Astara rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Oktyabrın 16-da Astara rayon İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sentyabrın 12-də möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, 2015-ci ilin 9 ayında ölkəmizin iqtisadi göstəricilərinin ürəkaçan olmuşdur. İqtisadiyyat 3,7 % artmış, qeyri-neft sektorunda 6 % artıma nail olunmuş, sənaye istehsalı təxminən 2,1 %, qeyri-neft sənayesi 10 faizdən çox artmışdır.
Azərbaycanda əhalinin pul gəlirləri inflyasiyanı üstələyərək 5,8 % artmış, inflyasiya 3,7 % olmuşdur. Ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, texnika ilə təminat nəticəsində kənd təsərrüfatı da 6,7 faizdən çox artmışdır. Ölkəmizə 9 ayda 16 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir.
Hesabat dövründə 80 minə yaxın yeni iş yeri açılmışdır ki, bunun da 67 mini daimi iş yeridir. Sosial infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam edir. 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilmişdir.
Azərbaycanın tranzit imkanlarının genişləndirməsi istiqamətində mühüm işlər görülmüşdür. Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlmiş, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan tərəfindən tikilən hissəsi istifadəyə hazırlanmışdır.
Ölkəmiz üçün əsas prioritet sahələrdən biri olan ordu quruculuğuna diqqət artırılmış, bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılması davam edir ki, bu da həmin ərazilərdə ordumuzun döyüş qabiliyyətini xeyli artırır.
İqtisadi islahatların uğurlu nəticəsinə görə Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə, MDB məkanında birinci yerə layiq görmüşdür.
Ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməklə, özəl sektorun miqyası getdikcə böyüyür və biznesin inkişafı üçün yeni imkanlar açılır. İndi bölgələrdə əsas infrastruktur layihələrinin - kənd yolları, qazlaşdırma, içməli su layihələrinin icrası sürətlə aparılır.
Bu gün dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan dövlət siyasətimizin alternativsiz olduğunu bir daha göstərir. Tam əminliklə deyə bilərik ki, bu siyasət qarşıdakı illərdə də ölkəmizin iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən qoruyacaq, onun davamlı inkişafını təmin edəcəkdir.
Ölkədə bütün istiqamətlərdə gedən sürətli inkişafı rayonumuzun timsalında aydın görə bilərik. Ölkə Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına rayonumuzun ucqar dağlıq ərazilərini əhatə edən Taxtanakəran–Toradi avtomobil yolunun tikintisi və şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri davam edir. Məktəb tikintisi, yaşayış məntəqələrinin qazlaşdırılması, yolların abadlaşdırılması, yeni körpülərin tikintisi, şəhərə içməli suyun çəkilməsi, elektrik təsərrüfatının yeniləşdirilməsi və digər sosial infrastrukturun qurulması istiqamətində mühüm işlər görülür.
Ölkədə bütün istiqamətlərdə gedən sürətli inkişafı rayonumuzun timsalında aydın görə bilərik.
2015-ci ilin 9 ayında rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 4 milyon 237 min manata qarşı 3 milyon 910 min manat icra olunmuş, bu da 82% təşkil edir. Yerli xərclər isə 14 milyon 826 min manata qarşı 12 milyon 831 min manat icra olunmuş, bu da 87 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 10 milyon 398 min manat dotasiya alınmışdır.
2015-ci ilin 9 ayında ümumi məhsul və xidmətlərin həcmi 3.1 faiz artaraq 124 milyon 221,8 min manat olmuşdur. Ümumi məhsul və xidmətlərin 69.6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6.6 faizi sənayedə, 19.8 faizi tikinti kompleksində, 43.2 faizi kənd təsərrüfatında yaradılmışdır.
Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1184.6 manat təşkil etmişdir.
