Astara rayonunda əhalinin tibbi müayinəsi ilə əlaqədar humanitar aksiya davam edir
Astara rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə hazırladığı tədbirlər planına əsasən rayon Mərkəzi Xəstəxanasında vətəndaşların müayinəsi ilə əlaqədar humanitar aksiya davam edir.
16 oktyabr tarixindən başlanan müayinədə Bakı şəhərinin müxtəlif klinikalarından və Respublika Diqnostika Mərkəzindən dəvət olunmuş kardioloq, cərrah, ginekoloq, terapevt, pediatr, neonatoloq, oftalmoloq, lor, nevropotoloq, neyrocərrah, radioloqdan ibarət ixtisaslı həkim briqadası artıq 500 nəfərə qədər vətəndaşı müayinə etmişlər. Aşkar olunan xəstələrin bəziləri rayon Mərkəzi Xəstəxanasında, digərləri isə müvafiq olaraq Bakı şəhərinin ixtisaslaşmış xəstəxanalarına müalicə məqsədi ilə göndərilirlər. Hazırda müayinələr davam etməklə, ümumilikdə 700 nəfərdən çox vətəndaşın müayinəsi nəzərdə tutulmuşdur.
Humanitar aksiya rayon sakinləri tərəfindən yüksək qiymətləndirilmiş, vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, təşkilatçılara və müayinədə iştirak edən həkimlərə dərin minnətdarlıqlarını bildirmişlər.