Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

10 oktyabr 2015 | 15:00

Oktyabrın 9-da Azərbaycanın Astara şəhərində İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə Azərbaycan tərəfindən Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, İran tərəfindən isə aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu səfərdən sonra 45 qarşılıqlı səfər həyata keçirilib, 22 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası təşkil edilib.

Bildirilib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsi və geniş müqavilə-hüquqi baza, eləcə də Dövlət Komissiyasının fəaliyyəti iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları da fəaliyyət göstərir, birgə biznes forumlar, işgüzar görüşlər və sərgilər təşkil olunur.

Vurğulanıb ki, İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Söhbət zamanı nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayan Şahin Mustafayev budəfəki görüşlərdə əsas məqsədin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması olduğunu bildirib. Qeyd edilib ki, hazırda Azərbaycan və İran arasında dəmir yolu xətlərinin birləşməsi olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin Azərbaycanın və İranın tranzit potensialının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O, hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, keçirilmiş yüksək səviyyəli görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini bildirib.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Mahmud Vaezi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin xüsusi önəmini qeyd edib, bu dəhliz vasitəsilə daşımaların əhəmiyyətli dərəcədə artacağını diqqətə çatdırıb.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədilə işçi qrupların yaradılması barədə razılıq əldə olunub.

Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün birgə inşasını, habelə yükaşırma terminalının tikintisini nəzərdə tutur.

Görüşdə, həmçinin gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi məqsədilə müzakirələrin aparılması, eləcə də Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsi barədə razılıq əldə edilib.

Nümayəndə heyətləri Azərbaycan və İran tərəflərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə baxış keçiriblər.

 

Keçidlər