Qərb bölgəsinə səfər astaralı şagirdlərin yaddaşında dərin iz qoyub.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu ilə səfər edən şagirdlər və onların müəllimləri noyabrın 19-da axşam saatlarında Astaraya qayıtdılar. Tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər qarşıladılar.
Suparibağ kənd tam orta məktəbinin kimya-biologiya müəllimi Arzu Həsənova səfər təəssüratlarını bölüşərək dedi:
-Rayonun IX-XI sinif şagirdləri tur-aksiya çərçivəsində Qərb regionun bir çox görməli yerləri - qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları Ilə yaxından tanış oldular. Tam əminliklə demək olar ki, tur-aksiya şagirdlərin Vətən sevgisinin və dünyagörüşünün daha da artmasında, mənəvi inkişafında müsbət rol oynayır.
Gənc nəslin vətənpərvər ruhda, tariximizə, mədəni irsimizə dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox mühüm amildir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə dövlətimizin başçısına aksiyada iştirak edən şagird və müəllimlər adından dərin minnətdarlığımı bildirmək istərdim.
Burzubənd kənd tam orta məktəbinin IX sinif şagirdi Ramal Osmanlı isə təəssüratlarını belə ifadə etdi:
-Qədim yurd yerlərimiz olan Gəncənin, Göygölün və Şəmkirin tarixi, əsrarəngiz gözəllikləri haqqında kitablardan və sənədli filmlərdən məlumatım vardı. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə gördüm. Necə deyərlər, çox gəzən çox bilər. Bizə bu imkanı yaradan dövlətimizin başçısına “Çox sağ olun!” deyirik.
Astara şəhərindəki 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayişə Bağırova söhbətə qoşularaq dedi:
-Gördüyüm tarixi abidələr yaddaşımda daha dərin izlər qoyub. Gəncə tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim eksponatlar, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, Çökək hamam, Göygöl rayonunda Alman kirxası, alman evləri, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar... Bütün bunları gözümüzlə gördük, əyani surətdə xeyli məlumat toplaya bildik. Bir sözlə, vaxtımız çox səmərəli və xoş keçdi.