Rayonda tikinti-abadlıq və quruculuq sahəsində də xeyli işlər görülmüşdür. Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması başa çatdırılmış, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 13 aprel 2015-ci il tarixli digər Sərəncamı ilə Astara şəhərində 860 şagird yerlik orta məktəb binasının əsaslı təmiri və 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakəran-Miki, Taxtanakəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər – Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilmiş, eyni zamanda Kijəbə-Burzubənd avtomobil yoluna 6700 kv.metr və Siyaku kənd daxili yollarına 2500 kv.m asfalt döşənmiş, Marzəsəy və Sığəkəran kəndi istiqamətindəki avtomobil yolları təmir olunmuşdur. Kəndlərarası yollar avtoqreyderlə hamarlanmış, Astara şəhərinin küçələrində 11.000 kv.m əsaslı təmir işləri aparılmışdır. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində uzunluğu 45 metr və Pensərçayın Şəmətük kəndi ərazisindən keçən hissəsində uzunluğu 18 metr uzunluğunda ikiaşırımlı yeni avtomobil körpüsünün tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Şəhərin prospekt və küçələrində küveytlər təmizlənmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, tikinti-quruculuq işləri görülmüş, ictimai yaşayış binalarının fasad hissəsi və dam örtüyündə təmir işləri aparılmışdır. Heydər Əliyev Prospektində yol nişanları quraşdırılmış, hərəkət zolaqlarını ayıran xətlər rənglənmiş və işıqlandırıcılar qoyulmuşdur.
Möhtərəm prezidentimizin Sərəncamı ilə Taxtanakəran–Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinə və şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmirinə başlanılmış, bu istiqamətdə işlər davam edir.
Azərbaycan respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 7.5 km hissəsində işlər tamamlanmış, hazırda burada işlər davam etdirilir.
Şəhərin Xəzər dənizi sahili boyu 6 hektar sahədə park-bulvarın tikintisi başa çatdırılmış, 2 hektar ərazidə çimərliyin tikintisi davam etdirilir. Çimərlik ərazisində hündürlüyü 6.5 metr diametri 12 metr olan dünyanın ən böyük təndirlərindən birinin tikintisində son tamamlanma işləri aparılır.
Çayoba kəndində yeni çay emalı fabriki tikilib istifadəyə verilmiş, ilk dəfə çay məhsulunu emal üçün qəbul etmişdir. Züngüləş kəndi ərazisində 0.3 mvt gücü olan “Astara-1” kiçik su elektrik stansiyasının tikintisində tamamlanma işləri görülür.
2015-ci ilin 9 ayında rayonda 615 iş yeri açılmışdır ki, bundan 435-i daimi iş yerləridir. Açılmış iş yerlərindən 143 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda, 292 iş yeri fiziki şəxslərdə olmuşdur.
2015-ci ilin 9 ayında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda xeyli iş görülmüşdür. Ötən müddətdə 1012 evin qazlaşdırılması həyata keçirilmiş, 9 min 624 p.m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 53 ədəd qaz tənzimləyici şkaf təmir edilərək işlək vəziyyətə gətirilmiş, 20 ədəd yenisi quraşdırılmışdır. Rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 15 min 475-ə çatdırılmışdır.
Çayoba kəndində yeni yaşayış massivlərinin qazlaşdırılması başa çatdırılmış, Züngüləş kəndində 124 təsərrüfat, Şahağacı kəndində Lakator adlanan yeni massivdə 122 təsərrüfat və 8 mənzilli 4 yaşayış binasının qaz xətləri çəkilmiş, sayğaclar quraşdırılmışdır. Hazırda Tüləküvan kəndində 36 min 500 p/m müxtəlif diametrli bütün daşıyıcı və paylayıcı xətlər çəkilmiş, 417 evin qazlaşması yekunlaşmaq üzrədir. Əhaliyə 19 milyon 960 min kub metr həcmində, 1 milyon 996 min manat məbləğində təbii qaz satılmış, 2 milyon 2 min 582 manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 100.4 %-ni təşkil edir.
