Astara rayonunun Şiyəkəran kəndində yeni körpünün açılışı olmuşdur
Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində etibarlı körpünün olmamasından uzun illər idi ki, əhali əziyyət çəkirdi. Kəndi yarı bölən çay üzərindəki köhnə asma körpünün təhlükəli olması isə sakinlərin böyük narahatlığına səbəb olurdu. Payız-qış mövsümündə çayda suyun artması ilə təhlükə bir az da artır, nəinki məktəb yaşlı uşaqlar, böyüklərin də körpüdən keçməsi müşkül məsələyə çevrilirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şiyəkəran kəndində ictimaiyyət nümayəndələri ilə keçirdiyi səyyar qəbul və görüşdə əhali bu barədə müraciət edərək, çay üzərində körpünün salınmasını xahiş etmişdilər.
Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü, təşkilatçılığı və yaxından köməkliyi ilə yerli sakinlərin işçi qüvvəsindən istifadə edilməklə bir neçə ay müddətində Pensərçay üzərində 46 metr uzunluğu, 3,5 metr eni olan yeni körpünün tikintisi başa çatdırılmışdır.
Oktyabrın 7-də yeni körpünün açılış mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Əliyev İcra Hakimiyyətinin başçısı və tədbirə gələn qonaqları ictimaiyyət nümayəndələri adından salamlayaraq son illərdə nümayəndəlik ərazisində aparılan abadlıq və quruculuq işləri barədə məlumat vermişdir.
Kənd ağsaqqalı Kazım Əliyev, qəhrəman ana Rəfiqə Qəhrəmanova, “Tərəqqi medallı” müəllim Həbib Həbibov, Şiyəkəran kənd 2 saylı tam orta məktəbin direktoru Xalidə Dadaşova, kənd sakini Fəridə Əliyeva və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Respublikamızda və rayonumuzda görülən işləri yüksək dəyərləndirmiş, möhtərəm Prezidentə dərin minnətdarlığını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamalayaraq yeni körpünün istifadəyə verilməsi münasibətilə onları təbrik etmişdir. Qeyd etmişdir ki, sakinlərin uzun müddət həsrətində olduqları, kəndi iki hissəyə bölən çay üzərində piyadalarla yanaşı minik avtomobillərinin də hərəkət edə biləcəyi körpünün salınması doğrudan da əhəmiyyətli hadisədir. Dünyanın bir sıra ölkələrində iqtisadi böhran yaşandığına baxmayaraq sabitliyin hökm sürdüyü ölkəmizdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi müstəqil Azərbaycanımızın böyük iqtisadi qüdrətə malik olmasının bariz nümunəsidir. Son illər rayonumuzun şəhər, qəsəbə və kəndlərində, eyni zamanda Şiyəkəran kəndində çoxlu quruculuq abadlıq işləri həyata keçirilmişdir. Burada kənddaxili yollar asfaltlaşdırılmış, əhalinin təbii qaz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Şəmətük kəndində dağ çayı üzərində körpünün açılışından bir ay keçməmiş daha bir körpünün istifadəyə verilməsi sevindiricidir. Əhalinin soisal rifah halının yaxşılaşmasına xidmət edən bu cür sosial layihələrin icrası bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir.
Bu istiqamətin, bu inkişaf yolunun xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edildiyini, hazırda ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü, uğurlu siyasəti ilə müvəffəqiyyətlə davam etdirildiyini qeyd edən icra başçısı ölkəmizin taleyinin etibarlı əllərdə olduğunu, gələcəkdə daha böyük nailiyyətlərin qazanılacağını əminliklə söyləmiş, bu işlərdə hər zaman ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.