Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan Astarada
Hindistan Respublikasının Azərbaycandakı səfiri Sancay Ranan cənub bölgəsinə səfəri çərçivəsində fevralın 9-da Astara rayonunda olmuşdur.
Astara rayon İcra hakimiyyətində hindistanlı diplomatla keçirilən görüşdə rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, Hindistanla Azərbaycanın təbiəti oxşarlığı hər iki ölkənin əməkdaşlıq əlaqələrini genişləndirir. Astarada Hindistan mədəniyyəti və incəsənətinə maraq böyükdür. Asiya-Avropa ölkələrini birləşdirən, Azərbaycanda reallaşan Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulamışlar. Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılmışdır.
Astara rayonunun nümayəndə heyətinin Hindistan Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astara şəhərinin qardaşlaşması ilə bağlı təklifi diplomat Sancay Ranan razılıqla qarşılamışdır.
Hindistanlı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, “Astaraçay” MMC-də olmuş və rayonun görməli yerləri ilə tanış olmuşdur.