“Dahi şəxsiyyət - Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Dekabrın 11-də Astara Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş “Dahi şəxsiyyət - Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etdi ki, xalqımız müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anım gününü dərin hüznlə qeyd edir. Müdrik və uzaqgörən siyasəti və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyət, dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik dahi insan, xalqını sevən, onun gələcəyi naminə həyatını öz xalqına bağışlayan ən böyük azərbaycanlı idi.
Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. O, müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlıgının əsasını qoymuşdur. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdir. Heydər Əliyev-adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır.
Elmi-praktik konfransda “Dahi şəxsiyyət-Heydər Əliyev” filmi nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ulu öndərin ömür yolu barədə məruzə etmişdir. YAP rayon təşkilatının sədri Firudin Əhmədov, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, ağsaqqal Nəsrəddin Teymurov, keçmiş Ali Sovetin deputatı Əminə Həsənova, şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülnar Məmmədova çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri və onunla görüşləri barədə fikirlərini bildirmişlər.
Qeyd olunmuşdur ki, Heydər Əliyev ucalardan ucada dayanan böyük şəxsiyyətdir. Bunu dahi şəxsiyyətin keçdiyi mənalı ömür yolu parlaq şəkildə sübut edir. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gördüyü ən böyük işlərdən biri Azərbaycanı, Azərbaycan xalqını keçmiş SSRİ məkanında tanıtmaq oldu. O, Azərbaycanı keçmiş SSRİ-nin ən inkişaf etmiş, qüdrətli respublikalarından birinə çevirdi.
Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində 1993-2003-cü illərdə Azərbaycan dünyada tanındı, xalqımızın haqq səsi beynəlxalq aləmdə eşidilməyə başladı. Dünyanın bütün dövlətlərinin diqqəti Azərbaycana yönəldi. Azərbaycan BMT-nin, Avropa Şurasının üzvü oldu. Bütün bunları yalnız Heydər Əliyev kimi tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, dünyada tanınmış siyasətçi edə bilərdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyi yolunda misilsiz xidmətlər göstərmişdir. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.