Astara rayonunda 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə tarixə parlaq səhifə yazdılar.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 20 yanvar qırğınından 26 il keçməsinə baxmayaraq qədirbilən xalqımız hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
20 yanvar 2016-cı il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır. Həmin qanlı terrorda imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri - Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu astaralı idi.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.
Qanlı yanvar faciəsi törədilən vaxtı iqtidar qüvvələr qaçıb gizləndiyi halda, Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilmiş, şəhidlərin ruhuna dua oxunmuşdur.
Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.