Gəncə, Şəmkir, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax və Gədəbəy məktəbliləri Astarada
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə, Şəmkir, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan şagirdlərin bir qrupu layihə üzrə tərtib olunan səfər proqramına uyğun olaraq 17-18 noyabr tarixlərində Astara rayonunda olmuşlar.
Məktəbliləri Heydər Əliyev parkında rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyət nümayəndələri mehribanlıqla qarşılamışlar.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova tur-aksiya iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən söhbət açmış, cənab Prezidentin bilavasitə tapşırığı əsasında həyata keçirilən tur-aksiyanın əhəmiyyətini bir daha diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində rayonda görülmüş işlər və aparılmış abadlıq-quruculuq işləri haqqında şagirdlərə ətraflı məlumat verilmişdir.
Tur-aksiya iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olmuşlar. Mərkəzdə onlara dahi şəxsiyyətin irsi haqqında ətraflı məlumat verilmişdir.
Məktəblilər rayon Tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxış keçirmiş, “Astaraçay” MMC-də yaradılmış muzeylə tanış olmuşlar.
Sonra şagirdlər Park-bulvarda olmuş, burada yaradılmış şəraitlə yaxından tanış olmuş, “Yanar bulaq”, rayonun təbiət mənzərələri və görməli yerlərini seyr etmişlər.