Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən Tüləguvan kəndinə təbii qaz verildi

23 noyabr 2015 | 16:00

Müstəqillik yollarında inamla addımlayan respublikamızda son illərdə bütün sahələrdə sosial-iqtisadi inkişaf sürətlənir. Bu sürətli inkişafı Astara rayonunun timsalında daha aydın görmək olar. Tikinti-quruculuq sahəsində yüksək uğurlar əldə edən rayonumuzda əhalinin mavi yanacağa olan tələbatının ödənilməsi də diqqət mərkəzindədir.
Keçmiş SSRİ dövründə rayonun bir sıra yaşayış məntəqələrinə qaz xətti çəkilsə də ucqar ərazidə yerləşən kəndlər təbii qazdan istifadə edə bilmirdi. Son illərdə rayonda qazlaşdırılma istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində əhalinin mavi yanacağa olan tələbatı yüksək səviyyədə ödənilir. Rayonun yaşayış məntəqələrinin 85 faizi təbii qazla təmin olunmuşdur.
Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən Tüləguvan kəndinin sakinləri uzun illər idi ki, təbii qaz xətti olmadığına görə ciddi çətinliklərlə üzləşirdi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  bu kənddə səyyar qəbul keçirərkən sakinlərin əsas təkliflərindən biri də əraziyə qaz xəttinin çəkilməsi barədə idi. İcra başçısının müraciəti əsasında   “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun bir sıra kəndlərinə, o cümlədən ucqar dağlıq ərazidə yerləşən Tüləguvan kəndinə təbii qaz xəttinin çəkilişinə başlanıldı. İsti yay və  payızın yağmurlu günlərində  kəndin 408  təsərrüfatına mavi qaz xətti çəkilişi gərgin zəhmət hesabına uğurla başa çatdırıldı.
Noyabrın 23-də Tüləguvan kəndində təbii qaz xəttinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə RİHB-nın Kijəbə qəsəbəsi üzrə ərazi nümayəndəsi Rafael Babayev açaraq son illərdə rayonumuzda və qəsəbə ərazisində aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib. Uzun illərdən bəri həsrətində olduqları arzuya qovuşmaları münasibəti ilə kənd sakinlərini təbrik edib.
Tədbirdə Tüləguvan kənd sakinləri Xalıq Əmənullayev, Ofelya Xankişiyeva, Firudin Abbasov, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İxtiyar Seyfullayev və başqaları çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə misilsiz inkişaf diqqəti cəlb edir. Astara rayonunun timsalında bu inkişafı daha aydın hiss etmək olur. Rayon mərkəzində, qəsəbə və kəndlərdə yeni-yeni təhsil müəssisələri tikilir, yollar asfaltlaşdırılır, park-xiyabanlar, körpülər salınır. Ən ucqar dağlıq ərazidə yerləşən Deqədi-Pəlikəş avtomobil yolu istifadəyə verilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində avtomobil yolunun çəkilişi davam etdirilir. Rayon mərkəzində əhalinin istifadəsinə verilmiş möhtəşəm dənizkənarı park-bulvar təkcə yerli sakinlərin deyil, respublikamızın ayrı-ayrı rayon və şəhərlərindən, xarici ölkələrdən gələn qonaqların böyük marağına səbəb olub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək Tüləguvan kənd sakinlərini təbii qaz xətti çəkilişinin başa çatması və kənddə mavi yanacaq verilməsi münasibətilə ürəkdən təbrik edib, xoş arzularını bildirib.  İcra başçısı qeyd edib ki, təkcə Kijəbə qəsəbəsində bu il dördüncü dəfədir ki, açılış mərasimlərində iştirak edir. Deqədi-Pəlikəş avtomobil yolunun, Kijəbə qəsəbə xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsinin, Tüləguvan-Şəmətük-Xıçaso kəndlərini birləşdirən 18 metr uzunluğunda yeni körpünün açılışlarından sonra bu gün Tüləguvan kəndinə təbii qaz verilməsinin açılış mərasimi keçirilir.  Bu faktlar  bir daha onu göstərir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları böyük uğurla yerinə yetirilir. Rayonumuzun bütün sakinləri geniş miqyaslı tikinti-quruculuq, şəhər, qəsəbə və kəndlərimizin abadlaşdırılması istiqamətində aparılan işlərə görə Möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Tüləguvan kənd sakinləri mavi yanacaqla təmin olunmalarında zəhməti olanlara ən xoş arzularını çatdırmağı özlərinə borc bildilər. Gələn il Tüləguvan kəndinə gedən yolun əsaslı təmiri üçün konkret tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Bir sözlə, yola saldığımız il rayonumuzun sosial-iqtisadi inkişafında ən uğurlu illərdən biri olacaqdır.
Sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Tüləguvan kəndinə təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.
Tüləguvan kənd sakini Xalıq Əmənullayevin evində təbii qazın yandırılması mərasimində iştirak edən ailə üzvləri  kənd sakinlərinə  göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Keçidlər