya çempionu, Türkiyəli ağır atlet Xəlil Mutlu, Olimpiya oyunlarının gümüş mükafatçısı, Bolqarıstanlı Veliçko Çolakov, məşhur idman jurnalisti Marek Drzevovski Azərbaycan və yarışların keçirildiyi Astara şəhəri haqqında  təəssüratlarını bildiriblər:
Xəlil Mutlu
Atlanta, Sidney və Afina olimpiadalarının qalibi, Türkiyəli ağır atlet
Mən ikinci dəfədir ki, Azərbaycanda oluram. İlk dəfə 2001-ci ildə Bakıda olarkən gördüklərimlə bu dəfəki səfərim zamanı şahidi olduqlarım məni heyrətə gətirib. Təsəvvür edin ki, son 15  il ərzində yeni Bakı şəhəri tikilib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi də məşhurdur. Bunu son illərdə Azərbaycanda çox mötəbər idman yarışlarının keçirilməsi və Azərbaycanı təmsil edən idmançıların yüksək nəticələr əldə etməsi sübut edir. Hələ Atlantada keçirilən Olimpiadada tanıdığım məşhur ağır atlet Tofiq Heydərovun gərgin səyi nəticəsində Azərbaycanda ağır atletika ilə yarışanlar üçün çox gözəl şərait yaradılıb. “Zirvə” BİK-nun dünyanın 12 ölkəsində və Azərbaycanın 20 rayonunda filiallarının fəaliyyəti təqdirəlayiqdir.
Azərbaycanın nadir relyefə məxsus bölgəsində yerləşən Astara sözun həqiqi mənasında məni heyran edib. Burada məni rayonun görməli yerləri ilə yaxından tanış ediblər. Şəhərin dənizkənarı park-bulvarı Avropanın mərkəzindəki parklardan heç də geri qalmır. Gözəl havası, istirahət üçün əlverişli şəraiti var. Bu parkda dincəlmək çox xoşdur. Ucqar dağlıq ərazidə yerləşən Ağ körpudə gördüklərim mənim yaddaşımdan heç vaxt silinməyəcək. Astara və astaralılar öz qonaqpərvərliyi və mehribanlığı ilə bizi heyran etdi. Dünya Kuboku yarışlarının Astarada keçirilməsi bu gözəl şəhərin dünyada tanınmasına kömək edəcək. Burada iştirak edən ABŞ, İsrail, Türkiyə, Belorusiya, Bolqarıstan, Polşa, Moldova və digər ölkələrin atletləri Azərbaycan və onun ayrılmaz hissəsi olan Astarada gedən sürətli inkişafın canlı şahididirlər.

Veliçko Çolakov
Bolqarıstan, Olimpiya oyunlarının bürünc mükafatçısı, iki dəfə Avropa çempionu

Mən Bolqarıstanın Smolyan şəhərində anadan olmuşam. Hazırda “Zirvə” BİK-nun Smolyan filialında fəaliyyət göstərirəm.  İlk dəfə 2010-cu ildə Bakıda olmuşam. “Zirvə” klubunun prezidenti Tofiq Heydərovla o vaxt tanış olduqdan sonra əlaqələrimiz genişlənib. Tofiq Smolyan şəhərində klubun filialını yaradıb. Smolyan kurort şəhəridir, dağlıq ərazidə yerləşir. Qışı çox sərt olur. Orada ağır atletikanı çox sevirlər. Əlli minə yaxın əhalisi olan bu şəhərdə indiyədək 3 Olimpiya mükafatçısı, 4 Olimpiya iştirakçısı olan idmançı yetişib. Açığını deyim ki, sizin Astarada  idmanla məşğul olmaq üçün daha yaxşı şərait var. Astara Olimpiya Kompleksi dünya çempionatlarının təşkili üçün ən əlverişli idman salonudur. Dünya Kuboku yarışlarının Astarada yüksək səviyyədə   təşkilindən hamımız razıyıq. Avropanın mərkəzi şəhərlərindəki idman komplekslərindən heç də fərqlənməyən Astara Olimpiya Kompleksində ideal şərait yaradılıb. Astara şəhərinin özü isə çox xoşumuza gəlib. Dənizkənarı park-bulvar kimi gözəl bir yer dünyanhın heç bir yerində yoxdur. Bolqarıstan turizm ölkəsi olsa da Astarada gəzməli və görməli yerlər turistləri daha çox cəlb edə bilər. Mən sizin şəhərinizə heyran olmuşam.


Marek Drzevovski
Polşa, Beynəlxalq idman jurnalisti

Mən indiyədək dünyanın 40-dan çox ölkəsində ən mötəbər yarışların işıqlandırılması üçün mətbuat nümayəndəsi kimi iştirak etmişəm. Qafqazda yerləşən ölkələrdə olmuşam. Üçüncü  dəfədir ki, Azərbaycandayam. Açığını deyim ki, bütün gördüklərim şəhərlərdən Bakı tamamilə fərqlənir. Bakıda aparılan geniş quruculuq və abadlıq işləri məni bir jurnalist kimi heyran edir. Mərkəzdən bir az uzaqda yerləşən sizin Astarada gördüklərim yaxşı mənada məni təəccübləndirdi. Deməli, təkcə mərkəzdə deyil, bütün ölkənizdə Avropa standartlarına uyğun gözəl yaşayış məntəqələri salınır, binalar tikilir, bulvar və parklar yaradılır. Yeni salınmış dənizkənarı park-bulvarda olarkən burada yaşayanların necə də xoşbəxt olduqlarını başa düşdüm. Astara həm dağı, həm də dənizi olan yaşayış məntəqəsidir. Belə əlverişli relyef heç də hər bölgəyə qismət olmur. Həm Azərbaycanda, həm də bölgələrdə turizmin inkişafı üçün çox gözəl imkanlar var. Sadəcə olaraq biz jurnalistlər geniş təbliğat işi aparmalıyıq. Bakıya gələn turistləri Astaraya və digər füsunkar təbiəti olan yaşayış məntəqələrinə istiqamətləndirmək lazımdır. Dünya Kubokunun Astarada keçirilməsi heç də təsadüfi deyil. Bu Olimpiya İdman Kompleksində beynəlxalq səviyyəli mötəbər yarışların keçirilməsi üçün hər cür şərait var. Bütün bunlar ölkənizin və rayonunuzun rəhbərlərinin idmana və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərdiklərini  sübut edir.

Keçidlər