Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilmişdir

30 sentyabr 2015 | 15:00

Sentyabrın 29-30 tarixlərində Astara rayonunda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Komitənin digər rəsmiləri ilə yanaşı Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində ulu öndərin həyatının, siyasi və dövlət xadimi kimi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmışlar.
Tədbirin açılışında çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd etmişdir ki,  xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasət kursunun əsas məqsədlərindən biri ölkəmizdə etiqad azadlığının və dini tolerantlığın bərqərar olmasının təmin edilməsidir. Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir ki, Azərbaycan hazırda bütün dünyada  etnik-mədəni tolerantlıq örnəyi kimi qəbul edilir.  Ümummilli liderimizin bu sahədə həyata keçirdiyi böyük işlər bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük vüsətlə davam və inkişaf etdirilir. Ölkə Prezidenti məscidlərin, ziyarətgahların təmiri, bərpası ilə bağlı vaxtaşırı olaraq xüsusi sərəncamlar imzalayır, onların açılışlarında  şəxsən iştirak edir. Ölkəmizdə İslam mədəniyyət abidələri ilə yanaşı, ən qədim alban-xristian məbədləri əsaslı surətdə bərpa və təmir edilmiş, Bakı şəhərində Roma-katolik kilsəsi və regionun ən böyük sinaqoqu inşa edilərək dindarların istifadəsinə verilmişdir.
Hazırda Yaxın Şərqdə, Avropa ölkələrində dinlərarası münasibətlərdə böhran yaşandığı halda Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri vahid ailə kimi mehriban yaşayırlar.  Milli-mədəni irsimizin qorunması və inkişafı Vətənimizin müxtəlif dinlərin nümunəvi birgəyaşayışı, əmin-amanlıq və dözümlülük mühiti olan ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir. 
Milli, dini dəyərlərimiz bizim üçün əzizdir. Çalışmalıyıq ki, gənclərimiz də milli ruhda böyüsünlər. Onları yad təsirlərdən qorumalıyıq. Azərbaycan dövləti bu istiqamətdə öz işini yüksək səviyyədə qurub. Gənclərimizin elmi, intellektual, mənəvi, fiziki inkişafı, maddi təminatı daim ölkə rəhbərinin diqqətindədir.
Astara rayonunda da gənclərin milli-mənəvi dəyərlərimizə uyğun,  vətənpərvərlik ruhda böyüməsi üçün müxtəlif tədbirlərin həyata keçirildiyini, gənclərlə vaxtaşırı keçirilən görüşlərdə, din xadimləri ilə keçirilən maarifləndirici tədbirlərdə din-dövlət münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizin radikal dini meyllərdən uzaq tutulmasının geniş müzakirə edildiyini qeyd edən icra başçısı bu cəhətdən regional konfransların keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır.
Konfransda mövzu ilə bağlı DQİDK sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib.
M.Qurbanlı çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərdən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Sovet dönəmində, ateizmin hökm sürdüyü bir dövrdə Azərbaycanda milli mənəvi dəyərlərin qorunduğunu vurğulayan M.Qurbanlı bu ənənənin bu gün ölkəmizin bütün regionlarında davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, multikulturalizm və tolerantlıq ölkəsi olan Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmandır. Sovet İttifaqı dövründə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2500-ə çatdırılıb.
Azərbaycanda 632 dini icmanın qeydiyyatdan keçdiyini vurğulayan M.Qurbanlı ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.
İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan M.Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.
Ənənəvi İslam dəyərlərini qoruyub saxlamağın və bu dəyərləri olduğu kimi insanlara çatdırmağın qarşıda duram ümdə vəzifələrdən biri olduğunu vurğulayan Komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını fəal olmağa çağırdı.
Konfransda Türkiyə Universitetləri Məzunları İctimai Birliyin sədri Çingiz Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov mövzu ilə bağlı çıxış ediblər.
İkigünlük regional konfrans öz işini sentyabrın 30-da plenar iclasda davam etdirmişdir.

Keçidlər