Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kəndində səyyar qəbul və görüşü
Noyabrın 27-də Şuvi kənd Diyarşünaslıq evində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə səyyar qəbul və görüş keçirmişdir. Rayon İcra hakimiyyətinin başçısının Şuvi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət Qüdrətov tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamlamış, son dövrdə ərazidə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
Səyyar qəbul və görüşdə iştirak edən kənd sakinlərindən şəhid anası Svetlana Məmmədova, Qarabağ əlili Uğur İbrahimov, Tərlan Ramazanov, Zakir Məmmədov, Sadıq Rəsulov, Şamil Şabanov, Rəsul Salayev, Mahmud Məmmədov, Manaf Baxşiyev və başqaları çıxış edərək Şuvi kəndində son illərdə geniş miqyasda yol-abadlıq və infrastruktur layihələrin yerinə yetirilməsi barədə görülən işləri yüksək qiymətləndirmiş, Ərçivan-Şuvi-Alaşa-Qapçıməhəllə dairəvi avtomobil yolunun və təbii qaz xətlərinin çəkilişi, Şuvi kənd tam orta məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi və digər tikinti quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər Sərək və Siyatük kəndlərində yeni məktəb binalarının tikintisi, Şuvi kənd uşaq bağçasının və kəndarası yolların əsaslı təmiri, Sekəşan kəndinə elektrik xəttinin çəkilişi, Siyatük kəndidə yeni transformatorun qoyulması və elektrik təsərrüfatının əsaslı təmiri, Deqədi kəndinə və yeni məhəllələrə qaz xəttinin çəkilişi, içməli su təminatı və digər məsələlər barədə təkliflərini diqqətə çatdırmışlar.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd sakinləri ilə indiyədək bir neçə dəfə görüş keçirdiyini, həmin səyyar qəbul və görüşlərdə qaldırılan məsələlərin yerinə yetirilməsi üçün konkret tədbirlər görüldüyünü bildirmişdir. İllərdən bəri öz həllini gözləyən və əhalinin ciddi narahatlığına səbəb olan Ərçivan kəndindən Sərək, Şuvi, Siyatük, Şovaş və digər kəndlərə gedən avtomobil yolunun ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına yenidən qurulması və asfaltlaşdırılması kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Həmin avtomobil yolunun açılışında Möhtərəm Prezidentimizin şəxsən iştirak etməsi onun Astara və astaralılara göstərdiyi qayğı və diqqətin parlaq təzahürüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev bizim təkliflərimizi qəbul edərək, Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının tikintisi ilə əlaqədar müvafiq Sərəncamlar imzalamışdır. Deqədi-Pəlikəş avtomobil yolu qısa müddətdə çəkilərək başa çatdırılmışdır. Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının tikintisi davam etdirilir. Şuvi kənd sakinlərinin təbii qaza olan tələbatının ödənilməsi istiqamətində xeyli iş görülmüş, Şuvi kənd tam orta məktəbi üçün 480 yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə yerinə yetirən Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində mümkün olmuşdur. Dünya maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə respublikamızın hər yerində, o cümlədən Astara rayonunda bütün sahələrdə dinamik inkişafın şahidiyik. Rayonumuzun ucqar dağlıq ərazisində yerləşən kəndlərimizin abadlaşdırılması, yol təsərrüfatının yenidən qurulması, digər infrastruktur layihələrin uğurla yerinə yetirilməsi hamımızı ürəkdən sevindirir. Şübhə yoxdur ki, bu istiqamətdə gələcəkdə də işlər davam etdiriləcəkdir.
İcra başçısı səyyar qəbul və görüş zamanı qaldırılan məsələlərin operativ həllindən ötrü tədbirdə iştirak edən aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.