2015-ci ilin 9 ayında rayonun elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Çayoba kəndindən başlayaraq Astara şəhərinə qədər olan məsafədə yol kənarında olan 10/0.4 kv-luq xətlərin dayaqları dəmir dayaqlarla əvəz edilməsinə başlanılmış, 29 ədəd müxtəlif güclü transformator yenisi ilə əvəz olunmuşdur. 920 abonent üçün yeni sayğac quraşdırılmış, 2125 ədəd 0.4 kv-luq dəmir dayaqlar basdırılmış, rayon ərazisində SİP-ləşdirmə işləri davam etdirilir.
Astara Suvarma Sistemləri İdarəsi əkin sahələrinin, yaşayış məntəqələrinin sel-sularından mühafizəsi üçün bir sıra tədbirlər görmüşdür. Alaşa , Artupa ,Ərçivan, Kakalos ,Balaca Şahağacı ,Şiyəkəran ,Təngərüd və Pensər kəndlərində təsərrüfatların və yaşayış məntəqələrinin sel-sularından mühafizəsini təmin etmək məqsədilə ümumilikdə 109 min 370 p.m suvarma və suötürücü kanallar, 4500 p/m kollektor Drenaj şəbəkəsi palçıq və lildən təmizlənmişdir. Astaraçayda 1500 p.m, Pensərçayda 1700 p.m məsafədə təmizlənmə işləri görülmüş, Pensərçayın Şağlazüzə kəndindən keçən hissəsində 100 p/m–dən çox sahil mühafizə bəndi tikilmişdir. 2012-ci ildə əsaslı təmirinə başlanmış Lovayn su anbarının təmiri və Siyatük kəndiində əkilmiş 40 hektara yaxın yeni çay sahəsinin suvarılması üçün Lovayn nasos stansiyasından 8300 p/m müxtəlif diametrli borudan magistral boru kəmərinin çəkilişi başa çatdırılmışdır.
Kənd təsərrüfatı ili ilə əlaqədar rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. Belə ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 layihə üzrə 210 min manat dəyərində güzəştli kreditlər verilmişdir. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 104 min 821 manat məbləğində subsidiya verilməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bitkiçiliyin inkişafına dövlət dəstəyi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım və mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəşt təkrar (aralıq) əkin aparan istehsalçılara da şamil edilmişdir. Sərəncamın icrasından ötrü təkrar əkinlərlə bağlı kənd ərazi komissiyalarına məktub göndərilmiş, müvafiq bukletlər paylanmış və istehsalçılar arasında izahat-maarifləndirmə işləri aparılmışdır.
Rayonun Şuvi və Ojakəran kəndi ərazisində yaradılmış çayçılıq təsərrüfatında 1 milyondan çox çay şitilləri yetişdirilərək Şuvi kəndi ərazisində 65 hektar yeni çay plantasiyaların yaradılmasına sərf olunmuşdur. Beləliklə ümumi çay plantasiyalarının sahəsi 336 ha olmuşdur ki, bunun da 195 hektarını məhsuldar, 141 hektarını isə cavan çay plantasiyaları təşkil edir. Yaradılmış yeni çəltikçilik təsərrüfatında çəltikçiliyin inkişaf etdirilməsindən ötrü avadanlıqlar gətirilmiş, onların istehsalatda istifadəsinə başlanmışdır.
Rayonda 86 hektar sahədə buğda, 517 hektar sahədə paxlalı bitkilər, 234 hektar sahədə qarğıdalı, 1351 hektar sahədə kartof, 2727 hektar sahədə faraş tərəvəz, 682 hektar sahədə dənli bitkilər, 539 hektar sahədə bostan bitkiləri, 88 hektar sahədə yonca əkilmişdir.
İri buynuzlu mal qaranın sayı 46 min baş, o cümlədən 22500 baş inək və 29000 baş qoyun və keçilər olmuşdur. Ət istehsalı (diri çəkidə) 2725.6 ton, süd istehsalı 22576.4 ton, yun istehsalı 24.5 ton olmuşdur.
