Astara rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Şərəfli ölüm ayrılıq deyil, cismani yoxluqdur. O yoxluqdan illər keçsə də, milyonların isti ürəyi bu varlığı yaşadır. Bu tarixi şəxsiyyət ümummilli liderimiz, ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev tarixdə izini qoyub əbədiyyətə qovuşsa da, ideyaları, əməlləri və amalları ilə daim yaşayır.
Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə rayonumuzun hər yerində, ərazi nümayəndəlikləri və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda maraqlı tədbirlər, mərasimlər keçirilmişdir. Astara Pedaqoji kolleci və bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmişdir.
Dekabrın 12-də rayonumuzun on minlərlə sakini şəhərimizin mərkəzi meydanına - Heydər Əliyev parkına ulu öndərin əzəmətli abidəsini ziyarət etməyə gəlmişdi. Ucu-bucağı görünməyən insan axını ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş böyük, dahi şəxsiyyətə göstərilən hədsiz məhəbbətin sübutu idi.
Əvvəlcə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra başçısının müavinləri, Şura üzvləri, ağsaqqallar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil və gül dəstələri qoymuşlar. Sonra rayonun inzibati orqanlarının, idarə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndəlikləri və bələdiyyələr, bir sözlə bütün rayon ictimaiyyəti görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir daha yad edərək ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Rayon ictimaiyyətinin nümayəndələri günün sonunadək ulu öndərin abidəsini ziyarət edərək ruhuna dualar oxumuşlar.