YAP Astara rayon təşkilatında partiyanın yaranmasının 23 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi
Noyabrın 21-də YAP Astara rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə geniş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirdi ki, respublikamızın hər yerində Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü böyük təntənə ilə qeyd olunur. Zamanın tələbi və xalqın istəyi ilə yaranan bu partiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizi və dövlətçiliyimizi ən çətin dövrlərdə qoruyaraq bugünkü inkişaf səviyyəsinə çatdırıb.
YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyinə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
Tədbirdə rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, Mərkəzi Xəstəxananın həkimi Fuad Səmədov, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Xanverdi Şirinov, YAP rayon təşkilatı Gənclər birliyinin sədri Tural Eyvazov, Kijəbə qəsəbə sakini, YAP rayon təşkilatının yaradıcılarından biri Nəsrəddin Teymurov, MKS-nin filial direktoru Sakitə Əliyeva, şəhər 5 saylı tam orta məktəbin müəllimi Zakir Abdullayev və başqaları çıxış etmişlər.
Məruzə və çıxışlarda qeyd olunub ki, 23 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyası respublikamızın sosial və iqtisadi inkişafında mühüm rol oynayıb. Bu gün hamı etiraf edir ki, 1990-cı illərin əvvəllərində ölkəmizdə baş alıb gedən özbaşınalığın və xaosun aradan qaldırılmasında, dağılmaq təhlükəsi altında olan müstəqilliyimizin və dövlətçiliyimizin xilas edilib, möhkəmləndirilməsində ulu öndər Heydər Əliyev başda olmaqla Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri olub. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəyinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.
Tədbirdə bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha sürətlə inkişaf edir. Son parlament seçkilərində YAP-nın inamlı qələbəsi bu partiyanın çox böyük potensial imkanlara malik olduğunu bir daha əyani şəkildə sübut etdi. YAP Astara rayon təşkilatı da öz fəaliyyətini xeyli gücləndirib. Hazırda rayon təşkilatının 6500-dən çox üzvü vardır. Bunlardan 2396 nəfəri gənclər, 2289 nəfərini qadınlar təşkil edir. Rayon təşkilatı üçün yeni tikilmiş ikimərtəbəli binada YAP üzvlərinin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Astaralılar fəxr edirlər ki, YAP rayon təşkilatının yeni binasının açılışında Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev şəxsən iştirak edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının bir qrup fəalına fəxri fərmanlar və hədiyyələr təqdim olundu.