Prezidentin ad günündə yeni məktəb sevinci
Bütün respublikada olduğu kimi Astarada da son illər yeni məktəb binalarının tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılmışdır. Bunun əyani sübutudur ki, son 10 ildə rayonumuzda 50-yə qədər məktəb binası yeni tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Son tamamlanma işlərinin aparıldığı rayonun Sım kənd tam orta məktəbi üçün tikilən yeni bina yaxın zamanlarda, əsaslı təmir olunan Astara şəhər 2 saylı tam orta məktəb binası isə gələn tədris ilində istifadəyə veriləcəkdir.
Ölkə Prezidenti möhtərəm cənab ilham Əliyevin anadan olduğu gündə - 24 dekabr tarixində Astara rayonunun Artupa kəndində şəhid Yaqub Ağayevin adını daşıyan yeni tikilmiş Artupa kənd tam orta məktəb binasının açılışı olmuşdur. Yeni məktəb tikintisi sakinlərin çoxdankı arzusu idi. Ona görə də bu tədbir kənd sakinlərinin, müəllim və şagird kollektivinin ölkə rəhbərinə hədsiz minnətdarlıqları ilə yaddaqalan oldu. 360 şagird yerlik, ikimərtəbəli yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait vardır.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə rayonun bütün pedaqoji və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi.
Kənd ağsaqqalı, şəhid Yaqub Ağayevin atası Əskər Ağayev və Ağakişi Əsədullayev sakinlər adından çıxış edərək əlamətdar bir gündə, ölkə Prezidentinin ad günündə hər cür yüksək şəraitə malik məktəb binasının ıstifadəyə verilməsini, Ulu Öndər siyasətinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu vurğulayaraq, bu gözəl məktəbi ölkə rəhbərinin yetişməkdə olan gənc nəslə hədiyyəsi kimi dəyərləndirmişlər. Müstəqil dövlətimizin inkişafı naminə ölkə başçısının gördüyü möhtəşəm işləri alqışlayan sakinlər təhsilin inkişafı üçün yaradılmış yüksək şəraitə görə razılıqlarını bildirmiş, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etmişlər.
Açılışda iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd etdi ki, son on ildə respublikada 3 minə qədər yeni məktəb binasının tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilməsi, tədris müəssisələrinin ən yeni invertar və avadanlıqlarla təmin edilməsi, aparılan təhsil islahatları gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir. Dövlətimizin təhsilin inkişafı üçün həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, elmi, intellektual səviyyəsi ilə seçilən azərbaycan gəncliyi harda olur olsun sivil cəmiyyətin nümayəndəsi kimi ölkəmizi, xalqımızı ləyaqətlə təmsil edirlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir. Qeyd etmişdir ki, yeni məktəb binasının açılışının ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin ad günündə olması şagird, müəllim və kənd ictimaiyyətinin sevincini artıraraq bu tədbiri daha yaddaqalan və önəmli edir. Ulu Öndər həmişə elmə, təhsilə böyük diqqət və qayğı göstərirdiyi kimi bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də təhsilin inkişafına böyük diqqət göstərir. Son illərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər buna bariz nümunədir. Hazırda bəlkə dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məktəb binası tikilib istifadəyə verilmir. Elə bu ərazi nümayəndəliyində yerləşən dörd məktəbin ikisi yeni tikilmişdir. Digər ərazilərdə məktəb tikintiləri davam etdirilir. Bütün bunlar yetişməkdə olan gənc nəslin yüksək savad alması, elmi biliklərə yiyələnməsi və öz xalqına, dövlətinə ləyaqətlə xidmət etməsi üçündür.
Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən bu cür təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.
Görülən işlər təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Başa çatmaqda olan 2015-ci ildə rayonumuzda əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm layihələr həyata keçirilmişdir. Ucqar dağlıq əraziləri əhatə edən Deqədi-Pəlikəş avtomobil yolunun, “Astaraçay” MMC-nin çay emalı fabrikinin, Astara şəhərinin dənizkənarı park-bulvar kompleksinin əhalinin istifadəsinə verilməsi xüsusilə qeyd edilməlidir. Bundan başqa Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində uzunluğu 45 metr və Şəmətük kəndi ərazisindən keçən hissəsində uzunluğu 18 metr olan yeni avtomobil körpüsünün tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 7.5 km hissəsində işlər tamamlanmış, qalan hissəsində işlər davam etdirilir. Rayonun qazlaşdırılmasının tam başa çatdırılması istiqamətində xeyli iş görülmüşdür. Çayoba, Tüləguvan və digər ucqar ərazidə yerləşən kəndlərin əhalisi illərdən bəri həsrətində olduğu təbii qazla təmin olunmuşlar.
Hazırda 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi, 860 şagird yerlik orta məktəb binasının əsaslı təmiri davam etdirilir.
Sizi yeni tikilmiş bu məktəb binasının istifadəyə verilməsi münasibətilə bir daha təbrik edir, inanıram ki, burada təhsil alan uşaqlar dövlətimizin və xalqımızın ən layiqli övladları kimi yetişəcəklər.
Bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı ölkə Prezideni möhtərəm cənab İlham Əliyevə bu diqqət və qayğıya görə hədsiz minnətdarlığımızı bildirirərək, bütün astaralılar adından ölkə başçımızı ad günü münsibəti ilə ürəkdən təbrik edir, müstəqil Azərbaycanamızın firavanlığı və çiçəklənməsi, inamla idarə edilməsi yolunda uğurlar arzulayırıq.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov Artupa kənd tam orta məktəbinin yeni tədris binasının açılış lentini kəsmişlər.
Tədbir iştirakçıları məktəbin kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı, və kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.