2015-ci ilin 9 ayında rayon Məşğulluq Mərkəzində 275 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. İş üçün müraciət edənlərin 204 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuşdur.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2015-ci ilin 9 ayında 30 ha sahədə meşə bərpa tədbirləri görülmüş, o cümlədən 10 hektar əkin və 20 hektar səpin yolu ilə meşə əkinləri aparılmışdır. Quru və yıxılmış ağaclardan qış mövsüminə 622 kub metr odun yanacağı tədarük edilərək müvafiq müəssisələrə daşınmışdır.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Sım kənd tam orta məktəbi üçün inşa edilən 180 şagird yerlik, Artupa kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik tam orta məktəbləri üçün yeni binaların tikintisi və şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri davam etdirilir.
2015-ci ilin 9 ayı ərzində rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinə 165 min 648 nəfər müraciət etmişdir. 1185 doğuş qeydə alınmış, 16 min 849 xəstəyə imtiyazlı resept yazılmış, dərman preparatı ilə təmin edilmişdir.
Hesabat dövründə rayon Mədəniyyət və turizm şöbəsi rayonda keçirilən bütün ictimai-siyasi və bir sıra respublika tədbirlərində fəal iştirak etmişlər. “Dövlət orqanların elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar Heydər Əliyev Mərkəzində toplanmış materiallar əsasında internet saytı yaradılmışdır.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ərazilərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, zəruri tədbirlər görülmüşdür.
Hesabat dövründə RİH başçısı ayrı-ayrı yaşayış məntəqələrində 33 səyyar görüş-qəbul keçirmiş, qəbullarda 2839 nəfər iştirak etmiş, 157 nəfər müxtəlif təklif və problemlə çıxış etmişdir.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Səyyar Asan Xidməti rayonda 9 xidmət növü üzrə 15 gün müddətində fəaliyyət göstərmişdir. Ümumilikdə 4368 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan 2404 nəfərin sənədi qəbul edilmiş, 1931 nəfərə hazır sənəd təqdim olunmuşdur.
Rayon İcra hakimiyyəti kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İlk növbədə işgüzar, bacarıqlı, təcrübəli, tapşırılan işin öhdəsindən layiqincə gələn, dövlətçiliyə sədaqətli gənc kadrların dövlət qulluğuna qəbul olunmasına xüsusi diqqət yetirilmişdir. Ötən müddətdə 12 nəfər gənc kadr dövlət qulluğuna qəbul edilmişdir.
Rayon İcra hakimiyyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəyi, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılmasına ciddi səy göstərəcəyi, rayonumuzun abadlaşdırılması naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrini sərf edəcəyi vurğulanmışdır.
Məruzə ətrafında rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Rayon Mərkəzi Xəstəxananın baş həkimi Əlövsət Əliyev, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdir əvəzi Elbrus Abbasov, rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov çıxış etmişlər.
Şura iclasında yekun sözü ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, məruzə və çıxışlardan göründüyü kimi 2015-ci ilin 9 ayı ərzində rayonda müəyyən işlər görülmüşdür. Şəhər, qəsəbə və kəndlərdə tikinti-quruculuq işləri davam etmişdir. Yollara asfalt çəkilmiş, körpülər salınmış, məktəb və uşaq bağçaları üçün yeni binaların tikintisi və əsaslı təmiri davam etdirilir, yaşayış məntəqələri qazlaşdırılır, elektrik təsərrüfatında əsaslı təmir işləri aparılır.
Bütün bunlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətinin nəticəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev qeyd etmişdir ki, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri, park-bulvarın ərazisinin genişləndirilməsi, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, qazlaşdırmanın 80 %-ə çatdırılması, təbii qaz almayan yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi, Səncərədi kənd uşaq bağçası üçün inşa edilən binanın tikintisinin başa çatdırılması, Sım və Artupa kənd tam orta məktəblərinin yeni tədris binalarının tezliklə istifadəyə verilməsi, sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyət dairəsinin daha da genişləndirilməsi üçün hər cür şəraitin yaradılması və digər məsələlər qarşıda duran əsas vəzifələrdir.