Dövlət Bayrağı günü münasibətilə Astara rayonunda ümumrayon tədbiri keçirilmişdir
6 noyabr 2015-ci il tarixdə Astara rayonda Dövlət Bayrağı Meydanında 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbiri rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bayıl qəsəbəsində Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olmuşdur. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraqdır. 35 metr eni, 70 metr uzunluğu, 162 metr hündürlüyü olan bu bayraq şəhərimizin hər bir yerindən aydın görünür. Ginnes dünya rekordları təşkilatı Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır.
Rayonumuzda da iki yerdə - Astara şəhərində və Kijəbə qəsəbəsində salınan Bayraq meydanlarında əzəmətli Dövlət bayrağının ucaldıldığını qeyd edən aparıcı, hər iki Bayraq Meydanının açılışında ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etməsinin əlamətdar bir hadisə kimi heç vaxt unudulmayacağını və astaralıalrın bununla qürur duyduğunu diqqətə çatdırmışdır.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasəti ilə tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, milli dövlət bayrağımızın ölkəmizin hər yerində olduğu kimi Dağlıq Qarabağda da dalğalanacağı vurğulanmışdır. Tədbirdə rayon İcra Hakimiyyətinin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon mərkəzi kitabxananın müdiri, YAP rayon gənclər təşkilatının sədri Tural Eyvazov, Astara Pedaqoji Kollecin dil-ədəbiyyat müəllimi Vüsalə Cavadova və başqaları çıxış etmişlər.