Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin gənclərlə görüşü

01 fevral 2016 | 16:00

Fevralın 1-də Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin gənclərlə görüşü keçirilmişdir. Tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə açan icra başçısı 2 fevral Gənclər günü və Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə Astara gənclərini təbrik etmiş, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı yolunda onların hər birinə yeni-yeni uğurlar arzulamışdır. İcra başçısı qeyd etdi ki, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə  malik gənclərimizin  ölkəmizin tərəqqisi, dövlətçiliyimizin   möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar bizi hədsiz sevindirir, ürəyimizi fərəh hissi ilə doldurur. Vətənimizin azadlığı və müstəqilliyi,  torpaqlarımızın   erməni   işğalçılarından  müdafiə   edilməsi   uğrunda aparılan mübarizədə gənclərimizin ön  sırada  dayanması, ata  və  babalarımızın  qəhrəmanlıq   ənənələrinin davamına parlaq  nümunədir.  
“Gənclər günü” ilk dəfə iyirmi il bundan əvvəl, 1996-cı il fevralın 2-də Müstəqil  Azərbaycan  Respublikasının  banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən keçirilən Respublika Gənclərinin Birinci Forumunda təsis olunmuşdur. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə respublikamızda “Gənclər günü”nün təsis olunması dövlətimizin gənc  nəslə böyük  diqqət və qayğısının bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev bu ənənəyə sadiq qalaraq vaxtaşırı müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşür, gəncliyin problemləri ilə daha yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında  geniş fikir mübadiləsi aparır. Yanvarın 29-da möhtərəm Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə müasir dövrdə gənclərimizin qarşısında duran mühüm və şərəfli vəzifələr barədə ətraflı söhbət açmışdır. Müstəqilliyin ilk illərində respublikamıza rəhbərlik edən səriştəsiz kadrların fəaliyyətindəki ciddi nöqsanlar barədə məlumat verən ölkə başçısı qeyd edib ki, yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə inkişaf etməyə başlayıb. Biz hazırda Azərbaycanda güclü, özünə güvənən müstəqil dövlət qururuq. Son 20 il inkişaf və sabitlik dövrü olub. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq.
İcra başçısı respublikada müasir tipli  Olimpiya İdman komplekslərinin, gənclər evi, mədəniyyət və turizm obyektlərinin inşasına, mühüm idman və mədəniyyət tədbirlərinin ölkəmizdə  keçirilməsinə,  turizmin sürətli inkişafına xüsusi diqqət  yetirilməsində möhtərəm Prezidentimizin müstəsna rolunu qeyd etmişdir.  Ötən ilin yayında 50 Avropa ölkəsinin minlərlə idmançısının iştirak etdiyi, dünyada ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə təşkil olunması dediklərimizə əyani sübutdur. 2007-ci ilin ölkədə “Gənclər ili”, 2012-ci ilin “İdman ili” elan olunması gənclərə dövlət qayğısının bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qədim Atəşgah məbədindən Birinci Avropa Oyunları üçün götürdüyü alov məşəlinin 2015-ci il mayın 1-də  rayonumuza gətirilməsi, minlərlə astaralının müşayiəti ilə Bayraq Meydanından park-bulvara çatdırılaraq çırağın yandırılması sakinlərimizə unudulmaz anlar yaşadıb. Bu böyük idman yarışında Azərbaycan idmançıları uğurla çıxış edərək 56 medal qazanmaqla 50 iştirakçı ölkə arasında ikinci nəticə göstəriblər. Sevindirici haldır ki, bu mötəbər idman yarışında həmyerlimiz Cəbrayıl Həsənov da iştirak edərək bürünc medala layiq görülüb.
Möhtərəm  Prezidentimizin rayonumuza tarixi səfərlərində bir sıra sosial obyektlərlə yanaşı, müasir gəncliyin formalaşmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi, Gənclər evi, Olimpiya İdman Kompleksi və Astara Boks Mərkəzini gənclərimizə hədiyyə etməsi ən unudulmaz bir hadisə kimi yaddaşlarda qalıb. Bu diqqət və qayğıya cavab olaraq Astara gəncləri müstəqilliyimizin qorunması, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafı, idman nailiyyətlərinin artırılması üçün var qüvvələri ilə çalışır, ictimai-siyasi həyatda fəal iştirak edirlər. Bu gün Milli Ordu sıralarında nümunəvi xidmət edən astaralı gənclərin xoş sorağını eşidəndə qəlbimiz fərəhlə döyünür. Təhsilə və elmi biliklərə yiyələnməkdə, ölkəmizin idman şərəfinin qorunmasında rayonumuzun gəncləri böyük nümunə göstərirlər. 
Rayon Gənclər İdman İdarəsinin rəisi Ərçə Əliyev, Suparibağ kənd tam orta məktəbin müəllimi Kəmalə Nəsirova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin   III kurs əlaçı tələbəsi Günel Lətifzadə, Rayon Mərkəzi Kitabxananın kitabxanaçısı Aysel Əhmədova, Astara Pedaqoji Kollecin tələbə gənclər  təşkilatının sədri Elnur Əsgərov, Maşxan kənd tam orta məktəbinin müəllimi Rövşən Bağırov və başqaları çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Son dövrdə Astara rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və xiyabanların, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanmışdır. Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin daim gənclərlə görüşərək onların qayğı və problemləri ilə yaxından maraqlanması, hərbi lisey və məktəblərə daxil olan gənclərə maddi və mənəvi yardım göstərməsi, ali məktəblərdə təhsil alan tələbələrin problemlərinin həllinə köməklik göstərməsi gənclərin ruh yüksəkliyinə səbəb olmuşdur. Çıxış edənlər rayon gənclərinin fəallığının daha da artırılması, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak etməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması üçün konkret tədbirlərin görülməsi üçün təkliflər vermişlər.
Rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev rayonun ictimai siyasi həyatında fəal iştirak etdiklərinə görə Suparibağ kənd tam orta məktəbin müəllimi Kəmalə Nəsirovanı, gənc sahibkar Samir Mailovu, Astara Pedaqoji Kollecin II kurs tələbəsi Aygün Tağıyevanı, Astara Boks Mərkəzinin direktoru Tofiq Salmanovu, Astara şəhər 5 saylı tam orta məktəbin XI sinif şagirdi Dəniz Baxışzadəni fəxri fərmanla təltif etmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər