Astara rayonunda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 13 mart 2012-ci il tarixdə Astara rayonuna səfərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir
16 mart 2012-ci il tarixdə rayon İcra hakimiyyətinin akt zalında rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 13 mart 2012-ci il tarixdə Astara rayonuna səfərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Astara rayon İcra hakimiyyətinin başçısı cənab T.A.Qaraşov açaraq Möhtərəm cənab Prezidentin rayona sayca beşinci olan tarixi səfərinin təfərrüatı barədə iştirakçıları məlumatlandırmışdır. O qeyd etmişdir ki, cənab Prezidentin rayonumuz üçün mühüm əhəmiyyət kəsb edən Astara Olimpiya İdman Kompleksinin, əsaslı təmir edilərək yenidən qurulmuş mərkəzi xəstəxananın, Yeni Azərbaycan Partiyasının inzibati binasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə yolunun açılışını etməsi biz astaralılara ən gözəl bayram hədiyəsi oldu. Möhtərəm Prezidentin Astara və astaralılar haqqında dediyi ürək açan xoş sözlər bizi hədsiz sevindirir və rayonumuzun daha da inkişaf edərək çiçəklənməsi üçün səylə çalışmağa həvəsləndirir. Bir sevindirici xəbəri də nəzərinizə çatdıraraq bildirmək istəyirəm ki, Cənab Prezident rayonumuza yüksək diqqət və qayğının bariz nümunəsi olaraq daha bir tarixi sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Astara rayonunda bir sıra mühüm infrastruktur layihələrinin yerinə yetirilməsi, həmçinin ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşa edilməsi, yeni yolların çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi qeyd edilmişdir.
Abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılmışdır.
Cənab Prezident bu tarixi sərəncamı imzalamaqla Astarada görülən işlərə yüksək qiymət verdiyini və astaralılara olan böyük sevgisini bir daha nümayiş etdirmişdir.
Bu diqqət və qayğıya görə öz adımdan və bütün astaralılar adından Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm. Sizi əmin edirəm ki, ayrılmış bu vəsait hesabına rayonumuz daha da abadlaşacaq, Respublikamızın ən gözəl məkanlarından birinə çevriləcəkdir.
Müşavirədə rayon Təhsil şöbəsinin müdiri Qizbəs Məmmədova, Rayon Mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn, Rayon Gənclər İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi Rəfail Babayev çıxış edərək cənab Prezidentə bu diqqət və qayğıya görə minnətdarlıq etmiş, rayon icra hakimiyyəti başçısı ətrafında daha da sıx birləşərək cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasını yüksək səviyyədə təmin edəcəklərini qeyd etmişlər.
Sonda rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Astara rayon sakinlərinin
M Ü R A C İ Ə T İ
Möhtərəm cənab Prezident !
Biz, Astara rayonun sakinləri martın 13-də həyatımızın ən xoş və unudulmaz anlarını yaşadıq. Sizin Novruz bayramı ərəfəsində Astaraya növbəti səfəriniz bizim bayram sevincimizi ikiqat artırdı. Fəxr və qürur hissi duyduq ki, Siz yenə bizim Astarada oldunuz, bizimlə görüşdünüz, rayonumuz üçün çox vacib olan obyektlərin açılışında iştirak etdiniz. Bu, Sizin Astaraya beşinci səfəriniz idi. Hər gəlişiniz qəlbimizdə xoş və sevinc dolu duyğular oyatmışdır. Bu səfəriniz də Astarda mühüm dəyişikliklərlə yadda qaldı. Yeni obyektlərin açılışının şahidi olduq. Bu tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayaraq Sizin Astara və astaralılar haqqında dediyiniz ürək açan xoş sözlərə görə hədsiz sevinc hissi keçirir, verdiyiniz tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi qəbul edirik. “Mən dəfələrlə Astarada olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yeniliklər görəndə çox sevinirəm... Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir” kəlamınız astaralılara olan böyük məhəbbət və inamın ifadəsidir.
Möhtərəm cənab Prezident !
Siz rayonumuzda səfərdə olarkən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasının, Olimpiya İdman Kompleksinin, əsaslı təmir olunaraq yenidən qurulmuş rayon Mərkəzi xəstəxanasının, Kijəbə-Ojəkəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etdiniz, görüşlər keçirdiniz. Rayonumuz üçün mühüm əhəmiyyət kəsb edən bu obyektlər Novruz bayramı ərəfəsində biz astaralılara ən gözəl bayram hədiyyəsi oldu.
İndi Astarada idmanın inkişafı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması, kəndlərə rahat yollarla gediş-gəlişin təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Gənclərimiz, idmançılarımız yaradılan imkanlardan istifadə edərək sağlam həyat tərzi keçirəcək, yeni idman nailiyyətləri qazanacaq, insanlarımız müalicədən ötrü başqa yerlərə getməyərək rayonumuzda rahatlıqla, müasir səviyyədə müalicə alacaqlar.
Möhtərəm cənab Prezident !
Sizin Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyinizi bu il martın 15-də imzaladığınız Sərəncam bir daha aydın göstərdi. Rayonumuzda sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar 2,0 (iki) milyon manat vəsait ayırmağınız tikinti, yenidənqurma və abadlıq işlərinin aparılmasına geniş imkan yaradacaqdır. Sizin qayğınıza, tapşırıq və tövsiyələrinizə cavab olaraq rayonumuzun sosial-iqtisadi cəhətdən daha da inkişafı, Astaranın yeniləşməsi, müasirləşməsi, bundan sonra da abad və yaraşıqlı bir məkana çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əmin ola bilərsiniz ki, söylədiklərimiz reallıqda tam həllini tapacaqdır. Biz həmişə Sizin müdrik fəaliyyətinizi, apardığınız siyasəti dəstəkləyəcək, Sizinlə birlikdə olacağıq.
Möhtərəm cənab Prezident !
Rayonumuzun ağsaqqalları, ziyalıları, gəncləri və bütün sakinləri həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasətinizi ürəkdən bəyənir, regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramların icrasını Sizin hər bir rayonun, qəsəbənin və kəndin insanlarına olan ən yüksək qayğı və diqqətin nümunəsi kimi qiymətləndirirlər. Buna görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Sizi bir daha əmin edirik ki, müstəqil Azərbaycanımızın tərəqqisi naminə apardığınız bütün işlərdə ən yaxın köməkçiləriniz olacağıq. Sizə bu şərəfli, çətin və məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirik.
Allah köməyiniz olsun!
Müraciət 16 mart 2012-ci il tarixdə
Astara rayon İcra hakimiyyətində
keçirilən müşavirədə qəbul edilmişdir