Daha bir neçə dağ kəndlərinin yolu əsaslı təmir olundu
Yüksək inkişaf mərhələsində olan müstəqil Azərbaycanın təkcə iri şəhərləri deyil, ən ucqar yaşayış məntəqələri də müxtəlif layihələrin həyata keçirilməsi ilə abadlaşır, əhalinin həyat səviyyəsi gündən-günə yüksəlir.
Siyaku inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Marzəsəy, Bio, Bili və Səxyəkəran kəndləri dağlıq ərazidə yerləşir. Bu kəndlərdə 117 təsərrüfatda 531 nəfər əhali yaşayır. Yollarda mütəmadi aparılan cari təmir işlərinə baxmayaraq payız-qış mövsümündə yağan yağışlar yolları bərbad hala salır, əhali çətinliklərlə üzləşirdi.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə, kənd icması və Azərbaycan Kənd İnvestisiya Layihəsi icraçılarının birgə əlaqəli işi ilə bu kəndlərə gedən yollar qısa müddətdə qaydaya salınaraq yüksək səviyyədə təmir olunmuşdur. Marzəsəy və Səxyəkəran istiqamətində 7,5 km yolda xeyli torpaq işi görülmüş, kənarlarına kanal çəkilmiş, çınqıl döşənərək qreyderlə hamarlanmışdır. Əvvəllər yalnız dağ şəraitində hərəkət edə bilən maşınların işlədiyi yolda indi hər növ minik avtomobili rahatlıqla hərəkət edə bilir.
8 sentyabr tarixində Marzəsəy və ətraf kəndlərin əhalisinin səyyar qəbulunu keçirən, sakinlərlə görüşə gələn rayon İcra hakimiyyərtinin başçısı Qəzənfər Ağayev əsaslı təmir edilmiş kənd yolunun açılışını bildirən rəmzi lenti kəsmişdir. Bu tədbiri bayram şadyanalığı ilə qeyd edən kənd sakinlərindən Hacıhəsən Şahbazov, Möhübbət iskəndərov, Maarif Babayev, Zakir Abdullayev, Xankişi Aslanov, Akif İskəndərov və başqaları müstəqil Azərbaycanımızın dünya dövlətləri arasındakı yüksək nüfuzundan qürur duyduqlarını bildirərək ölkədə həyata keçirilən irimiqyaslı layihələr və görülmüş işlərə görə kənd sakinləri adından Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ilə ötən görüşdə Sığaloni kəndi ilə Marzəsəy kəndi arasındakı çay üzərində körpünün qoyulması və kənddə yeni transformatorun quraşdırılması barədə sakinlərin müraciətinə həssaslıqla yanaşdığına və hər iki problemin qısa müddətdə həllinə görə icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhalini yeni yolun istifadəyə verilməsi münasibətilə təbrik edərək, xoş arzularını bildirmişdir. Ötən görüşdə Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə, kənd icması və Azərbaycan Kənd İnvestisiya Layihəsi icraçılarının birgə əməyinin bəhrəsi olan bu yolun birlik rəmzi olduğunu qeyd edərək bu işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, dünyanın bir çox dövlətlərində iqtisadi böhran yaşandığı halda, ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil dövlətimiz respublika Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti ilə uğurla inkişaf edir. Gənc müstəqil dövlətimizin bütün sahələrində inkişaf, tərəqqi aydın hiss olunur. Bunu rayonumuzun timsalında görə bilərik. Son illərdə rayonda on kilometrlərlə avtomobil yolları asfaltlaşdırılmış, məktəblər, səhiyyə müəssisələri, idman obyektləri əhalinin istifadəsinə verilmiş, elektrik və təbii qaz təsərrüfatlarının yeniləşdirilməsi istiqamətində mühüm işlər görülür. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Siyaku-Rinə, Deqədi-Pəlikəş yollarının asfaltlaşdırılması, dənizkənarı park bulvarın salınması ilə rayona turstlərin gəlişi artmışdır. Hazırda Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun asfaltlaşdırılması istiqamətində işlər aparılır ki, bu da uzun müddət yolsuzluqdan əziyyət çəkən minlərlə insanın rahatlığının təminatına çevriləcəkdir.
Rayonda aparılan işlərin təkcə bununla məhdudlaşmadığını qeyd edən icra başçısı əhalinin müraciəti əsasında Şəmətük kəndində dağ çayı üzərində və Şiyəkəran kəndində Pensərçay üzərində salınan körpülərin istifadəyə hazır olduğunu, yeni tikilən 2, əsaslı təmir olunan 1 ümumtəhsil məktəbində tikinti işlərinin sürətlə davam etdiyini, Astara şəhərini içməli su ilə təmin edəcək layihənin uğurla həyata keçirildiryini, Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində işlərin gedişi barədə əhalini məlumatlandırmışdır. Qeyd etmişdir ki, ölkəmizin iqtisadi potensialı artdıqca gələcəkldə daha irimiqyaslı müxtəlif məzmunlu layihələrin həyata keçirilməsi planlaşdırılır. İcra başçısı Qəzənfər Ağayev bütün bunların ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşacağını diqqətə çatdıraraq, bütün insanları dövlətçiliyi göz bəbəyi kimi qorumağa, ölkə rəhbəri ətrafında sıx birləşməyə çağırmışdır.