Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev dağlar qoynunda yerləşən Asxanakəran kəndində sakinlərlə səyyar qəbul və görüş keçirmişdir

15 sentyabr 2015 | 15:00

Sentyabrın 15-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon mərkəzindən 43 km aralıda olan, uca dağlar qoynunda yerləşən Asxanakəran kəndində sakinlərlə səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüşdən əvvəl Asxanakəran kənd tam orta məktəbinin pedaqoji  kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, bu il birinci sinfə daxil olan şagirdlərlə görüşərək onlara ən xoş arzularını bildirmişdir.      

Asxanakəran kənd ictimaiyyətinin nümayəndələri ilə görüşü giriş sözü ilə açan Qəzənfər Ağayev bildirmişdir ki, indiyədək nümayəndəliyin sakinləri ilə dəfələrlə görüşmüş, qaldırılan məsələlərin icrası ilə əlaqədar ərazidə xeyli iş görülmüşdür.

Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndə Səlahəddin Əliyev kənd sakinləri ilə növbəti görüşə gəldiyinə görə  icra başçısına dərin təşəkkür və minnətdarlığını bildirmiş, ötən səyyar qəbuldan sonra görülən işlər barədə ətraflı məlumat vermişdir. Nümayəndəliyin ərazisində 4 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, elektrik təsərrüfatında təmir işləri aparılmış, 200 yerlik elektron ATS, yeni poçt binası tikilmişdir. Dağlıq ərazidə yerləşən kənd sakinlərinin illərdən bəri arzuladıqları avtomobil yolunun asfaltlaşdırılması istiqamətində əsaslı şəkildə işlərin görülməsi hamımızın ürəyindən olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi  avtomobil yollarının yenidən qurulması ilə əlaqədar imzaladığı Sərəncamın icrası ilə əlaqədar ərazidə qızğın iş gedir. Hələ avtomobil yolu tam hazır olmasa da əvvəllər iki saata gəldiyimiz yolu indi 20-25 dəqiqəyə qət edə bilirik. Bizə bu xoşbəxtliyi nəsib etdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə  sonsuz məhəbbətimizi bildiririk.

Səyyar qəbul və görüşdə çıxış edənlər – kənd sakinləri Şirməmməd Fərəcov, Arif Əliyev, Ramiz Gənciyev, kənd sahə xəstəxanasının baş həkimi Söhbəddin Kişiyev və başqaları son illərdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində aparılan geniş abadlıq və quruculuq işləri barədə söhbət açmış, ucqar dağlıq ərazidə yerləşən kəndlərə geniş və rahat avtomobil yolu çəkilməsinə görə ölkə başçısı İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər yeni xəstəxana binasının tikintisi,  elektrik təsərrüfatının yenidən qurulması, ara yollarının qaydaya salınması barədə təkliflər vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında “Bilik günü” münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illərdə bu nümayəndəlikdə Asxanakəran, Motlayataq, Amboba və Əzərüd kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsini təhsilə göstərilən qayğı və diqqətin parlaq nümunəsi olduğunu diqqətə çatdırmışdır. İcra başçısı qeyd etmişdir ki, əvvəlki görüşlərdə kənd sakinlərinin qaldırdığı ən vacib məsələ - Taxtanakəran-Toradi avtomobil yolunun çəkilişinin başlanması doğrudan da tarixi hadisədir. Yol olmadığına görə bu ərazidə yaşayan gənclər respublikanın iri şəhərlərinə, xarici ölkələrə getməyə məcbur olurdular. İndi cəsarətlə həmin gəncləri yenidən öz doğma kəndlərinə dəvət edə bilərsiniz. Rahat yol inkişaf deməkdir. Çox keçməz ki, bu ucqar dağ kəndləri turistlərin ən gözəl məkanına çevriləcəkdir. Yollar asfaltlaşdırlandan sonra bu kəndlərdə bütün sahələrdə sürətli inkişaf olacaqdır.  

Burada çıxış edənlərin hər biri onlara göstərilən hədsiz qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə haqlı olaraq dərin təşəkkür və minnətdarlıqlarını ifadə etdilər. Doğrudan da ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının hər birinin prezidenti olduğunu əməli fəaliyyəti ilə sübut edir. Avropa ölkələrinin maliyyə böhranı keçirdiyi bir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın sürəti hamını heyran edir. Sevindiricidir ki, biz bu inkişafı təkcə iri şəhərlərdə deyil, bu cür ən ucqar kəndlərdə də görürük.

Xalqımızın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiyini, ölkə rəhbərliyinin ətrafında sıx birləşdiyini qeyd edən icra başçısı bu birliyi daim qorumağı, dövlətə və dövlətçiliyə sədaqətli olmağı tövsiyə etmişdir.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Taxtanakəran-Toradi avtomobil yolunun hazırda Hamoşam kəndi ərazisində gedən işlərlə yerində tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər