Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunun ən ucqar dağ kəndlərinin avtomobil yolları yenidən qurulur

17 sentyabr 2015 | 15:00

Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da tikinti-quruculuq və yol abadlıq işləri geniş vüsət alıb. Avropanın əksər ölkələri maliyyə böhranı ilə üzləşsə də, ölkəmizdə investisiya qoyuluşu və infrastruktur layihələr uğurla yerinə yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, ölkəmizdə infrastruktur layihələrinin icra edilməsi bundan sonra da davam etdiriləcəkdir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir. Bölgələrdə həyata keçirilən iri infrastruktur layihələrin ardıcıl olaraq icra olunması bu faktı bir daha sübut edir. Bu gün paytaxt Bakımızla yanaşı,  digər şəhər və rayon mərkəzləri, bütün qəsəbə və ucqar kəndlərdə quruculuq-abadlıq işləri, parklar və istirahət mərkəzlərinin yaradılması, rahat asfalt yolların çəkilişi, kəndlərin qazlaşdırılması, içməli su xəttinin çəkilişi, gözəl şəraiti olan yaraşıqlı məktəb binalarının tikintisi, bağça, xəstəxana, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, bölgələrdə mərkəzi icra orqanları rəhbərlərinin qəbullarının və “Asan Xidmət”in təşkili xalqımızın firavan yaşamasına xidmət edir.  
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Astaraya  hər bir səfərində mühüm obyektlərin, xüsusilə, 2015-ci ilin aprelində dənizkənarı park-bulvarın, Deqədi-Pəlikəş avtomobil yolunun, çay emalı fabrikinin açılışında iştirakı və  əhalinin firavan yaşamasına xidmət edən yeni layihələrin həyata keçirilməsi üçün  sərəncamlar imzalaması xalqına olan sevgisinin nümunəsidir. Xalqımız da bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Möhtərəm Prezidentimizin tapşırıqlarını həmişə rəhbər tutan  rayonumuzun İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də yerlərdə əhali ilə tez-tez səyyar görüşlər keçirir, problemlərlə yerindəcə tanış olur, qaldırılan məsələlərə həssaslıqla yanaşır, həlli mümkün olan məsələləri yerindəcə həll edir, digər məsələlər barədə əlaqədar orqanlar qarşısında vəsadət qaldırır. Rayonun Toradi, Hamoşam, Asxanakəran və Motlayataq kənd sakinləri ilə keçirilən səyyar qəbul və görüşlərdə ucqar dağlıq ərazidə yerləşən bu kəndlərin sakinləri sıldırım və keçilməz qayalıqlar arasında salınmış yolların bərbad vəziyyətindən ciddi narazılıqlar edir, rayon mərkəzinə 2 saata çətinliklə getdiklərini bildirir, həmin yolların qaydaya salınması üçün tədbirlər görülməsini xahiş edirdilər. İcra başçısı həmin yolların yenidən qurulacağı barədə vəd versə də çoxları bunun həqiqətə çevriləcəyinə inanmırdı. Təxminən eyni relyefə malik Deqədi-Pəlikəş avtomobil yolunun çəkilişi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının uğurla yerinə yetirilməsi və həmin avtomobil yolunun asfaltlaşdırılması  başa çatdırıldıqdan sonra açılışında ölkə başçısının şəxsən iştirakı bütün rayon ictimaiyyətinin nümayəndələri kimi  Taxtanəkəran-Toradi istiqamətində yerləşən kəndlərin sakinlərinin də böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmaqla onları ümidləndirdi. Bu insanlar tam yəqin etdilər ki, rayon icra hakimiyyətinin başçısı verdiyi vədinə əməl edəcək, həmin yolların asfaltlaşdırılması üçün aidiyyəti təşkilatlar qarşısında vəsadət qaldırmaqla icrasına nail olacaqdır.
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bu ilin 13 aprel tarixində Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun salınması ilə əlaqədar imzaladığı Sərəncam ən unudulmaz bir tarixi hadisə kimi yəqin ki, uzun müddət bu vətənpərvər, zəhmətkeş, məğrur insanların yaddaşından silinməyəcək.
Artıq bir neçə aydır ki, Prezidentin bu Sərəncamının icrası ilə əlaqədar tikinti təşkilatlarının kollektivləri ən müasir texnikanın köməyi ilə  sıldırım dağlar qoynunda qızğın fəaliyyət göstərirlər. Qısa müddət ərzində keçilməz qayalıqlar dağıdılaraq təmizlənmiş, yollar hamarlanaraq çınqıl döşənmiş, bir sözlə yataq işləri yüksək keyfiyyətlə aparılmışdır.  Taxtanəkəran kəndindən Hamoşam kəndinə qədər 20 km-ə yaxın məsafədə avtomobil yolları nəqliyyatın hərəkəti üçün tam normal vəziyyətə gətirilmişdir. Qısa müddətdə Toradi kəndinə qədər yollarda təmizlənmə və yataq işləri başa çatdırılacaqdır.
