Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada yerli sahibkarlarla işgüzar görüş

30 yanvar 2016 | 16:00

30 yanvar 2016-cı il tarixdə Astara Rayon İcra Hakimiyyətinin geniş iclas salonunda rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayevin iştirakı ilə rayonda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüş keçirilib. Görüşdə rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin fermer təsərrüfatlarının başçıları, istehsal, emal, kommersiya sahələrində çalışan sahibkarlar iştirak ediblər.

Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında möhtərəm Prezident İlham Əliyev respublika iqtisadiyyatının dinamik inkişafını təmin etmək məqsədilə mühüm vəzifələri göstərməklə yanaşı, bu işdə sahibkarların müstəsna rolunu xüsusilə diqqətə çatdırıb. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ötən dövr ərzində sahibkarlığın inkişafı üçün böyük işlər görülüb. Ancaq yeni dövr yeni yanaşmalar tələb edir. Ona görə  də sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir. Yerli istehsal qorunmalı, bununla bərabər inhisarçılığa yol verilməməlidir.

Rayon icra hakimiyyətinin başçısı yerli sahibkarlarla görüşün məhz bu məqsədlə keçirildiyini diqqətə çatdıraraq, ilk növbədə sahibkarların fəaliyyəti, onların işinə mane olan məsələlərin olub-olmaması, ümumilikdə iş adamlarını narahat edən problemlər və təkliflər barədə məlumatların verilməsini bildirib. Möhtərəm cənab Prezidentin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq ötən il  biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən gömrük sistemində prosedurların  sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlərin davam etdirilməsi sahibkarların ürəyindən olmuşdur. Bütün bunlarla yanaşı, yaradılan əlverişli şəraitdən yerli iş adamlarımız səmərəli istifadə etmək üçün bütün imkanlardan bacarıqla istifadə etməlidirlər. Astara aqrar rayondur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır. Rayonumuzun torpaqları bərəkətlidir, əhalisi işgüzardır, əməksevərdir. Yaxın tarixə nəzər salsaq görərik ki, rayonda 100 min tondan çox tərəvəz, 6 min tondan çox yaşıl çay yarpağı, digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu faktlar onu göstərir ki, rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün fermerlərin üzərinə böyük məsuliyyət düşür. Əlbəttə, bugünkü görüşdə sahibkarların qaldırdıqları məsələlər, verdikləri təkliflər bizim üçün çox vacibdir. Bu təkliflər ətraflı təhlil ediləcək və konkret tədbirlər görülməsi üçün aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılacaqdır. Diqqətə çatdırılmalıdır ki, rayonumuzda çayçılığın, taxılçılığın, xüsusən çəltikçiliyin, arıçılığın və digər sahələrin inkişaf etdirilməsi sahəsində zəngin təcrübə toplanılmışdır.

Yerli iş adamlarından İsrafil İsrafilov, Tarif Hüseynov, Elçin Əsədullayev, Səfərəli İbadov, Aydın Məcidov, Fəxrəddin Məhərrəmov, Fərhad Şiriyev, Arif Nəzərov, Rafiq Cəfərov və başqaları çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi qayğı və diqqətə görə minnətdarlıqlarını bildirmiş, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini diqqətə çatdırmışlar. Sahibkarlar rayonda boş qalmış əkin sahələrindən səmərəli istifadə olunması üçün pay torpaqlarının iri fermer təsərrüfatı şəklində birləşdirilməsi, tələb olunan texnika ilə təmin olunması, suvarma işinin səmərəli təşkili, güzəştli kreditlərin verilməsi, keyfiyyətli toxumların gətirilməsi, hazır məhsulun satışı üçün yeni bazarların müəyyən edilməsi və digər təkliflərlə çıxış etmişlər.

“Aqrolizinq” ASC-nin Lənkəran, Astara, Lerik rayonları üzrə nümayəndəsi Sərraf Heydərov, rayon suvarma sistemləri idarəsinin rəisi Habil Manafov çıxış edərək verilən təkliflərin və qaldırılan problemlərin həlli istiqamətində  görüləcək işlər barədə ətraflı məlumat vermişlər.

AAAF Park MMC-nin direktoru Alim Məmmədov çıxış edərək sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün rayonda yaradılan şəraitdən razılığını bildirmiş, respublika ərazisində Xırdalan şəhərindən sonra məhz Astara rayonunda ikinci böyük layihə olan “AAAF Park Astara Yaşayış Kompleksi” layihəsini uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Bu layihə üzrə tikinti-quraşdırma və abadlıq-yenidənqurma işləri, əsasən Astara şəhərinin Cəfər Cabbarlı və Gənclər küçələrində həyata keçirilir. “AAAF Park Astara Yaşayış Kompleksi” layihəsinə əsasən ayrılmış ərazidə çoxmərtəbəli yaşayış binalarının, fərdi yaşayış evlərinin, idman obyektlərinin, yeni müasir otel binalarının, o cümlədən qapalı və açıq uşaq əyləncə mərkəzi, çimərlik istirahət sonası, ticarət, ictimai-iaşə və sosial obyektlərin tikintisi nəzərdə tutulur. Kompleksin tikintisinə indiyədək dörd milyon manat şəxsi investisiya qoyuluşu həyata keçirilmiş, cari mövsümdə bu rəqəm bir neçə dəfə artacaqdır. Gələcək planlarımızda Astara rayonunun coğrafi mövqeyindən və təbii ehtiyatlarından səmərəli istifadə etməklə bölgəyə daha çox turist cəlb etmək məqsədilə  kompleksin ərazisində müalicəvi əhəmiyyətli təbii İsti su hovuzu və Naftalan vannalarının quraşdırılması nəzərdə tutulmuşdur.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yerli sahibkarlara bu görüşdə fəal iştirak edərək səmərəli təkliflər verdiklərinə görə minnətdarlığını bildirmiş, rayonun iqtisadi inkişafında onlara uğurlar arzulamışdır. İcra başçısı burada qaldırılan hər bir təklifin ətraflı araşdırılacağını, qaldırılan məsələlərin icrası üçün müvafiq tədbirlər görüləcəyini, fermer təsərrüfatlarında işlərin gedişinə müntəzəm nəzarət ediləcəyini   və operativ şəkildə köməklik göstəriləcəyini sahibkarların diqqətinə çatdırmışdır. 

Keçidlər