Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Çayoba kəndində sakinlərlə görüş və səyyar qəbul keçirmişdir
Tədbiri giriş sözü ilə açan RİHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Axundov Çayoba kənd sakinləri ilə görüşə gələn rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərini salamladıqdan sonra ötən səyyar qəbuldan keçən müddət ərzində görülən işlər barədə ətraflı məlumat vermişdir. Son dövrdə əvvəllər Telman, hazırda rayon rəhbərliyinin təşəbbüsü və ölkə başçısının Sərəncamı ilə Çayoba adlandırılan və Pensər ərazi icra nümayəndəliyinə daxil olan bu kənddə xeyli quruculuq və abadlıq işləri aparılmışdır. Kəndin mərkəzinə asfalt yol çəkilmiş, yeni məktəb binası tikilmiş, əhali ilk dəfə olaraq təbii qazla təmin olunmuşdur.
Səyyar qəbul və görüşdə çıxış edən kənd sakinləri Sərraf Əhmədov, Ofelya Həsənova, Qasım Həsənov, Yeganə Babayeva və başqaları son dövrlər ərzində kənddə mühüm infrastruktur layihələrinin uğurla yerinə yetirilməsi barədə razılıqlarını bildirmiş, yeni məktəb binasının istifadəyə verilməsi və təbii qaz xəttinin çəkilişinə görə daim öz vətəndaşlarına qayğı və diqqət göstərən möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını diqqətə çatdırmışlar. Çıxış edənlər görülən işlərlə yanaşı mövcud problemlər - Çayoba kənd tam orta məktəbinin yeni tikilmiş binasının qazlaşdırılması, kənddəki uşaq bağçasının təmiri, tibb məntəqəsinin həkimlə təmin olunması, ərazidəki mövcud transformatorun və yararsız elektrik dirəklərinin dəyişdirilməsi barədə təkliflərini vermişlər.
Səyyar qəbul və görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Çayoba kəndinin sakinləri ilə növbəti işgüzar görüşdən məmnun qaldığını bildirərək, burada qaldırılan məsələlərin operativ həllindən ötrü aidiyyəti qurumların rəhbərlərinə yerindəcə konkret tapşırıqlar vermişdir. İcra başçısı qeyd etmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla yerinə yetirilir. Nəinki respublikanın iri şəhərlərində, hətta ən ucqar bölgələrində belə geniş abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması üçün yeni-yeni infrastruktur layihələr yerinə yetirilir. Rayonumuzun ən ucqar dağlıq ərazilərinə müasir standartlara uyğun yeni avtomobil yollarının və təbii qaz xətlərinin çəkilməsi, park və xiyabanların, yeni körpülərin salınması, təhsil müəssisələrinin tikilməsi görülən işlərin yalnız bir hissəsidir. Göstərilən bu qayğı və diqqətə görə rayonumuzun bütün sakinləri möhtərəm Prezidentimiz İlham Əliyevə səmimi qəlbdən təşəkkür və minnətdarlıqlarını bildirirlər. Təkcə Çayoba kəndində qısa müddətdə görülən geniş abadlıq və quruculuq işləri, müasir tələblərə cavab verən tam orta məktəbin və çay emalı fabrikinin istifadəyə verilməsi, əhalinin böyük sevincinə səbəb olan təbii qaz xəttinin çəkilməsi çay emalı fabrikinin açılışında şəxsən möhtərəm Prezident İlham Əliyevin iştirak etməsi sadə kənd sakinlərinə göstərilən diqqət və qayğının parlaq sübutudur.