Tikinti təşkilatının nümayəndəsi Ramiz Ağayev söhbət zamanı bildirdi ki, çox çətin və mürəkkəb relyefə malik dağlıq ərazidə müasir standartlara cavab verən avtomobil yolunun çəkilişi heç də asan deyil. İş zamanı biz çox çətinliklərlə rastlaşırıq. Elə vaxt olur ki, nəzərdə tutulmayan işlərin görülməsi məcburiyyəti qarşısında qalırıq. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev daim bizim işimizlə maraqlanır, rast gəldiyimiz çətinliklərin aradan qaldırılmasına yaxından köməklik göstərir. Məhz onun təşəbbüsü və yaxından köməkliyi ilə avtomobil yolunun daha da genişləndirilməsi, su ötürücü kanalların qazılması, suburaxan boruların qoyulması istiqamətində konkret tədbirlər həyata keçirmişik. Şübhəsiz ki, yol çəkilişində ətraf kəndlərin sakinləri yaxından köməklik göstərirlər. Biz avtomobil yollarının yüksək standartlara uyğun olaraq yenidən qurulması üçün xaricdə istehsal olunmuş ən müasir texnikadan, ağırtonnajlı yük maşınlarından, qayaları və daşları parçalayan ekskavator, buldozer və qreyderlərdən istifadə edirik. Əlbəttə, dar və keçilməz yollarda belə texnikadan istifadə edilməsi çox çətin və risklidir. Lakin biz möhtərəm Prezidentimizin Sərəncamının layiqincə yerinə yetirilməsi üçün bütün çətinliklərə dözür, işlərin yüksək keyfiyyətlə başa çatdırılması üçün  qüvvələrimizi səfərbərliyə alırıq.
Bu günlərdə həmin ərazidə yerləşən Motlayataq, Asxanakəran, Hamoşam, Toradi və yaxınlıqdakı digər kəndlərin sakinləri ilə görüşəndə hamının çöhrəsində hədsiz sevinc və minnətdarlıq hisləri açıq aşkar hiss olunurdu. Söhbətə qoşulanların hər biri möhtərəm Prezidentimiz İlham Əliyevə ucqar dağlıq ərazidə yerləşən, illərlə diqqətdən və qayğıdan kənarda qalmış kəndlərin sakinlərinə bu xoşbəxtliyi nəsib etdiyinə görə ürəkdən təşəkkürlərini və hədsiz məhəbbətlərini ifadə etməyə çalışırdılar.
Asxanakəran kənd sakini, “Tərəqqi” medallı müəllim Arif Əliyev ölkə rəhbərinin bu Sərəncamla bu dağlara təkcə yol yox, yeni həyat, böyük rahatlıq, xoşbəxtlik bəxş etdiyini qeyd edərək, bütün sakinlər adından cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Son 3 il ərzində rayon mərkəzində, qəsəbə və kəndlərdə iri infrastruktur layihələrin yerinə yetirilməsinin təşkilatçısı və təşəbbüskarı olduğuna görə icra başçısı Qəzənfər Ağayevi “İlin adamı” kimi şərəfli ada layiq görülməsi barədə təklif verdi. 
Kənd ağsaqqalı Ramiz Gənciyev çıxışında illərdən bəri həsrətində olduq ları geniş və rahat yolun çəkilişinə görə rayon rəhbərinin adının dağ kəndləri sakinlərinin qəlbində əbədi yaşayacağını diqqətə çatdırdı. Onun 95 yaşlı anasının “Mənim Prezidentimə dilimdən minnətdarlıq teleqramı göndər” deməsini eşitmək isə doğrudan da bu yolun böyükdən kiçiyə qədər bütün kənd sakinlərinin həyatında nə qədər əlamətdar olduğunu aydınlığı ilə göstərir. Kənd sakinlərindən Şirməmməd Fərəcov,  Zülqədər Lələyev, Güləli Məlikov və başqaları da söhbət zamanı  ölkə rəhbəri və onun tapşırıqlarını yüksək məsuliyyət və bacarıqla həyata keçirən İcra başçısı haqqında ürək dolu sevinclə minnətdarlıqlarını bildirdilər.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin aprel ayında rayonumuza tarixi səfərində Deqədi-Pəlikəş dağ yolunun açılışından sonra daha çətin, mürəkkəb relyefə malik olan Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi yolunun asfaltlaşdırılması üçün vəsait ayırması barədə Sərəncamının və həmin Sərəncamın uğurla yerinə yetirilməsi istiqamətində görülən işlər doğrudan da rayonumuzun sakinlərinin sosial problemlərinin həlli istiqamətdə çox mühüm, ürəkaçan bir hadisə olduğunu açıq-aşkar sübut edir.  
Böyük inkişaf yolunda olan Azərbaycanın son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə təkcə şəhər və qəsəbələr deyil, ən ucqar dağ kəndləri də bəhrələnir. Təkcə son 5 ildə rayonumuzda salınan 100 km-dən çox asfalt yolun yarıdan çoxu dağ kəndlərinin payına düşür. Son iki ildə dağ kəndlərində fəaliyyət göstərən 10-a yaxın  ümumtəhsil məktəbi – Pəlikəş, Ağkörpü, Toradi, Hamoşam,  Asxanakəran, Motlayataq kənd tam orta, Amboba və Əzərüd kənd ibtidai məktəbləri üçün müasir tələblərə uyğun məktəb binaları tikilərək yeni inventar və avadanlıqlarla təmin edilmişdir.  Sım və digər kəndlərdə yeni məktəblərin tikintisinin davam etdirilməsi ölkəmizin böyük iqtisadi gücünün təzahürüdür. 
Çox keçməz ki, Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində yaşayan iyirmi mindən çox əhali, eyni zamanda qonşu Lerik rayonunun Toradi kəndi ilə sərhəddə yerləşən Vılık, Vəcələgerə, Lodə, Kaqoy, Tülü, Hübi və digər kəndlərinin minlərlə sakini rahat asfalt yoldan istifadə edəcəklər. Nadir təbiət gözəlliyinə malik bu dağlıq ərazi rahat yoldan sonra turistlərin  tez-tez gəldikləri məkana çevriləcəkdir. Aydın həqiqətdir ki, rahat yol olandan sonra bütün sahələrdə sürətli inkişaf olacaq, dağ kəndlərinin sakinləri bu inkişafdan lazımınca bəhrələnəcəklər.

Keçidlər